Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:56

Özəl universitetlər təhsil haqqını necə müəyyən edir?


Azərbaycan Universitetinin rektoru Səlahəddin Xəlilov: «Kim təhsil haqqını nə qədər istəsə artıra bilər»
Azərbaycan Universitetinin rektoru Səlahəddin Xəlilov: «Kim təhsil haqqını nə qədər istəsə artıra bilər»

Təhsil Nazirliyinin rəsmisi bildirir ki, təhsil vermək əvəzinə cib doldurmaq yolunu tutan ali məktəblər attestasiyadan keçə bilməyəcək


İndi özəl ali məktəblərdə illik təhsil haqları fərqlidir: orta hesabla 500-2000 dollar arasındadır. Özəl universitetlərin təhsil haqqının müəyyən olunması prinsipləri ilə bağlı öz arqumentləri var. Azərbaycan Universitetinin rektoru Səlahəddin Xəlilov deyir ki, universitetə neçə tələbə qəbul olunmasından, həmin tələbələrə dərs deyəcək müəllimlərə nə qədər maaş verilməsindən tutmuş ali məktəbin yeni avadanlıqlarla təchiz olunması, kitabxananın zənginləşdirilməsi, hətta gələcək planlar, məsələn yeni tədris binalarının tikilməsinə qədər bütün xərclər nəzərə alınır və sonra adambaşına düşən təhsil haqqı müəyyən edilir. Cənab Xəlilov deyir ki, bu səbəbdən təhsil haqqının artmasına irad tutulması yersizdir: «Bazar iqtisadiyyatı şəraitində təhsil haqqının dövlət tərəfindən tənzimlənməsi, yuxarı qiymət həddi müəyyən etmək cəhdi absurddur. Kim təhsil haqqını nə qədər istəsə artıra bilər – təki həmin pula uyğun nüfuzu olsun, ona uyğun təhsil verə bilsin. «Təhsil haqqını artırmasınlar» yanaşması yanlışdır. Təhsil haqqı yüksəkdirsə, qoy abituriyent qərar versin ki, həmin ali məktəbi seçir, ya seçmir. Bahadırsa, ucuz ali məktəb seçsin, yaxud yüksək bal toplayıb dövlətin ali məktəbinə daxil olsun».


Səlahəddin Xəlilov deyir ki, dünyada illik təhsil haqqı 30-40 min dollar olan ali məktəblər də var və Azərbaycandakı özəl ali məktəblər inkişaf etdikcə onlarda da təhsil haqqı artacaq.


Amma Təhsil Nazirliyinin icra aparatının rəhbəri İlham Pirməmmədov deyir ki, onlar bazar iqtisadiyyatının qanunlarına qarşı çıxmasalar da, bəzi özəl ali məktəblərin təhsil haqqını hansı prinsiplərlə artırmasını araşdırmaq niyyətindədirlər. İlham Pirməmmədovun sözlərinə görə, indi onlar ali məktəblərin attestasiyasını aparırlar və hər bir ali məktəbdə təhsil haqqının nəyə sərf olunduğunu öyrənirlər: «Ali məktəb rəhbərliyindən toplanan təhsil haqqının nəyə xərcləndiyini soruşuruq. Öyrənməyə çalışırıq ki, məsələn filan ixtisas üzrə tələbədən aldığın 1500 dollar təhsil haqqı nəyə xərclənir, maddi-texniki bazanı genişləndirməyə sərf etmisənsə göstər, xaricdən müəllim cəlb etmisənsə, göstər… Yoxsa quruca dörd divar arasında tədris təşkil edənlərin birisi bir təhsil haqqı müəyyən edir, digəri başqa bir təhsil haqqı».


İlham Pirməmmədov deyir ki, attestasiya ümumilikdə 17 kateqoriya üzrə ali məktəbin təhsil standartlarına cavab verib-vermədiyini müəyyənləşdirməyə imkan yaradır, o cümlədən tələbələrin bilik səviyyəsi yoxlanır. Nazirlik rəsmisinin sözlərinə görə, təhsil vermək əvəzinə cib doldurmaq yolunu tutanların ali məktəbləri belə attestasiyadan keçə bilməyəcək və bunun nəticəsində onların reytinqi aşağı düşəcək, həmin ali məktəblərə tələbə qəbulu dayanacaq.


Keçmiş təhsil naziri Firidun Cəlilov isə deyir ki, dövlət ali məktəblərin işini inzibati üsullarla yox, azad bazar prinsipləriylə tənzimləməyə çalışmalıdır. Onun fikrincə, özəl təhsil müəssisələrinə tam sərbəstlik verilməlidir ki onlar arasında rəqabət yaransın, inkişaf getsin və təhsil haqları rəqabət şəraitində formalaşsın:


«Özəl ali məktəblərə nə qədər tələbə qəbul olunacağını dövlət müəyyən edir. Halbuki bu məsələ özəl ali məktəblərin özünə həvalə edilməlidir. Əgər hansısa ali məktəbin 300 tələbə qəbul etməyə imkanı varsa, dövlət isə bundan az limit müəyyən edirsə, onda bu həmin ali məktəbin işinə mənfi təsir edir, onlar da bunun əvəzində təhsil haqqını artırmağa məcbur olurlar».


Ekspertlər təhsil haqlarındakı bahalaşmanı həm də inflyasiya ilə əlaqələndirirlər. Rəsmi statistikaya görə, keçən il inflyasiyanın səviyyəsi 10 faizə yaxın olub.



Hələliksə təhsil haqqı dövlətin tənzimlədiyi qiymətlər sırasına daxil olmadığı üçün bu məsələyə Tarif Şurasında baxılması mümkün deyil. Təhsil haqqını müəyyən etmək tam şəkildə ali məktəblərin öz səlahiyyətindədir.


XS
SM
MD
LG