Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:00

İlham Əliyev: «Azərbaycan sülh danışıqlarına hazırdır, amma indiki vəziyyətlə də barışa bilməz»


İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər nazirlərinin 33-cü sessiyası, Bakı, 19 iyun 2006
İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər nazirlərinin 33-cü sessiyası, Bakı, 19 iyun 2006

«Azərbaycan Ermənistanla sülh danışıqlarına hazırdır, amma indiki vəziyyətlə də barışa bilməz». Prezident İlham Əliyev iyunun 19-da İslam Konfransı Təşkilatları (İKT) ölkələrinin Bakıda keçirilən 33-cü konfransının açılışında belə bildirdi. Cənab Əliyev deyir ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə görə, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərini qeyd-şərtsiz azad etməlidir. Ancaq bu qətnamələrin icra edilmədiyinə diqqət çəkən prezident bildirir ki, hazırda BMT-də gedən islahatların ən əsası bu təşkilatın qərarlarının icrasını təmin etmək olmalıdır: «Qərar qəbul olunursa, o icra edilməlidir. Qərarı icra etməyən ölkəyə müəyyən təsir mexanizmləri yaradılmalıdır».


İlham Əliyev Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edən qərarlara görə, İKT-a təşəkkürünü bildirdi. Prezident həmçinin bəzi ölkələrdə islamı terrorla eyniləşdirmək cəhdləri olduğunu dedi: «Azərbaycan özü terrorun qurbanıdır. Bizə qarşı erməni terror təşkilatları 30-dan çox terror aktı törədib, 2 mindən artıq azərbaycanlı həlak olub, ancaq biz həmin terror təşkilatlarını hər hansı dinə bağlamırıq».


İKT-nın Bakı konfransı üç gün davam edəcək. Toplantıda təşkilata üzv olan 57 ölkənin 52-nin, eləcə də quruma daxil olmayan 11 ölkənin müşahidəçi qismində nümayəndələrinin iştirakı ilə Məhəmməd Peyğəmbərin karikaturasının dərcinə görə yaranmış qalmaqal, ümumilikdə islamofobiya məsələsi, regiondakı münaqişələr, həmçinin Dağlıq Qarabağ problemi də müzakirə olunacaq. Yekunda İKT-nin Bakı Bəyannaməsi qəbul olunacaq.


İyunun 19-da konfransın ilk günündə İKT-nin 10 illik fəaliyyət proqramı təqdim olundu. Çıxış edənlər yaxın Şərq problemi, İranın nüvə proqramı ətrafında yaranan problem, Somalidəki vəziyyət və digər məsələlərdən danışdılar.


İKT ölkələri Xarici İşlər nazirlərinin 33-cü sessiyasında sədrlik Yəməndən Azərbaycana keçdi. Növbəti sessiyaya kimi quruma Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov rəhbərlik edəcək.


Fasilədən sonra konfrans jurnalistlərin iştirakı olmadan davam etdirildi.


İKT 1969-cu ilin sentyabrında Rabatda (Mərakeş) müsəlman ölkələri hökumət və dövlət başçılarının konfransında yaradılıb.


Hazırda bu təşkilatın 57 üzvü var.


2005-ci ilin dekabrında Məkkədə İKT-nın üçüncü növbədənkənar zirvə görüşü keçirilib. Həmin görüşdə təşkilatın onillik fəaliyyət planı qəbul olunub.
XS
SM
MD
LG