Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:43

Generalın qətlinin üstü niyə açılmır?


General - leytenant Rail Rzayev fevralın 11-də səhər saatlarında qətlə yetirilib
General - leytenant Rail Rzayev fevralın 11-də səhər saatlarında qətlə yetirilib
Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlindən artıq 2 ay yarım keçir. Ancaq generalın qətlinin üstü hələ də açılmayıb. Qatilin tapılmaması, cinayətin baş vermə motivlərinin üstünün açılmaması bir yana, üstəlik nə ortada istifadə edilən silahın adı var, nə də şübhəli şəxs qismində saxlanan bir kimsə.

Hərçənd son günlər bəzi qəzetlər yazır ki, generalın qətli ilə bağlı şübhəli şəxs qismində bir nəfər saxlanıb. Hətta həmin şəxs haqqında məhkəmənin hökmü ilə 3 aylıq həbs-qətimkan tədbirinin seçildiyi də iddia olunur. Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu qətllə bağlı hər hansı şübhəli bir şəxsin saxlanmasını təsdiqləmir:

«Bu barədə bizdə heç bir məlumat yoxdur. Baş verən cinayətin istintaqını aparan hüquq mühafizə orqanları zərurət yaranacağı təqdirdə istintaqın gedişi ilə bağlı ictimaiyyətə məlumat verəcək».

«Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov isə deyir ki, bu qətlin istintaqı ilə bağlı ictimaiyyətə məlumat vermək zərurəti çoxdan yaranıb. Onun fikrincə, sadəcə istintaq orqanlarının deməyə sözləri olmadığından susmağa üstünlük verirlər.

Ancaq bir müddət əvvəl Milli Təhlükəsizlik naziri Eldar Mahmudov müsahibələrinin birində demişdi ki, istintaq 4 versiya üzərində işləyir. Nazir versiyaların nədən ibarət olduğunu deməsə də, bəzi qəzetlər öz təxminlərini gündəmə gətirmişdilər. Qəzetlərin təxmininə görə, birinci versiya qətldə Rusiya xüsusi xidmət orqanlarının əlinin olmasıdır. Başqa 2 versiya isə silah alveri və generalın tikinti biznesi ilə izah edilirdi. Qəzetlərin irəli sürdüyü sonuncu versiyaya görə isə qətl ailə məişət zəminində baş verib.

«Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov isə artıq beşinci versiyadan bəhs edir:

«Mən hesab edirəm ki, general hakimiyyət daxili qrupların çəkişməsinin qurbanı oldu. Ola bilər burada silah məsələsi olsun, ola bilər başqa məsələ. Hər halda mən hesab edirəm ki, bu onun peşəkar fəaliyyəti ilə bağlı idi».

Üstəlik baş redaktor bu versiyadan danışarkən heç də xarici amil məsələsini istisna etmir. Əyyub Kərimov deyir ki, Azərbaycan hakimiyyətində Qərbpərəstlər də var, Rusiyapərəstlər də. Onun fikrincə bu qətili törədən bəzi daxili qüvvələr, xarici ölkələrin xüsusi xidmət orqanlarının köməyindən də bəhrələnə bilərlər.

Prezident İlham Əliyev isə Rail Rızayevin qətlindən sonra Təhlükəsizlik Şurasının təcili toplantısını çağıraraq bu hadisəni Azərbaycan dövlətçiliyinə qəsd kimi dəyərləndirdi. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov düşünür ki, əgər prezidentin əlində müəyyən əsaslar olmasaydı O, dövlətə xaricdən edilən qəsdə işarə vurmazdı:

«Ən yüksək səviyyədə verilən belə siyasi bəyanatdan sonra digər versiyaların ciddi şəkildə müzakirəsi mənim üçün təəccüblü olardı».

Yeri gəlmişkən bir müddət əvvəl bəzi qəzetlər iddia edirdilər ki, qətldə «Qlobus» adlı silah növündən istifadə edilib. Qəzetlərin yazdığına görə, həmin silah Rusiya xüsusi xidmət orqanlarının bəzi məxfi əməkdaşları üçün nəzərdə tutulur. Ancaq bu iddialar rəsmən təsdiq edilməyib.

Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər isə düşünür ki, bu qətlin istintaqı ilə bağlı bəzi qəzetlərin dəqiqləşdirilməmiş məlumatlar dərc etməsi heç də təsadüf deyil:

«Hakimiyyət bu qətllə bağlı cəmiyyətdəki narahatlığı anlayır və istəyir ki, istintaqın işlədiyi ilə bağlı cəmiyyətdə fikir formalaşdırılsın. Ona görə mətbuata ara-sıra belə məlumatlar sızdırılır. Mən inanmıram ki, istintaq bu qətllə bağlı hər hansı ciddi bir addım atıb».

Rauf Mirqədirov isə düşünür ki, belə dəqiqləşdirilməmiş məlumatların bilərəkdən yayılması ictimaiyyətin diqqətini ölkədə və onun ətrafında baş verən çox ciddi proseslərdən yayındırmağa da xidmət edə bilər. Hər halda o yada salır ki, jurnalist Elmar Hüseynovun qətlindən sonra da prezident çox kəskin siyasi bəyanat verərək, bunu gənc müstəqil ölkəyə ləkə adlandırmışdı. Sonra isə istintaq ya bilərəkdən, ya da istəmədən irəli getmədi.

Ancaq Azərbaycanda indiyə qədər açılmayan ağır qətllər bu iki cinayətlə məhdudlaşmır. İctimaiyyət arasında elə prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun, parlamentin keçmiş sədr müavini Afiyyətdin Cəlilovun, akademik Ziya Bünyadovun və ekstrasens Etibar Erkinin də istintaqının ədalətli aparıldığına şübhələr var.
XS
SM
MD
LG