Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:24

«Nabucco» yoxsa Cənub Axını?


«Nabucco» layihəsinin xəritəsi
«Nabucco» layihəsinin xəritəsi
«Nabucco» yoxsa Cənub Axını? Bu kəmərlərdən hansının birinci çəkiləcəyi bu günlərdə, həftələrdə bilinə bilər.

Aprelin 23-də Aşqabadda bir beynəlxalq enerji konfransı başlanıb, o birisi isə sabah Sofiyada başlanacaq.

Təhlilçilərin fikrincə, Avropanın enerji, xüsusilə qaz təchizatında Türkmənistan və Bolqarıstan konfranslarında böyük qərarlar verilə bilər.

İtaliyalı təhlilçi Federiko Bordonaro «Azadlıq» radiosuna deyir ki, Sofiyadakı konfransda iki əsas məsələ müzakirə oluna bilər:

«Bunlardan birincisi, Avropa Birliyinin müxtəlif qaz mənbələrinə müxtəlif yollarla çıxışıdır, bunlar da əsasən «Nabucco» və ona alternativ olan Cənub Axınıdır.

Cənub Axını kəməri ildə 31 milyard kub metr qaz verə bilər. Bu qaz ya Rusiya qazı olacaq, ya da Rusiyanın Azərbaycandan, Qazaxıstandan, Türkmənistandan aldığı qaz.

Cənub Axını Rusiyadan Avropaya Bolqarıstandan keçməklə gəlməlidir, Türkiyədən yan keçməklə.

Avropa liderlərinin çoxu «Nabucco» kəmərinə üstünlük verir. Bu kəmər də ildə 31 milyard kub metr qaz ötürməlidir. Qaz isə Azərbaycan və Mərkəzi Asiya qazı olmalıdır və bura İran qazının da qoşulması istisna olunmur. «Nabucco» Avropaya Qafqazdan və Türkiyədən keçməklə gəlməlidir.

Bordonaro deyir ki, Sofiya konfransı çoxdan davam edən bir mübahisəyə son qoya bilər - birinci hansı kəmər çəkilsin? «Nabucco» yoxsa Cənub Axını?

«Cənub axını»nın xəritəsi

Sofiya konfransında ikinci əsas məsələ isə Rusiyanın təklif etdiyi Avropanın yeni enerji xartiyasıdır. Bordonaronun fikrincə, bu, çox incə məsələdir və Avropa Birliyinin mövqeyini parçalaya bilər. Avropa Birliyində bəziləri Rusiya ilə böyük razılaşmaya getməyin tərəfdarıdır, bəziləri isə Rusiyaya qarşı sərt mövqeyin. Sonuncular düşünür ki, Avropanın öz enerji strategiyasında muxtariyyəti olmalıdır, Rusiyanı bura qatmamalıdır.

Aşqabadda keçirilən konfransda isə əsas müzakirə mövzusu Xəzər enerjisi, xüsusilə Türkmənistan qazı olmalıdır. Bu konfrans Türkmənistanla «Qazprom»un münasibətlərinin soyuqlaşması dövrünə təsadüf edib. Aprelin 9-da Türkmənistandan Rusiyaya gedən qaz kəməri partlayandan sonra Türkmənistan qaz sata bilmir.

Hazırda Rusiyanın «Qazprom» şirkəti Türkmənistanın demək olar ki, bütün qazını alır. Bu səbəbdən partlayışa görə məsuliyyəti Türkmənistan «Qazprom»un boynuna qoyur, «Qazprom» isə deyir ki, partlayış Türkmənistan ərazisində olub.

Türkmənistan aprelin 16-da Almaniya şirkəti RWE- ilə razılaşma imzalamaqla da, italiyalı təhlilçi Bordonaronun fikrincə, «Qazprom»a göstərmək istəyir ki, türkmən qazı Rusiya hökumətinin malı deyil. Bu razılaşmanın əhəmiyyəti haqda Bordonaro deyir:

«Bu, Trans-Xəzər kəmərinin mümkünlüyü ehtimalını yenidən canlandırır, «Nabucco» layihəsinin reallaşmasına şans yaradır».

Bu iki konfransın gəldiyi nəticələr öz əksini iki həftə sonra Praqada Avropa Birliyinin sədrliyi ilə enerji sammitində tapacaq. Həmin sammitdə Cənub Enerji dəhlizi əsas müzakirə mövzusu olacaq.
XS
SM
MD
LG