Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:49

Seyid Əbülqasim Nəbati. Qoşmalar


Susuyubdur genə kimin qanına,
Xumar-xumar baxar hara gözlərin?
Nola bir də dolanaydım başına,
Qurbanı olaydım qara gözlərin!

Müqəvvəs qaşların etginən kaman,
Çəkginən müjgandan tiri-cansitan,
Bu xəstə canımı qılginən nişan,
Qoy etsin köksümü para gözlərin.

Sənubər qamətin, ey sərvi-rəftar,
Şümşadü ər’əri etdi şərmsar,
Nə yalqız etmisən məni xarü zar,
Çoxları gətirib zara gözlərin.

Arizin dövründə zülfi-müşginab,
Qoymaz şəfəq salsın qürsi-afitab,
Hökm qıl götürsün sayəsin səhab,
Bu dərdə eyləsin çara gözlərin.

Üzün şə’şəəsi, ey şəm’i-Çəkil,
Xurşidi-xavəri etdi münfəil.
Belə ki, eşq odu oldu müştəil,
Çəkdirə həqq məni dara gözlərin.

Xədəngi-xunrizin, ey şirin mənzər,
Xosrovu təxtindən etdi dərbədər.
Həlqə edib əldə zülfi müənbər,
Nə sehr oxur genə mara gözlərin?

Təzə gültək açılısan səhərdən,
Müzəyyən olusan lə’lü gühərdən,
Yaxşı saldın Nəbatini nəzərdən,
Əcəb mail olmuş xara gözlərin!


* * *


Saqi, nə yatmısan, dur ayağə, dur,
Qoyma qəza qalsın həngami-tərəb.
Xurşidi-xavəri bürci-Hutdən
Seyr üçün Həməli etdi müntəxəb.

Hər gün öz yarını çəkib ağuşa,
Bülbüllər məst olub gəlib xüruşa,
Yatma, yatma, ayıl, sən də gəl huşa,
Götür piyaləni, doldur ləbaləb.

Dolandır başına cami-gülgunu,
Sədayə çulqaşdır dəştü hamunu.
Gətir yada Fərhad ilə Məcnunu,
Nalə çək, degilən əl’əfvüllaləb.

Durma ki, dünyanın yox e’tibarı,
Qənimət bilginən beş gün baharı.
Özünə həmdəm qıl bir gül’üzarı,
Bir çəmən küncündə hər ruz ta şəb.

Meydani-eşq içrə səyirtdim atı,
Müsəxxər eylədim Rumü Heratı.
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız haşimi, əslimiz ərəb.


* * *


Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?

Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
Lə’li-ləbin əmim, sorum dilini,
Istər ölü canə gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,
Izzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?


* * *


Şeyda bülbül, fəğan etmə, qəm yemə,
Bu gün, sabah gül açılır, yaz olur.
Əziz saxla, qənimət bil vücudun,
Vəfası yox gülün, ömrü az olur.

Deginən Fərhada, ey möhnətpişə,
Şirindən incimə, çal daşa tişə.
Aşiq mə’şuq arasında həmişə
Işvə olur, qəmzə olur, naz olur.

Gedər, candan çıxar daği-həsrətin,
Artar gündən-günə şanü şövkətin,
Sübhi-vəslə yetər şami-firqətin,
Diləyin, mətləbin hamı saz olur.

Xədəmələr durar sağü solunda,
Cəvahir bazubənd iki qodunda,
Fəvvarələr işlər daim gölunda,
Yaşıl başlı ördək olur, qaz olur.

Nəbati, sevmişəm bir dilsitanı,
Bir sözü gülşəkər, qönçə dəhanı,
Daha faş eyləmə sirri-nihanı,
Aşiqin könlündə yüz min raz olur.


* * *


Allah, Allah, bu dilbəri-simbər
Hansı bəxtəvərin cananəsidir?
Dağıtdı başımdan əqlü huşumu,
Bu necə dəryanın dürdanəsidir?

Hər kim görsə camalını aşikar,
Ixtiyarı gedib olur biqərar,
Görəsənmi, yarəb, hansı dilfikar,
Bu şəm’i-rüxsarın pərvanəsidir?

Özü şirin, sözü şəhdü şəkərriz,
Işvəsi dilrüba, qəmzəsi xunriz,
Yanağı bərgi-gül, zülfü dilaviz,
Dəhanı mirvari xəzinəsidir.

Xəcil etmiş üzü şəmsi-xavəri,
Hilal edib qaşı bədri-ənvəri,
Nə yalqız eyləmiş məni-sərsəri,
Çoxlar Məcnun kimi divanəsidir.

Yolum düşsə xərabati-xərabə,
Deyərəm ərzimi cami-şərabə.
Nəbatiyə neylər bu bir qürabə,
Yeddi dərya onun peymanəsidir.


* * *


Genə gözüm düşdü bir məhcəmalə,
Ağ üzündə qara müşkin xalı var.
Həlqə-həlqə olub zülfi-müşkini,
Lovhəşəllah, əcəb qəddi-dalı var!

Yanaqları lalə, gözlər badami,
Bağrımı qan etdi lə’li-gülfami,
Nə oldular, yarəb, Xosrovi-nami,
Xosrovü Şirinin min məqalı var.

De gəlsin saqiyə, qursun büsatı,
Mürəttəb eyləsin bəzmi-nişatı,
Tez olun, yandırın şəm’i-simatı,
Döşəyin məclisə hər nə qalı var.

Səfheyi-rüxsarı bədri-münəvvər,
Döşənib üstünə zülfi-müənbər,
Dişlərin mirvari, dəhanı şəkkər,
Ləblərinin əcəb dadlı balı var.

Gəzəsən aləmi cümlə sərtapa,
Tapılmaz bir belə sərvi-dilara.
Dəyməz bir muyinə, həqq bilir, haşa,
Hər nə bu dünyanın mülkü, malı var.

Yəhərləyin görüm əsbi-gülguni,
Bivəfa görürəm çərxi-gərduni,
Bir dəxi seyr edim tərfi-hamuni,
Divanə könlümün yüz məlalı var.

Mən dedim bəs Xançobani cavandı,
Bir igid oğlandı, bəbri-jəyandı,
Demə ki, qocalıb, qəddi kəmandı,
Indi gördüm saqqalının çalı var.


* * *


Genə mövcə gəlib dəryayi-çeşmim,
Bir-birə toxunub ümmanə döndü.
Zövrəqi-cismimi verdi qərqabə,
Təlatüm eyləyib tufanə döndü.

Ümidim çox idi yetəm dildarə,
Deyəm ərzi-halım o nazlı yarə,
Əcəl fərmanından dönmək nə çarə,
Yetmədim, ümidim hirmanə döndü.

Nə faidə keçən günü saymaqdan,
Ölüm yeydir yarsız diri qalmaqdan,
Nə iş bitər bica külüng çalmaqdan,
Mey tükəndi dəxi, peymanə döndü.

Heç igid düşməsin yarından cüda,
Mənim tək qalmasın zarü binəva.
Bəs ki, gecə-gündüz dedim: ya xuda,
Ciyərim od tutub büryanə döndü.

Nəbati, nalə qıl, getdi dildarın,
Sovuldu güllərin, soldu gülzarın,
Nə durmusan, nədir bu intizarın,
Dur köç eylə, vəslin hicranə döndü?!


* * *


Genə Leyli, Leyli çıxmış seyranə,
Aşiqin axtarır dilində Məcnun.
Yanında bir neçə işvəli qızlar,
Gəzir çöldən-çölə, hamun bəhamun.

Hər zaman oturur bir bulaq üstə,
Qabağında şərab, məzəsi püstə,
Gül tək əldə tutub, göz dikib dosta,
Günüzlü badədən sağəri-məşhun.

Dərər, dəstə bağlar yaxşı gülləri,
Dodaq altdan gülər şirin dilləri,
Əfşan eylər hərdəm üzə telləri,
Heyran-heyran baxar didəsi pürxun.

Gahi rəqsə gəlib oynar məstanə,
Gahi cuşə gəlib olur divanə,
Gahi bülbül kimi gəlir əfğanə,
Ağlar, ağlar, oxur əbyati-mövzun.

Nəbati, əbsəm ol, sığın mövlayə,
Qul olub əbəsə düşmə səhrayə,
Qəvvas tək qutə vur bir bu dəryayə,
Cəhd qıl tapasan bir dürri-məknun.


* * *


Səba, bu ərzimi yetir səyyadə,
Söylə, bağışlasın xudayə məni.
Taqətim kəsilib künci-qəfəsdə,
Mürəxxəs eyləsin bir ayə məni.

Əgərçi bilirəm çoxdur günahım,
Dəxi ondan özgə yoxdur pənahım,
Deginən: ümidim vardır ki, şahım
Əfv etsin ayeyi-vəfayə məni.

Gecələr sübhədək işim nalədir,
Ağlamaqdan gözüm qan piyalədir,
Canım bütün qara dağlı lalədir,
Yetirsin Zəmzəmi-səfayə məni.

Məlamət çəkməkdən yetişdim canə,
Əridi ürəyim, döndü al qanə,
Səba, ərzim budur şahi-cahanə,
Dəxi çox salmasın sədayə məni.

Nəbati, Məcnun tək gahi ağladın,
Uşaqlar yığıb dəstə bağladın,
Gahi qələndər tək özün dağladın,
Axır ki, gətirdin hərayə məni.


* * *


Sevdiyim, gözlərin aldı canımı,
Yağı qəmzələrin qanımı tökər,
Düşsə hər kim, dəxi çıxmaz torundan,
Görüm bu zülfdür ya ki, müşki-tər?

Başına örtübdür tirmeyi-abi,
Qaşları başlayıb nazü itabi,
Aman, saqi, gətir ol meyi-nabi,
Bu cəlladın qılıncından əlhəzər!

Xəcil etdi üzün güli-əhməri,
Oda yaxdı zülfün müşkü ənbəri,
Şərməndə eylədi lə’lü gövhəri,
Görüm bu qönçədir, ya tüng-şəkkər?

Bu necə nərgizdir, bu necə gözdür?
Bu necə lalədir, bu necə üzdür?
Bu necə şəkərdir, bu necə sözdür?
Nə belə lə’l olur, nə belə gövhər.

Nəbati, gül gəldi, açıldı lalə,
Çəkginən bülbül tək gülşəndə nalə,
Sənə qurban, saqi, dur, ver piyalə,
Salginən canıma meydən bir şərər.


* * *


Bülbül kimi gül üzünə müştaqəm,
Tuti quşu dilli sənəm, ey sənəm,
Al-əlvan yanaqlı, nərgiz baxışlı,
Bənəfşə tək iyli, sənəm, ey sənəm.

Hər kim görsə səni olur divanə,
Düşər Məcnun kimi dağa məstanə,
Qurbanı olduğum yetişdi canə,
Qara həbəş xallı, sənəm, ey sənəm.

Ləbi qönçə, dişi dürri-müsəffa,
Məməsi şəmamə, buxağı alma,
Dəhanı gülşəkər, zülfü dilara,
Cibi, qoynu hilli, sənəm, ey sənəm.

Qəmzən oxu od vurubdur canıma,
Cəllad gözün susuyubdur qanıma,
Başına döndüyüm, gəl bir yanıma,
Sərxoş, incə belli sənəm, ey sənəm.

Nəbatinin yetir baği-vüsalə,
Nahaq qan eyləmə, batma vəbalə,
Eşqin məni döndəribdir hilalə,
Adı, sanı bəlli, sənəm, ey sənəm!


* * *


Genə bahar oldu, açıldı güllər,
Bülbül naləsindən tutulur qulaq.
Gül gülə sarmaşıb, çiçək çiçəyə,
Lalə cami-Cəmdən gətirib soraq.

Səbzü xürrəm olub dəştü kuhsar,
Dəm vurar cənnətdən tərfi-cuybar,
Əyaq götür, saqi, durma intizar,
Məni bir cam ilə eylə tərdəmağ.

Aləmdə xeyri şər nə olsa hadis,
Hökmi-yəzdan olur o əmrə bais.
Demə, zahid, meyə “ümmülxəbais”
Sən anlayammasan, yeri hay ulağ!

Cəfayə üz qoydu çərxi-bivəfa!
Dərdi-hicrə məni etdi mübtəla,
Doğru söz, müxtəsər, mən bəxti-qəra
Bir dəm yarə yetib tapmadım fərağ.

Demə Nəbatinin yoxdu dəvamı,
Cövrümə tab etməz, çəkməz cəfamı,
Şahid olsun aləm cümlə, təmamı,
Nə qədər istərsən çək sinəmə dağ!


* * *


Səba, bu məhcuru bir şad eylə sən,
Yetir bu peyğamı cananə məndən:
Niyə bu məcnunu etmiş fəramuş,
Nədən ötrü olub biganə məndən?

Yetişcək yanına o sərvinazın,
Başına bir dolan o şahbazın,
Ondan sonra söylə razü niyazın,
Yalvara-yalvara o xanə məndən.

Öp əllərin, ondan düş ayağına,
Pərvanə tək fırlan solu-sağına,
Bülbül kimi sarmaş gül budağına,
Ərz qıl icz ilə sultanə məndən.

Dərdi-hicrin tökdü bərgü barımı,
Xəzanə döndərdi növbaharımı,
Ondan söyləginən hali-zarımı,
O qaşı yay, gözü məstanə məndən.

Qulaq ver, eyləsə hər nə dürəfşan,
O püstə dil-dodaq, o şəkkər dəhan,
Gətir Nəbatiyə ondan bir nişan,
Dürüst yetişginən fərmanə məndən.


* * *


Genə Isgəndər tək düşdüm zülmatə,
Qabağımı kəsib yuz min bəhrü bər.
Igidliyin, mürüvvətin çağıdır,
Yetiş fəryadıma, ey Xizri-rəhbər!

Tülu’ etməz nədən “şəmsi-vəzzüha”?!
Fənayə baş çəksin “leylətüddüca”,
Yoxsa yatıb məgər nəsimi-səba,
Məşamıma yetməz nəfxeyi-səhər?

Üzümə bir su səp, ey əşgi-gülgun,
Qoyma yatsın qafil biçarə Məcnun,
Itirmiş Fərhadın kuhi-Bisütun,
Şirin-Şirin səslər, tapmaz bir əsər.

Yara qurban deyən dili lal etdim,
Möhr edib ağzımı, tərki-qal etdim,
Əlif tək qəddimi bükdüm, dal etdim,
Indi görək bu kəmanı kim əyər?

Nəbati, minginən Rəxşi-hümməti,
Seyr elə sərbəsər dəşti-vəhdəti,
Qoyma çıxsın əldən vəqti-fürsəti,
Heyifsən, dünyadan getmə bixəbər!


* * *


Məni Məcnun edən yari-pərivəş,
Taqətim kəsildi, yetişdim canə.
Bir yol öldür məni, çevir başına,
Bircə rəhmin gəlsin bu natəvanə.

Qurban olum sənin gül yanağına,
Ala gözlərinə, dil-dodağına,
Istərəm dolanım solu-sağına,
Necə kim, dolanır şəm’ə pərvanə.

im oldu mənim tək bəxti vajgun,
Gözü qanlı yaşlı, halı digərgun?
Hanı, nə oldular Fərhadü Məcnun,
Gələydilər fəryadımdan əmanə?

Mən öləndə məni qoymun məzarə,
Odun yığın, vurun ona şərarə,
Məni atın, siz çəkilin kənarə,
Qoyun şö’lələnsin, çəksin zəbanə.

Aşiq olan xovf eləməz bəladən,
Inciməz yar edən cövrü cəfadən,
Nəbati, əl çəkə kimdir vəfadən?
Qoymuşam başımı mən bu meydanə!


* * *


Gün yetdi zəvalə, döndü axşamə,
Yandı pərvanənin çırağı genə.
Deginən saqiyə düşsün dövranə,
Gərdişə gətirsin əyağı genə.

Nə müddətdir xəbərim yox o qızdan,
Neçə ildir ayaq çəkibdir bizdən,
Bu saətdə onu istərəm sizdən,
Görün harda gəlir sorağı genə.

Cəlladi-cansitan susuyub qanə,
Xədəngi-zərnişan qoyub kəmanə,
Əlində cami-mey gəldi məstanə,
Qanımı tökməyə o yağı genə.

Məni görcək üzə tutdun niqabı,
Bəhanə eylədin şərmü hicabı.
Səndə yoxdur məgər vəfa kitabı,
Gözümdən açmısan bulağı genə.

Demədim, sirrini demə əğyarə,
Səni məndən cüda qılar, nə çarə,
Indi ki, hicr odu çəkdi şərarə,
Qoyma sən gülşənə o zağı genə.

Eşqindən əridim, döndüm hilalə,
Günüm başa gəldi, yetdim zəvalə,
Bir nəzər qıl, gör düşmüşəm nə halə.
Haçana din gəzim bu dağı genə!

Nəbati, nalədən əsər olmadı,
Gördüyün işıqdan şərər olmadı,
Bu şəcərdən sənə səmər olmadı,
Dur, bir də gəzginən bu bağı genə.
XS
SM
MD
LG