Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:23

Ərdəbil həbsxanasında ağır qrip epidemiyası yayılıb


Həbsdən azad edilənlər Ərdəbilin inqilab məhkəməsinə aparılır
Həbsdən azad edilənlər Ərdəbilin inqilab məhkəməsinə aparılır

Ərdəbil həbsxanasının Azərbaycan fəallarının saxlandığı hissədə ağır qrip virusunun geniş yayıldığı bildirilir. Bu yaxınlarda azad edilən 12 fəaldan başqa hazırda Ərdəbil həbsxanasında 15 nəfərin saxlanıldığı məlumdur. Onların hamısının isə ağır qripə yoluxduğu bildirilir. Son vaxtlar həmin həbsxanadan azad edilənlərin dediyinə görə onlara dərman çatdırılmır və məhbusların həkimlə görüşünə mane yaradılır.


Ərdəbil həbsxanasının siyasi məhbusları arasında yeniyetmə yaşında Həsən Balazadə adlı orta məktəb şagirdi də var. Onun yaşının az olmasına baxmayaraq başqa məhbuslarla bir yerdə və eyni şəraitdə saxlanılır. Qripə yoluxan 15 yaşlı Həsən Balazadənin ağrılar və zəiflikdən hərəkət edə bilmədiyi bildirilir.


Ərdəbil həbsxanasındakı tanınmış Azərbaycan fəalı, yazıçı və şair Abbas Lisani isə aclıq və susuzluq aksiyasına davam etdirməkdədir. Uzun müddətdən sonra onunla görüşə bilən ailə üzvlərinin dediyinə görə Lisani Ərdəbil həbsxanasının xəstəxanasında saxlanılır və səhhəti olduqca ağırdır. Yazıçı ailəsinin israrına baxmayaraq bildirib ki, ədalət yerinə yetirilməyincə su belə içməyəcək.


Ərdəbil həbsxanasının başqa bir siyasi məhbusu Həyat Hüseynpur infarkt keçirdikdən sonra əlil olub. Səhhətinin ağır durumda olmasına baxmayaraq, onu xəstəxanaya yerləşdirməyiblər.


Bu və ötən həftə ərzində Ərdəbil şəhərinin fəallarının dəfələrlə sorğu-suala çəkildiyi, təhlükəsizlik idarələrində döyüldüyü və işgəncələrə məruz qaldığı xəbər verilir. O cümlədən həbsdən zaminə buraxılan 12 fəalın bir neçəsi yenidən Ərdəbilin inqilab məhkəməsinə aparılıb. Onların siyahısında Rəhim Qulami, Əli Babai, Rəhim Xudadadi, Məzahir Mali və Əsgər Əkbərzadənin adı qeyd olunub.


XS
SM
MD
LG