Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:06

Futbol Qarabağa qayıdır


Quzanlıdakı stadion
Quzanlıdakı stadion
- Köhnə futbolçulardanam, zarafatla desək. Əlbəttə, bu, mənim üçün bir tərəfdən çox məsuliyyətlidir, başqa tərəfdən də yenidən o azarkeşlər qarşısına çıxmaq sevindiricidir…

«Qarabağ» futbol klubunun kapitanı Aslan Kərimov yenidən Qarabağ torpağında azarkeş qarşısına çıxmağın sevincini yaşayır. Peşəkar Futbol Liqasının «Qarabağ» klubuna bundan sonrakı həm kubok, həm də premyer-liqadakı öz ev oyunlarını Ağdam rayonunun müvəqqəti mərkəzi - Quzanlıdakı stadionda keçirməyə icazə verməsinin onun üçün başqa anlamı var. Ağdam şəhəri işğal edildikdən sonra - yəni artıq 16 il idi ki, bu rayona məxsus «Qarabağ» klubu ev oyunlarını da Bakıda «İsmət Qayıbov» adına stadionda keçirmək məcburiyyətində qalmışdı. Aslan Kərimov indi «Qarabağ»ın yeganə futbolçusudur ki, bu klubun Ağdam şəhərində keçirilən sonuncu oyununda da meydanda olub. 1993-cü ilin mayın 12-də keçirilən həmin oyunu yaxşı xatırlayan Aslan Kərimov deyir ki, onda Tovuzun «Turan» klubunu 1:0 hesabı ilə məğlub ediblər.

«Qarabağ» klubu Quzanlıdakı ilk oynunu da elə mayın 3-də, bu dəfə isə paytaxtın «İnter» kulubuna qarşı keçirəcək.

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov düşünür ki, ev oyununu doğma meydanda keçirmək təkcə klub üçün yox, həm də azarkeşlər üçün əhəmiyyətlidir:

- Həmişə orda azarkeşlər gözəl futbolun şahidi olublar. Biz yenə onlara həmin hissləri yaşatmaq istəyirik. Baxmayaraq ki, Qarabağ başı bəlalı yerdir, torpaqlarımızın 20 faizi işğal altındadır, biz köçkünləri, qarabağlıları sevindirmək istəyirik.

Hələ premyer-liqa başlamazdan öncə «Qarabağ» klubu öz ev oyunlarını Quzanlıda keçirmək üçün Peşəkar Futbol Liqasına müraciət etmişdi. Liqanın prezidenti Ramin Musayev deyir ki, o vaxt Quzanlıdakı stadionda bəzi problemlər olduğundan orada oyunların keçirilməsinə razılıq verə bilməmişdilər.

R.Musayev bildirir ki, həmin problemlərin aradan qaldırılması ilə bağlı Ağdam rayon İcra Hakimiyyətindən məktub alıblar. Üstəlik, onların mütəxəssisləri Quzanlıya gedib oradakı stadionla tanış olduqdan sonra «Qarabağ» klubunun istəyini gerçəkləşdirmək qərarını veriblər.

R.Musayev deyir ki, ilk əvvəl «İnter» klubu Quzanlıya getməyə tərəddüd etsə də, artıq bu problem də yoluna qoyulub. Bəs görəsən, «Qarabağ» klubu UEFA bayrağı altında keçirilən beynəlxalq kubok yarışlarında da ev oyunlarını Quzanlıda keçirməyə hazırdırmı? R.Musayev indilikdə bunu mümkün saymır:

- UEFA bayrağı altında klub oyun keçirirsə, gərək stadion UEFA standartlarına cavab verməlidir. Orada otellər olmalıdır. Həm qonaq klub üçün, həm onun azarkeşlərinin yerləşməsi üçün…

Hələ ki, ağdamlı azarkeşlər yerli futbolçuların oyunlarını canlı izləmək imkanı əldə edəcəklər. Ağdamlı azarkeşlərdən İlham deyir ki, bunun özünün sevinci hədsizdir:

- Bu, insanları səfərbər edir. Sabaha ümidi artırır. Bu gün futbol qayıdırsa, sabah incəsənət qayıtmalıdır. Biz istərdik ki, «Xarı bülbül» festivalı da Quzanlıda keçirilsin.

İlham əmindir ki, bundan sonra Quzanlıdakı stadionda və ətraf yaşayış məskənlərində bir canlanma olacaq. Bu, Ağdam rayonunun özündə uşaqların futbola həvəsini artıracaq.

Ancaq Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev düşünür ki, ağdamlı azarkeşlərin daha çox sevinməyə haqqı var:

- Mənim azarkeşlərə sözüm odur ki, gün o gün olsun Quzanlıda yox, Ağdam şəhərinin özündə futbol oynayaq.
XS
SM
MD
LG