Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:00

Müğənnilərin YAP sevgisi


Müğənni Nazim Məmmədov. Foto: Eylence.az
Müğənni Nazim Məmmədov. Foto: Eylence.az
Bu günlərdə bir neçə gənc müğənni Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub. Partiyanın vəsiqəsi onlara Naftalandakı istirahət mərkəzində təqdim edilib. Yeni üzvlərə vəsiqələri YAP-ın icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Məlahət İbrahimqızı təqdim edib.

Partiyanın icra katibi Əli Əhmədov deyib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti Yeni Azərbaycan Partiyasına olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlılığını vurğulayıb.

ÇOXDANIN YAP-ÇISI

Müğənni Nazim Məmmədov AzadlıqRadiosuna müsahibəsində deyib ki, o, YAP-ın vəsiqəsini bu günlərdə alsa da özünü əqidə etibarı ilə çoxdan YAP-çı hesab edir.
«Mən Heydər Əliyevlə beş dəfə görüşmüşəm, onların qayğısını həmişə hiss eləmişəm. Eyni zamanda ölkədə baş verən inkişaf prosesi məni qane elədiyinə görə qərara aldım ki, Yeni Azərbaycan Partiyasının üzvü olum».

Nazim Məmmədov deyir ki, onun üçün elə bir fərqi yoxdur, o Müsavat partiyasının da üzv ola bilər. Amma bu günlərdə televiziyada aksiyalarla bağlı reportaja baxanda Pənah Hüseynlinin «Azadlıq» şüarları səsləndirməsi onu bir qədər düşünməyə vadar edib.

«GECƏ SAAT 3-5, ÜRƏYİMİZ İSTƏYƏN YERDƏ RESTORANLARDA ƏYLƏŞİRİK, HEÇ BİR BASQI HİSS ETMİRİK»


«Mitinq gedirdi Pənah Hüseynli «Azadlıq», «Azadlıq» qışqırırdı, sadəcə başa düşmədim Pənah Hüseynlini tutublar, yoxsa o hansısa çərçivənin içərisindədir. Nəyə azadlıq istəyirdi, onu başa düşə bilmədim. Bəlkə cavanam, indi ağsaqqallardan, evdəkilərdən soruşacam görüm Pənah Hüseynov niyə azadlıq istəyirdi. Azadlıq var axı, azadlığa nə olub ki? Gecə saat 3-5, ürəyimiz istəyən yerdə restoranlarda əyləşirik, heç bir basqı hiss eləmirik. Elə azadlıq var deyə mən YAP-ı seçdim».

Müğənni Nazim Məmmədov. Foto: Eylence.az
«BUNLAR NƏYƏ GÖRƏ İSTEFA İSTƏYİRLƏR?»


Müğənni soruşur ki, azadlıq olmayan ölkədə mətbuat istədiyi hər şeydən necə yaza bilər?

Üstəlik deməsinə görə, aksiyalarda müxalifətin «istefa» şüarları səsləndirməsinin səbəbi ona aydın deyil.

«Bunlar nəyə görə istefa istəyirlər? Yəni özləri hər şeyi qızıldan quracaqlar, yoxsa nefti açıb buraxacaqlar camaatın həyətinə. Mənə bununla bağlı kimsə qarantiya versin, mən gedim İsa Qəmbərə səs verim. Bu mümkün deyil. Çünki Heydər Əliyev siyasətçi kimi doğulub dünyaya gəlib, prezident də onun oğludur. Ot kökü üstündə bitər»

Müğənni qohumbazlığa, yerlibazlığa da haqq qazandırıb.

«ƏMİM OĞLUNU GÖTÜRƏCƏM DƏ»

«Bu bir faktordur, kim lider gəlirsə, elə mən misal üçün hansısa kolxoza sədr gedirəm, yanıma məni istəyən adamı, əmim oğlunu götürəcəm də. Burda nə var ki?»

«PƏNAH HÜSEYNİN ƏTRAFINDA 7-8 MİLYON ADAM TOPLAŞSA, BƏLKƏ ONDA İNQİLAB OLAR»

Ərəb ölkələrindəki inqilabların Azərbaycanda təkrarlanma ehtimallarına gəlincə müğənni deyir ki, bu bir halda baş verə bilər.

«Pənah Hüseyn çox deyir «azadlıq», «azadlıq». Bəlkə onun ətrafında 7-8 milyon adam toplaşsa inqilab olar, niyə olmur ki...»

2011-ci ilin yanvarında YAP-ın İdarə Heyətinin iclasında verilən məlumata görə, partiyanın 527 min üzvü var.

BU DEMOKRATİK DÜNYANIN ÇOXDAN İMTİNA ETDİYİ BİR HALDIR

Müğənni Flora Kərimova isə deyir ki, əgər incəsənət adamı hakim partiyaya karyera dalınca deyil, vətəndaşlıq mövqeyi baxımından gedirsə bu heç də pis deyil.

Ekspert Azər Rəşidoğlu isə hesab edir ki, bu proses demokratik dünyanın çoxdan imtina etdiyi bir haldır. Ekspertə görə, bu ölkədə sou-biznesdə də uğur qazanmağın yolu siyasətdən keçir.
XS
SM
MD
LG