Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:46

28 Aprel mütləq olmalıydı?!


Məmməd Süleymanov
«28 Aprel 28 Maydan və hər ikisi noyabrdan (1917-ci il) sonra gəldi».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Aprel niyə Maydan sonra gəldi?» mövzusunda açdığı növbəti müzakirəyə qatılan yazıçı-jurnalist Məmməd Süleymanov söylədi.

Onun fikrincə, noyabr olmasaydı, 28 May da, 28 Aprel də olmayacaqdı. «Tam məntiqi hadisələrdir».

NECƏ OLDU Kİ, 28 MAY OLDU?


Məmməd Süleymanov düşünür ki, burada hadisələri post-faktum qiymətləndirəndə, iki məqama diqqət vermək lazımdır. «Birincisi, necə oldu ki, 28 May oldu, ikincisi, 28 Aprel olmasaydı, nə olacaqdı?».

Onun fikrincə, Birinci Dünya müharibəsinin sonuna kimi Qafqazda müstəqillik ideyası daşıyan partiya yox idi. «Muxtariyyət ideyası daşıyan partiyalar var idi-- Gürcüstanda menşeviklər, sosial-federalistlər, milli demokratlar, Azərbaycanda isə Müsavat. Onlar əvvəlcə Qafqaz komissarlığını yaratdılar. Sonra Seymə seçki keçirdilər. Seym isə Qafqaz Demokratik Federativ Respublikasının yarandığını car çəkdi. Bu respublika özünü Rusiyadan kənar elan etdi».

BU RESPUBLİKA NİYƏ DAĞILDI?

M. Süleymanovun fikrincə, adıçəkilən Respublika dağılmaya bilməzdi və bunun nəticəsi kimi, Azərbaycan özünü demokratik respublika elan etməyə bilməzdi. «Çünki o vaxt Rusiya hərbi hissələri Brest-Litovsk müqaviləsinə əsasən, Türkiyədən çəkilməyə məcbur olanda, Türkiyə-Ermənistan müharibəsində Türkiyə irəlilədi və Qafqazdakı Demokratik Federativ Respublika türklərlə danışığa getməyə məcbur oldu. Trabzonda təşkil olunan danışıqlardan türklər imtina etdilər. Səbəb—Türkiyə yalnız müstəqil dövlətlərlə danışığa gedə bilərdi».

Kirov və Orjonokidze Bakı dəmiryol vağzalında, 28 aprel 1920
ODLA SU ARASINDA...

Məmməd Süleymanov bu üzdən Seymin odla su arasında qaldığını vurğuladı. «Ya silahlı müqavimət üçün ordu toplanmalı, ya da subyektlərin hər biri müstəqilliyini elan etməliydi. Ordu toplamaq alınmadı. Almaniya türklərə Qafqazın işlərinə qarışmaq icazəsi verdi. Türklər fevralda Tiflisin 20 km-də idilər. Belə olanda, RSFSR nota verib Almaniyadan türklərə təsir etməyi tələb etdi. Türklərlə almanlar Konstantinopolda gizli saziş imzaladılar. Bu sazişə görə, Gürcüstan və Ermənistan Almaniyanın, Azərbaycan isə Türkiyənin maraq dairəsinə daxil olurdu».

GÜRCÜSTANIN AĞA AXTARIŞI...

11 mayda Batumda Türkiyə ilə Federativ Respublika arasında danışıqlar başladığını deyən M. Süleymanov ən qəribə hadisələrin 14 mayda baş verdiyinə diqqət çəkdi.

«Gürcüstan Milli Şurası Almaniyaya müraciət etdi ki, ölkəni protektoratlığa qəbul etsinlər. Menşeviklərin başçısı Jordaniya müraciət etdi. Bu da onunla nəticələndi ki, mayın 26-da Gürcüstan Federativ Respublikadan çıxdı və müstəqilliyini elan etdi. Orada dünənə kimi xalqları bir-birini qıran iki respublika qaldı—Azərbaycan və Ermənistan. Onlar da müstəqilliklərini elan etməyə məcbur qaldılar».

BÖYÜK TARİXİ HADİSƏ

M. Süleymanov bütün bunları xatırlatmaqla burada başqa alternativin olmadığını diqqətə çatdırmaq istədiyini bildirdi. Amma Azərbaycan Demokratik Respublikasının yaranmasını «böyük tarixi hadisə» adlandırdı. «Ən azı ona görə ki, bu, Azərbaycan dövlətçiliyidir və Azərbaycan, azərbaycanlı sözünü gündəliyə gətirdi».

TARİX TƏKRARLANMIR

Firdovsiyə Əhmədova
Müzakirədə iştirak edən tarixçi-alim Firdovsiyə Əhmədovanın fikrincə, baş verən hər bir akt özündən əvvəlkilərdən çıxış edərək tamamlanır. «Amma hadisələrin necə cərəyan edəcəyinə mütləq birmənalı resept yazmaq olmaz. Hadisələr başqa cür də cərəyan edə bilərdi. Amma tarix təkrarlanmır və geriyə qayıdış yoxdur».

BƏS NİYƏ 28 APREL BAŞ VERDİ?

F. Əhmədova düşünür ki, Rusiyanın Bolşevik hökuməti ərzaq, xammal, strateji yollara malik ucqarların köməyi olmadan uzun müddət yaşaya bilməzdi. «Bu, faktdır ki, Yer üzünün 1/6 hissəsini əhatə edən keçmiş Rusiya imperiyasının ərazisini bərpa etməklə Mərkəzi Sovet hakimiyyəti duruş gətirə bildi. Bunun üçün ən böyük amil Qafqaza yiyələnmək idi. Qafqazda möhkəmlənən hökmranlıq da edəcəkdi. Dediyimiz akt məhz bu baxımdan baş tutdu».

Firdovsiyə xanım Sovet tarixşünaslığında bu aktın bizə aşılanan yetişmiş tarixi zərurətdən doğan inqilab kimi qələmə verildiyinin əleyhinədir. «Təbii ki, bu, belə deyil. Amma bütün hallarda bu, baş verəcəkdi. Çünki Rusiya üçün Bakı, Qafqaz, Xəzər hövzəsi olduqca lazımlı bir bölgə idi».

-- F.Əhmədova Türkiyənin ancaq müstəqil dövlətlə danışığa getməsi məsələsinin arxasında hansı əsasın durduğunu vurğuladı?
-- Zaqafqaziya Seymi hansı şərtlərlə barışmırdı? Tərəddüdlər nəyi dəyişdirdi?
-- Seymdəki Müsəlman fraksiyası nəyin tərəfində idi?
--Tarixçi alim Bakı neftinə sahib olmaq üçün yaranan beynəlxalq rəqabət meydanından nələr danışdı?
--Azərbaycan Milli Şurasının verəcəyi qərardan ermənilər və gürcülər niyə ehtiyatlanırdılar?
--Məmməd Süleymanov niyə o dövrdə «Bakı, Azərbaycan açıq qapıya çevrilmişdi» --dedi?
--Niyə «28 Aprel olmasaydı, daha pis variantlar ola bilərdi» deyə israr etdi?
--Azərbaycanın rus qoşunlarına verilməsində Türkiyənin rolundan nələr danışdı? Niyə tarixçiləri bu haqda danışmamaqda suçladı?
--Bolşeviklərin 48 saata Bakını almasında kimi ittiham etdi?
--O vaxt Lenin Türkiyəyə niyə qızılla, pulla kömək edirdi?
--Məmməd bəy: «Azərbaycan kimə güvənə bilərdi» sualını özü necə cavabladı?
--Niyə Aprel inqilabını «bütün variantlardan daha normal olanı, daha yaxşısı» adlandırdı ?...
--Aparıcının: «Daha pis nə ola bilərdi?» sualına nə cavab verdi?
--Sovet hökumətini indi ilə müqayisə edib hansı nəticəyə gəldi? Nəyi «qazanc» adlandırdı?
--Niyə «bir ölkə göstərin ki, o dövrdə Azərbaycan hökumətinə qahmar çıxsın» dedi?


Ən yaxşısı, 91 il öncəki qara tariximizə müəyyən işıq tutan bu söhbəti özünüz dinləyin.

XS
SM
MD
LG