Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:45

Rusiya seçkilərində siyasi idealizm


Tatarıstanda seçkilər
Tatarıstanda seçkilər
Aprelin 27-də «Vaşinqton Post» qəzeti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş bələdiyyə seçkilərində rast gəlinmiş maraqlı siyasi fenomen barədə geniş reportaj dərc edib. Hakim Vahid Rusiya partiyasının Sankt-Peterburqun Morskoy qəsəbəsinin bələdiyyə şurasına namizədlərindən biri, 23 yaşlı Anton Çumaçenko seçki komissiyası onun qələbəsini elan edən kimi bəyan edib ki, seçkilər saxtalaşdırılıb və əslində o qalib gəlməyib.

Rusiyanın hakim partiyasını və yerli seçki administrasiyasını pis duruma salan Anton Çumaçenko bildirib ki, «mənə belə qələbə lazım deyil». Qəzet yazır ki, şəhərin yerli sakinlərinə ünvanladığı müraciətdə Anton Çumaçenko yazır: «Mən öz siyasi karyerama hüquqların, qanunların və əxlaqın arsız şəkildə lağa qoyulması ilə başlamaq istəmirəm».

Qəzet yazır ki, Rusiyanın əyri seçki sistemini heç bir müxalifətçinin ifşa edə bilmədiyi kimi ifşa edən Çumaçenko Rusiya iqtidarını çətin vəziyyətə salıb. Seçki komissiyası rəsmisi Aleksey Qromov əvvəlcə inanmayıb ki, komissiyaya göndərilən məlum müraciəti Çumaçenko özü imzalayıb və bəyan edib ki, ola bilsin Çumaçenkonun imzasını saxtalaşdırıblar. Sonradan prokurorluq orqanları fakt üzrə araşdırma aparmalı olub və Vahid Rusiya partiyasının rəsmi sözçüsü xüsusi bəyanat verməli olub. Hakim partiyanın rəsmisi öz bəyanatında Çumaçenkonun hərəkətini «emosional», amma «alicənab» hərəkət adlandırıb.

Qəzet yazır ki, yerli bələdiyyə şurasına keçirilən seçkilər ötən dəfəkilərə nisbətən daha aktiv şəraitdə keçib və seçicilərin təqribən 35 %-i seçkilərdə iştirak edib (ötən ilki seçkilərdə bu rəqəm 10 % idi). Ən çox səs toplayan beş namizəd qələbə qazanmış olurdu. Axşam seçki protokollarına baxan Çumaçenko hesablayıb görür ki, uduzub. İlk dörd yeri hakim Vahid Rusiya partiyasının namizədləri qazanıb, beşinci yeri isə müxalif Yabloko partiyasının yerli lideri Boris Vişnevski qazanıb. O özü isə altıncı yeri qazanıb.

Səhərisi gün seçki komissiyası rəsmi nəticələri elan edəndə məlum olub ki, gözlənilmədən Çumaçenkonun səslərinin üstünə 80 səs əlavə olunub və o, Vişnevskidən 2 səs artıq qazanaraq yerli bələdiyyə şurasına keçib. Əvvəl bunun sadəcə olaraq bir tipoqrafiya səhvi olduğunu düşünən Çumaçenko sonradan əmin olur ki, seçki komissiyası doğrudan da onu qalib elan edib.

Qəzet yazır ki, Çumaçenko bu xəbərdən sonra üzləşdiyi əxlaqi dilemmanı həll etmək üçün qalib partiyadaşları ilə məsləhətləşib və qələbədən rəsmən imtina edib.

Anton Çumaçenkonu təsvir edən «Vaşinqton Post» yazır ki, yerli hotellərdən birinin orta səviyyəli menecerlərindən biri olan 23 yaşlı Anton Vahid Rusiya partiyası üçün bel bağlanılası bir adamdır. 2006-cı ildə Çumaçenko qatı iqtidarpərəst Gənc Qvardiya gənclər təşkilatına üzv olur və həmin ildən də Vahid Rusiya partiyasının üzvü olur.

Öz siyasi seçimini isə Çumaçenko belə izah edir: «Mən bilirəm ki, bu partiya mənə dəyişiklik etmək üçün güc və imkan verə biləcək yeganə partiyadır. Əgər başqa partiya üçün işləsəydim, fəaliyyət ancaq sözlərdən ibarət olacaqdı. Amma mən hesab edirəm ki, tənqid etməkdənsə, nəsə etmək daha yaxşıdır».

Qəzet yazır ki, bəziləri Çumaçenkonun hərəkətini hesablanmış piar aksiyası sayır, amma çoxları da belə düşünür ki, motivin nə olmasından asılı olmayaraq Çumaçenkonun hərəkəti vacib əhəmiyyət daşıyır.

Hazırda Çumaçenko məhkəməyə müraciət edərək tələb edir ki, onun rəsmi elan olunmuş qələbəsi ilə əldə etdiyi bələdiyyə üzvlüyü yerini müxalif namizəd Boris Vişnevskiyə transfer etsinlər. Çumaçenko qalib gəlmədiyini sübut edən faktları da məhkəməyə təqdim edib. Prokurorluq orqanları isə seçki komissiyasındakı səsvermə bülletenlərini təhqiq etməli olub. Lakin yerli seçki rəsmiləri artıq bəyan ediblər ki, su borularının partlaması nəticəsində sular axıb bülletenləri yararsız hala salıb. Qəzet yazır ki, Çumaçenko bu məsələni belə şərh edib: «Çox ağıllı su borularımız var. Bilirlər ki, haraya su axıtmaq lazımdır».
XS
SM
MD
LG