Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:11

Evlər ucuzlaşır, alan da azalır


Ev bazarında ən ucuz mənzil neçəyədir?
Ev bazarında ən ucuz mənzil neçəyədir?
Bakıda mənzillər ucuzlaşıb. Bunu daşınmaz əmlak bazarını təhlil edən mütəxəssislər deyir. Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, paytaxtın Nəsimi və Nərimanov rayonlarında təklif olunan mənzillərin qiymətində 10 faiz azalma müşahidə olunub:

- Əsasən, təkrar mənzil bazarında və torpağın qiymətində azalma tendensiyası müşahidə olunur. Azalma tendensiyasının 3-4 ay da davam edəcəyi gözlənir.

Ancaq kənar rayonlarda bir o qədər də qiymət düşməsinin qeydə alınmadığını deyən Nüsrət İbrahimov bunun səbəbini belə izah edir:

- Həmin ərazilərdə boş sahələr var. Orda tikilən mənzillərin də maya dəyəri ucuz olur. Buna görə də əhali ora daha çox maraq göstərir.

Bəs ev bazarında ən ucuz mənzil neçəyədir?

Nüsrət İbrahimov deyir ki, Bakının mərkəzindən kənar ərazilərdə 40 min dollara bir otaqlı mənzil tapmaq olar. Ancaq orta hesabla bir otaqlı mənzil 60 min dollardır.

Görəsən, bu ucuzlaşma ev almaq istəyənlərin arzusunu çin eləyirmi? Üç-dörd ildir tikinti şirkətlərində çalışan Həsən Əsədov:

- Almaq imkanı yoxdur. Ucuzlaşmasına baxmayaraq, mümkün deyil. Hər şeyin qiyməti düşüb, ona görə ki, iş yeri yoxdur. Nə qədər ucuzlaşır, ucuzlaşsın. İş yerləri olmayandan sonra nəylə alacaqsan? Ondansa iş olardı, eybi yox, baha da olsa, almağa adamın pulu olardı.

Nüsrət İbrahimov da deyir ki, daşınmaz əmlak bazarında ucuzlaşma qeydə alınsa da, alıcılıq qabiliyyəti artmayıb. Əksinə, ötən illə müqayisədə təxminən 30 faiz azalıb.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saytında isə qeyd edilir ki, bu ilin ilk rübündə 23 mindən çox əmlakın qeydiyyatı aparılıb. Ötən ilin 9 ayında isə bu rəqəm 90 mindən çox olub.

Nüsrət İbrahimov hesab edir ki, qiymətlər hələ də real dəyərə qədər ucuzlaşmayıb. Onun fikrincə, alıcılıq qabiliyyətinin aşağı düşməsi qiymətlərə yenə də təsir göstərəcək. Ancaq çoxmərtəbəli bina tikintisiylə məşğul olanların bəziləri mənzillərin get-gedə daha da ucuzlaşacağını proqnozlaşdırmırlar.

Xırdalandakı tikinti şirkətlərinin birinin adının çəkilməsini istəməyən meneceri deyir ki, şəhərin mərkəzi rayonlarında mənzillərin bir kvadratmetri 1500 dollara qədər ucuzlaşa bilər. Ancaq mərkəzdən kənar rayonlarda bunu gözləmək çətindir.

Menecer deyir ki, tikinti materiallarının qiymətində, o cümlədən «yuxarılara» ödənilən məbləğlərdə bir elə də ucuzlaşma olmadığı üçün bazarda ən ucuz mənzil tapmağa imkan yaranmayacaq. Ancaq həmsöhbətimiz bir məqamı istisna etmir.

Menecerin fikrincə, tikinti şirkətləri banklardan aldıqları krediti qaytara bilməsələr, onların müflis olması sayəsində tikdikləri mənzillər ucuzlaşa bilər.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyi isə son araşdırmasında bildirib ki, ötən ay 202 şirkət bina tikirdisə, artıq onların sayı 189-a enib.
XS
SM
MD
LG