Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:40

Məhsəti Gəncəvi. Rübailər (X.Yusiflinin tərcüməsində)


Sərxoşlara gül saçmağa yellər gəldi,
Dildarına mey süzməyə dilbər gəldi.
Öldürməyə gəlmişdir o göz hüşyarı,
Xar etməyə əttarı o ənbər gəldi.

Qəm görmüşə hər gün yeni bir qəm yetişər,
Dərd ilə yanan qəlbə dava kəm yetişər.
Aşiqləri öldürməyə çox meyl etmə,
Bir gün sənə də bəla, ey sənəm, yetişər.

Görsən məni bir söylə nədən dinmirsən?
Qan tökməyə təşnədir gözün, dönmürsən.
Çərxinmi cəfasıdır çatılmış qaşlar,
Cəlladmısan, insanlığa öyrənmisən?

Sən söylədin, ey gözəl: “Üzüm bir cənnət,
Yurdun, yuvan ondan tapacaq min ziynət”.
Düzdürmü sənin sözün, yalandır yoxsa,
Dillənməyə könlündə kimin var cürət?

Güllər gül üzündən lap əcəb qaldı xəcil,
Ağzın dadını gördü, rütəb qaldı xəcil.
Könlündə ədəbsizlik əgər varsa, çəkin,
Etsən də ədəbsizlik, ədəb qaldı xəcil.

Düşmənlərimə həmişə sən dəm tutdun,
Gəldin mənə naz eylədin, üz turşutdun.
Göy pərdəsi ardında oyunlar vardır,
Nazınla məni yetər, yetər, qorxutdun.

Ərlər yıxan ağ boynuna bir xal qonmuş,
Boynunda o, bir tilsim imiş, əfsunmuş,
Zənn etmə nişandır o gül əndamında,
Boynunda qalan ürək qanımdır, donmuş.

Bir busə üçün, – dedim, – ləbim mehmandır.
Bir busəm üçün, – dedi, – baha bir candır.
Ağlım gələrək vurdu mənim böyrümdən,
Yəni, – dedi, – al, bu müftə mal hardandır?

Zülfümlə gərək tutum səni zəncirdə,
Axtarmayım axşamkı kimi hər yerdə.
Məst olmadan əvvəl söz açım dərdimdən,
Məst oldu deyib gülmə mənə sən bir də.

Axşam məni tutdu yenə sərxoş dildar,
Göz vurdu, bacarsan, yenə bir qaç, qurtar.
Dindim: “Gecədir, tutma əlimdən, gen dur,
Birdən bizi bu halda görərlər, zinhar”.

Məst idi yenə sübh dünən bülbül də,
Gəlmişdi tutub müjdə üçün can əldə.
Söylərdi əsən yellərə: “De, Tanrı üçün,
Güldən nə soraq var gör obada, eldə”.

Ta açdı sənin naməni yorğun bəndən,
Öpdü nə qədər xəttini məftun bəndən.
Vədinlə sənin könlü, gözü şad oldu,
Göz dikdi gələn yollara vurğun bəndən.

Yer verməz ürək gözdə sənə, xar olasan,
Qəlbində də qoymaz ki, gülüm, zar olasan.
Canımda sənə yer verərəm ancaq mən,
Son dəmdə gəlib, bəlkə, mənə yar olasan.

Qəlbin dediyilə nə qədər xar oldun,
Bir zalıma sən gör nə giriftar oldun.
Anlarsan ürək, eşq nə divan tutmuş,
Bir gün yuxudan onda ki bidar oldun.

Bir cismimə bax: içində qəlbim viran!
Bir canıma bax: düşübdür oddan tufan!
Bir bax gözümə, bir gül üzün eşqindən
Yaşlar süzülür hər zaman ümman-ümman.

Bir cüt gözün ilə nə qədər qan etdin,
Zülfünlə nə çox qəlbi, de, viran etdin!
Allah özü qoy qəlbinə insaf versin,
Bəlkə, yazıq aşiqlərə dərman etdin.

Hüsnün ayı heç özündən artıq saymaz,
Bir kimsəyə əfsunla da heç vaxt uymaz.
Bir xətt çəkib dövrəsinə, ta ordan
Bir damcı da qan qaçmağa imkan qoymaz.

Xəttin çıxarıb bənövşələr tər güldən,
Xətt çəkmiş aya, könlü nə istər güldən?
Daim gecədən sübh doğardı, ancaq
Doğmuş gecə sübhündən – o dilbər güldən.

Gözdən yaş axıtma, bu işə sən yad ol,
Qoy qəmləri mən çəkim, sevin, sən şad ol.
Məşuqəyə olmaz ağlamaq, yaş tökmək,
Tərk et bunu biçarə mənə, azad ol.

Hicrinlə yetər, səbrimi, ey gül, qırma!
Zulmünlə yetər, əhdini gəl sındırma!
Dəymirsə də naməm yazasan bircə cavab,
Barı oxu, odlarda məni yandırma.

Bağlarda gülüzlər görərək sərv, yaman
Naz ilə deyirdi öz boyundan dastan.
Bir söz dedi qəddindən ona sübh yeli.
Qarşında sənin səcdəyə durdu asan.

Zülfün necə eylər üzünə naz, gör bir,
Qorxum var olum paxıllığımdan kafir.
Mən bəndəsi ollam o yelin, ağ üzdən
Qaldırmağa görsün saçını bir tədbir.

Axşam yenə tutdum o yarı mən birdən,
Yüz-yüz öpüş aldım o xurma ləblərdən.
Yar istədi söysün məni, hər busəmlə
Ağzındaca qırdım söyüşü dərhal mən.

İncitmə, – dedim, – yarımı, ey qızdırma!
Allahı gör, insaf elə, get tez, durma.
Qızdırma dedi: “Əsmə ona məndən çox,
Səndən çox ona mən yanıram, üz vurma”.

Ta düşdü bu cür ortaya hicran, könlüm,
Qorxum var, ola can evi viran, könlüm.
Gen düşməmisən sən ki yanından yarın,
Üzr istə mənim dilimcə ondan, könlüm.

Dərdinlə qəmin könlümə olmuş qismət,
Arzunla ürək göynədi həsrət-həsrət.
Nuruyla üzün qəlb evimə şam tutdu,
Andım ləbini, tapdı könül min ziynət.

Etdim dəvə üstündə yaman ah-əfğan!
Səpdim dəvənin yollarına dürr, mərcan.
Karvan su içib boşaldılan hər quyunu
Doldurdum o dəm mən gözümün yaşından.

Dersən: iki yaqut dodağım şəkkər, bal,
Bir busə dilərsən, canını göndər al.
Can tapsam əgər, allam onu yüz borca,
Bir busəyə verrəm iki yüz can dərhal.

Bir bax, o bənövşəlik nə xoşdur, dilkəş!
Çöllərdə tutub sanki kükürd od, atəş.
Qəmlər çəkən insan tək əyilmiş qəddi,
Yar ətri kimi ətri gözəldir, məhvəş.

Bir göz ki baxıb yollarına həsrətlə,
Qoyma kor olar ağlayaraq möhnətlə.
Bir xəstə könül ki səni, ancaq səni sevmiş,
Zülfündə əsirdir, onu tut hörmətlə.

Qəmdən nə qədər silsin ürək üzdən qan,
Bir vəslinə etsin nə qədər can qurban,
Rəhm eylə ki, can yağmır axı göylərdən,
Əfv eylə, ürək göyərməyir torpaqdan.

Olmaz bu qədər ağıllı heç bir insan,
Mehrin, qılığın etdi məni lap heyran.
Şad olmuşam, ey yar, bu gecə vəslindən
Qorxum budur ancaq gələ birdən hicran.

Sözlə məni qəmdən o gün azad etdin,
Vədinlə dünən qəlbimi çox şad etdin.
Çıxmışsa o gün söylədiyin fikrindən,
Bəlkə dediyin vədini bir yad etdin?!

Qəlbim sənə bağlandı, nahaq etdim mən,
Eşqin yox imiş, qəlbimi incitdim mən.
Çəkdim qəmini, qeyrlə sən şad oldun,
Allah sənə sən tək verə yar, getdim mən.

Sevgin, demərəm, könüldə peyda olsun,
Əksin gözümə, istəmə, şeyda olsun.
Könlümdə, gözumdə olmasın sevgin qoy,
Yurdun nə cəhənnəm, nə də dərya olsun.

Dərdinlə sənin hər gecə bir qəm gördüm,
Ağlar gözümü həsrət ilə nəm gördüm.
Nərgis gözün aldatdı, yuxum qeyb oldu,
Ömrümdə şirin bir yuxu mən kəm gördüm.

Qurdu suyun ahıyla fələk çardağı,
Tonqal qaladı canda qəmin yığnağı.
Yellər kimi daim gəzirəm dünyanı,
Hardandı görüm vücudumun torpağı.

Hər kimsə ki eşq ilə yanan olmuşdur,
Axşamları səccadəsi qan olmuşdur.
Aləm bilir, eşqin çadırı dünyadə
Göydən də uzaqda dayanan olmuşdur.

Hardan gecə bilsin çəkir aşiq nə sitəm,
Bilsin nə bəlalar çəkir o taleyi kəm.
İnsanlar onu məhv eləyər sirr açsa,
Gizlətsə, onu məhv eləyər mütləq qəm.

Qəlbim kimə eşqindən əgər söz söylər,
Başlar sözu, hicran qəmini yüz söylər.
Baxsan yenə naz ilə, gülər qəm vurmuş.
Var ol, məni güldürmüsən, ey göz, söylər.

Eşqinlə yanan qəlbimə saldın odlar,
Baxdın suda öz hüsnünə təkrar-təkrar.
Gördün saçını, bəxtiməmi oxşatdın,
Atdın o qara zülfü yerə, ey dildar.

Çəkdim necə qəm, gör ki, sənin hicrindən,
Bir dost olub ağladı mənə hər düşmən.
Etdim o qədər nalə sənin eşqinlə,
Yandı halıma bütün gecə şam qəlbən.

Səndən nə doyar, nə dönnəm asanlıqla,
Öldürsən əgər, nə dinnəm asanlıqla.
Nə özgəni yad eyləyərəm xoşluqla,
Bir qeyri nə də bəyənnəm asanlıqla.

Bir söylə, nə olmuş o əhd, peymanlar,
Əhd etməyə cəhd eylədiyin dövranlar.
Mən bir günah etməmiş nədən bal sözlər,
Dönmüş zəhər olmuşdur, adam peşmanlar.

Könlüm hanı dərdimdən açım mən söhbət,
Qəmdən deməyə canımda yoxdur taqət.
Fikrimdən əgər keçsə də məktub yazmaq,
Yoxdur buna qəlbimdə mənim güc, qüdrət.

Zülm ilə alıb qəlbimi yarım candan,
Qaytarsa da, almaram qaçıb mən ondan.
Məhşərdə ürəksizcə durub qoy yerdən,
Olsun bu, bəhanə, yapışım canandan.

Mən ki bu qədər ağlaram aşkar-pünhan,
Zənn eyləmə qorxutdu məni tək bir can.
Gəldin, gözümə sudan lətif görsəndin,
Ağlatdı bu halın məni nalan-nalan.

Dərdin o buluddur gətirər qəm, həsrət,
Dərdin o budaqdır bitirər yüz möhnət.
Neylim bu zülmkar, bu inadkar bəxti,
Dərdin mənə zülm ilə edibdir qismət.

Arxında suyun axmasa da bəndənlə,
İnsanlığı tərk eyləmərəm mən sənlə.
Sordun ki, nə etmişəm sənə, aç söylə,
Artıq nə deyim, neyləmədin sən mənlə.

Baxma yerə, torpaq, su görər, ey dilbər,
Baxma göyə, gün salar nəzər, ey dilbər.
Görsə, ölərəm, inan ki, mən qeyrətdən
Bir kəs səni röyadə əgər, ey dilbər.

Dərdin o buluddur ki, tökər gözdən qan,
Dərdin o zəhərdir ki, ona yox dərman.
Hər ləhzədə min qəlbi yıxar dərd ilə,
Dərdin nə ürək qoyar, nə də sağlam can.

Yaşlar axıdar qəmli üzümdən dərdin,
Zülm etmədə qalmazdır özündən dərdin,
Yansam da mən odlarda sənin dərdindən,
Qəmdən yanaram, getsə gözümdən dərdin.

Yoxdursa bu qəmlərdə mənə bir yan ol,
Ey göz, daha qan ağla, könül sən qan ol.
Eşqin qəmini sən ki təzə çəkmirsən,
Könlüm, nə deyim eşqə necə qurban ol.

Hiyləylə tutub əllərimi bağlarsan,
Zülfünlə də bütpərəstə gün ağlarsan.
Nərgizlərinə sübh buyursan hərgah,
Hüşyarı tutub məst deyə saxlarsan.

Göydə ayı nur saçdı, üzün sındırdı,
Sərvin belini sərv qamətin qırdı.
Mən canımı almışdım ürək qanımla,
Getdi sənə qurban, məni bu yandırdı.

Bilmir niyə könlüm necə dildar oldum,
Könlüm nə çəkir, gör necə ağlar oldum.
Qəh! Qəh! Nə yatırsan gecələr asudə!
Bəh! Bəh! Gecəmə gör necə bidar oldum.

Mişkindir üzün, saçınsa qandan əlvan,
Amma ki bilirsənmi necə, ey canan,
Üz mişkdir, amma ki hələ nafədədir,
Çıxmışsa da nafədən, olub zülfün qan.

Səs saldı bütün aləmə bu qəm, möhnət,
Tuş gəlmədi vəslin mənə, qaldım həsrət.
Zülmündən olub qəmim mənim həddən çox,
Dözdüm necə bu qəmlərə heyrət, heyrət!

Düşmüş bu gecə bəxtimə təklik, hicran,
Könlümdə qalar sabah bu qəmdən tufan.
Buymuş payın, ey gözüm, yetər qan ağla,
Odlarda yan, ey könül, bu olmuş fərman.

Gülgündür üzün, bənzər ona tər güllər,
Bənzər sənə qamətdə də sərv, ey dilbər.
Bülbül soruşur səsində qəmlər güldən:
“Aləmdə gülə varmı görən tay, bənzər?”

Eşqinlə sənin can oda yaxsan, azdır,
Göz yaşı olub üz boyu axsan, azdır.
Zülfündə daraqlar kimi gəzmək xoşdur,
Saçlarda itib zülfünə baxsan, azdır.

Görsə üzünü huri xəcalətdə qalar,
Göylər günəşi nuru üzündən pay alar.
Hər dəm üzümüz gül üzünə həsrətdir,
Ayrılsa üzündən üzümüz yaşla dolar.

Sənsiz nəfəsim köksümə peykan olsun,
Sənsiz yaşasa, qəlb evi viran olsun,
Könlümdə sevinc olsa qəmindən qeyri,
Küllən bu vücudum ona zindan olsun!

Qan tökməsə gözlər yenə gözlərdim mən,
Qəlbimdə sənin sirrini gizlərdim mən.
Olmazsa bu solğun bənizim, fəryadım,
Hər sirrini can-başla əzizlərdim mən.

Olsaydı əgər məndə deyək yüz min can,
Qarşında mən onları verərdim qurban.
Qəlbində bu hicrana dedin tab varmı,
Qəlb olsa idi, qəlbimə neylər hicran.

Əvvəl sənə öz qəlbimi göstərməzdən,
Asudə idim eşqə könül verməzdən.
Allaha şükür, sənin qulundur qəlbim,
Bağrım kimi bax yoxsa tökərdim gözdən.

Nəymiş görəsən dərdi, o ənbər saçlar
Çıxmış, de, başından bu sayaq, ey dildar?
Dərdindən əgər tük kimi incəlsəm də,
Barı belə çıxmaram başından, zinhar!

Gəldi gecə, zülmətdə yox oldu aləm,
Gəldi mənə də qismət oyaqlıq həmdəm.
Bildirdi günəş də aya: bezdim bəsdir!
Sındırdı fikir çənbərini çərxin qəm.

Zülmət gecə qəm çəkməyə nə həmdəmsən,
Cismim kimi incəlməmisən, möhkəmsən.
Aşiqlərə qiymət verə bilməzsən sən,
Aşiq deyil, eşq əhlinə nə məhrəmsən.

Şehdən payız içmişdir ağaclar badə,
Sərxoşca bir il çiçək tutur röyadə.
Açsın deyə bağlarda çiçək lalələri
Min teşt kimi düzüb çəmən səhradə.

Dar köksümü qəmlərin seçibdir meydan,
Güllər üzünü görüb qalarlar heyran.
Daş qəlbinə təsir eləmir göz yaşım,
Bir söylə, nə daşdır ürəyin, nə zindan!

Sən hər nə qədər istəməsən qəmlər var,
Sevgində də hicran dolu çox dəmlər var.
Ayrılmağın əyyamı gəlib, bir dillən,
Bir dəmdə, özün gör, necə aləmlər var.

Hərgah ki, gözümdən yaşım əlvan tökülər,
Ağlar mənə göy, yaşı bir ümman tökülər.
Səndən gözüm ayrıldığı gün qan tökdü,
Ayrılsa bədəndən baş əgər, qan tökülər.

Didarına, ey gül, o vurulmuş gəldi,
Könlündəki həsrət, o qor olmuş gəldi.
İnsaf dəni səp, tazə qəfəs qur bir də,
Bir də o qanadları qırılmış gəldi.

Həsrət yenə bağrımda mənim qövr eylər,
Dövrəmdə gəzər qəmin, mənə cövr eylər.
Can qurban edim eşqinə söylər könlüm,
Beynimdə də ancaq bu xəyal dövr eylər.

Sevdaya gərəkdir canı qurban et sən!
Şad olmaya könlün, onu viran et sən!
Vəslindən onun zərrə qədər pay görmə,
Dərd ilə atıb aləmi əfğan et sən!

Şəhla gözün, ey gözəl, baxsa məstanə,
Sərxoş da gələr, mey də gələr əfğanə.
Rəqs eyləsə saçların sənin bir ləhzə,
Yüz fitnə qopar, könül gələr tüğyanə.

Ömrüm, – dedim, – oldu daha puç, rəhm eylə!
Dünya, – dedi,– korlandı həsəddən beylə,
Bir busə verərsənmi, – dedim, – can versəm?
Busəm, – dedi, – alçaldı haçandan, söylə!?

Biçarə təbük qorxmasa səndən, canan,
Hər bir yerinə mən kimi olmaz heyran.
Səndən nə qədər təpik yeyir, heç bezmir,
Tez-tez qayıdır, öpür ayaqlarından.

Arxında axan hər suya qurban ollam,
Xasiyyətin od! Yolunda candan ollam,
Hər tapdadığın torpağa ollam bir qul,
Ətrinlə gələn yellərə heyran ollam.

Qəm şadlığa çevrilər sənin lütfündən,
Daimi olar ömür dönüb baxsan sən.
Çatdırsa yanından ora yel bir torpaq,
Düzəxdə olar həyat suyu od birdən.

Zülm etsə mənə çörəkçi dilbər hərgah,
Kin ilə deyil, naz ilə eylər gah-gah.
Qaldım qəminin əlində mən sanki xəmir,
Qorxum budur: atsın oda yarım nagah.

Püstəndə gülüşlər gəzir, ey dilbər, bax!
Bir gün kimidir üzün, gözəldir, parlaq!
Gördüm ki, yonur, rəndə çəkirsən gah-gah,
Yoxdur sənə bənzər yonulu heç ancaq.

Gördük nə qədər zülm gözəl qəmzəndən,
Düşdük qəmə qəddin kimi bir düşməndən.
Şahmatını düz oyna vəfa taxtında,
Bir gün mat edər, heyfimi allam səndən.

Dartar yayı yağdırar o türküm oxlar,
Aşiqləri köksündən o hər dəm oxlar.
Gör bir nə çevik usta bir insandır ki,
Qalxar gecə zərbindən onun ax-oxlar.

Ləlin baharın taxtını talan etdi,
Məst etdi o badam məni nalan etdi.
Şaftalına həsrət mənəm, ey alma yanaq,
Heyva kimi mən saraldım, o qan etdi.

Başmaqçı verir başmağa hər dəm ziynət,
Ləli toxunur başmağa gah-gah, heyrət.
Bir bal dodağın süslədiyi bir başmaq
Göylərdə günəş tacı olar, ey afət.

Oğlan, sənə etdim nə qədər xidmət mən,
Rəhm eyləyəsən – dedim – mənə bir gün sən.
Bir bəndə kimi çıxmaram əmrindən heç
Ey can, nə də dönnəm səninlə əhdimdən.

Nəsrinin o gün vurdu mənə atəşlər,
Yellər bizə göstərdi dünən sünbüli-tər,
Sənsiz sudayam bu gün sanki nilufər,
Torpaq tökərəm sabah başa, ey dilbər.

Od vurdu o gün Nişapura tər güllər,
Göstərdi dünən su Mərvdə nilufər.
Əsdikcə bu gün Herat yeli can bəslər,
Olmazmı sabah Bəlxdə torpaq ənbər?!

Odlardan o gün çəkdi lalələr xəncər,
Atdı suya qalxanı dünən nilufər,
Ey yel, zirehi bu gün səməndən tulla,
Bir qönçəni yer sabah dəbilqə eylər.

Tər laləyə bənzər o müəzzin oğlan,
Görsə üzünu çəkər xəcalət lap qan.
Qəddindən onun söz düşəndə aləmdə,
Sərv eylədi səcdə ona heyran-heyran.

Əladır üzün tər-təzəcə güllərdən,
Xəttin, qırışın Xəllüx ilə Bərbərdən.
Bərbərli əgər görsə səni bəndən olar,
Baş qoy sinəmə öpüm ipək tellərdən.

Ey zülfü tökən burum-burum, həm çin-çin,
Xəttinlə sənin bir-birinə dəymiş Çin.
Çin mülkünə qaçmışdır əlindən huri,
Vermiş sənə dünyanı, sözün çıxmış çin.

Yarın nazına artıq o taqət yoxdur,
Könlümdə daha o od, hərarət yoxdur.
Qəlbimdəki odlardan əsər görsənmir,
Dilbərdə də o hüsn, təravət yoxdur.

Ləlindən onun görüb pay umdun, ey sap!
Ləlinə tərəf yel kimi cumdun, ey sap!
Ömrün nədən iynədə gödəkdir böylə,
Sən ki o həyat suyunda çimdin, ey sap!

Yarım dedi ki, durma, ələ bir cam al.
Qəm çəkmə, mey iç, bu dünyadan ilham al.
Sordum ki, noğul, heyva, yoxsa nar olsun?
Alması dedi: – Şaftalu, ondan kam al.

Şamdır üzün, ey gözəl, könül pərvanə,
Zülmündən olub eşqə düşən divanə.
Eşqin verəcək katibi bir gün fərman
Ləb xətti ilə ağ üzünə mərdanə.

Şux olmalıdır sevgili, oynaq, dildar!
Aşiq gərək eyləsin nalə, min ah-zar.
Qəlbin, – dedi, – məndədir apar gəl, durma!
Bildirdim ona: – Sənsən alan, sən qaytar.

Zülfün təzənə, neydir o şümşad qamət,
Səndən nə göyərçinbaz olar, ey afət!
Çırpınmadadır ürək göyərçinlər tək,
Vəslin neyinə ta qalacaq kim həsrət.

Od tək yuva qursan da daşdan, ey saqi,
Axmazmı əcəl seli başdan, ey saqi.
Dünya quru torpaqdır, oxu, ey mütrüb,
Yeldir bu nəfəs, başla başdan, ey saqi.

Yollardakı tozlar kimi tapdansan da,
Yellər kimi hey qaçmağa qatlansan da,
Zinhar, əgər versə sənə abi-həyat,
Alçaqlar əlindən su alma, yansan da.

Yarımla o gün etdim əcəb bir söhbət,
Doydunmu, – dedim, – məndən? O dedi: – Əlbət.
Dilləndi dedi: – Ağzını aç, bir söz de.
Dindim: – Nə deyim? Dedi: – Budur hə qismət.

Şaftaluna bax bir sən, a şümşad qamət,
Gəldi mən öpüm doyunca, heyrət, heyrət!
Od saldı yaman könlümə o alma buxaq,
Hardan qoxuyar heyva, yanan, ey afət?!

Olmaz o şəkər tüngü heç ağzın tək dar,
Yox güldə üzüntək belə tər, gülrüxsar.
Qəlbim sənin eşqinlə olub yüz parça,
Kipriklərin etsin ona çarə nə olar?

Duzsan, elə bil, tamam lətafətsən sən.
Tər gül kimisən, bütün təravətsən sən.
Bildim ki, lətafət döşündən əmdin süd,
Peyğəmbər imişsən, necə afətsən sən.

Yalvardım o gün dərziyə, tərpənsən bir!
Allahı sevərsən, aşağı ensən bir!
Dilləndi: – Vüsal qəbamı almırsan sən,
Canla alaram, – dedim, – bəri dönsən bir!

Olmuşdu dünən gecəm tükənməz yəlda,
Qoydu gözümü qəsdən o dilbər yolda.
Tökdüm gecə mən sübhə kimi gözdən dürr,
Qoyma, – dedim, – Allah, məni naçar halda.

Ey türk, sən Allah, məni öz qoynuna çək!
Nolar məni bir ağuşuna al bərk-bərk.
Bir halda ki, işlərim düyün düşmüşdür.
Ey qəmli gözüm, sən də tez ol ağla görək.

Əsdi qara yel, yandı nəsin paltarı,
Yandı bu nəsin nəsliyinə Rum yarı.
Söndürməyə mən şəmi yerimdən durdum,
Gördüm ki, nə şam qalıb, nə də mumları.

Bülbül yenə torpaqda o gün çəng çaldı,
Bərbətlə turac dünən qəlbə od saldı.
Qarğa rübab atmış suya, ey dost, bu gün,
Ney çalmağa, ey qumru, sübhə yel qaldı.

Eşqindən, a torpaq ələyən, soldum mən,
Bir kimsəyə bir söz demədim dərdindən.
Ovcumda qızıl mən səni gəzdim hər gün,
Torpaq ələyib amma zər axtardın sən.

Ey gül, üzünü bəndə kimi yad etsək,
Zülfünlə sənin könlümüzü şad etsək,
Qəm şahmatını oynamışıq biz sənlə,
Könlün gərək incinməyə biz mat etsək.

Olmuş mənə səndən qəmü sevda hasil,
Hicranın əcəb qatil imiş, ey qatil.
Bir öylə gözəlsən ki, sənə söz çatmaz,
Dünyaya gəlib aləmi etdin batil.

Ey can, diləyim ürəyimin dərmanı,
Bağlarda sənin üzün kimi gül hanı?
Çin nəqşi xəcil oldu sənin hüsnündən,
Bir böylə büt olmaz ara, gəz dünyanı.

Mən Məhsətiyəm, hüsnümə yox tay, ortaq,
Olmuş mənə heyran o Xorasanla İraq.
Ey Puri-Xətibi-Gəncə, gəl sən allah,
Qoyma məni ta yandıra odlara fəraq.

Bir gün iki iynəçi çıxıb meydandan,
Getmişdi şaha şikayətə dövrandan.
Əmr eylədi şah dərzilərə Arranda:
“Gah iynəni siz bundan alın, gah ondan!”

Gördüm o gözəl gənci ki, Sərracanda,
Olmaz belə lazımlı onun tək can da.
Yaslarda qalar onun qəmindən insan,
Eşqindən onun min fərəh artar canda.

Zülfündür otuz zənci, sanki sərxoşdur,
Yatmış o otuz gümüşlükdə, bihuşdur.
Ya fil sümüyü, yoxsa gümüşdür boynun?
Alsan da otuz busə sən ondan, xoşdur.

Hər səmtə, gülüm, vurma bu dar meydanda,
Üzdən saçını götür, qalarsan qanda.
Eşqindən əgər iynə qədər od düşsə,
Bir yanda qadın yanar, kişi bir yanda.

Gördüm bacadan dünən gözəl bir oğlan,
Ondan de, gözəllikdən əgər dəm vursan.
Rəhm eyləmədi könlümə o bir zərrə,
Tüstüm bacadan çıxdı, lap oldum heyran.

Getdin içəsən badə, xoş adətdir bu!
Yar olsan əgər, əhdə sədaqətdir bu.
Yoldurdun üzü, aləmə olmuş məlum,
Nə üzlə baxım sənə, nə surətdir bu?!

Əqrəb kimicə canımı zülfün çaldı,
İmanımı ox qəddin əlimdən aldı.
Xəttin, elə bil, buyruğudur şahların,
Yəni ki, təvəkkül bir Allaha qaldı.

Gah fayda görüb gözüm mənim, gah da ziyan,
Alçaq, ya uca, yaxın-uzaq, ya yaddan.
Amma əcəb iş budur, o dost, düşmən tək,
Yaxşı-pisimi söyləyir aşkar-pünhan.

Göstərdi həvəs papaqçı dilbər qəlbən,
Atlas papağa vurdu naxış müstəhsən.
Hər bir naxışa söylədim əhsən min-min,
Hər dördünə ancaq bəsiydi bir əhsən.

Olmuş üzünə qadın, kişi lap heyran,
Dərdindən ürək dərdə düşüb, can viran.
İllərlə atan satdığı hər paltarı
Bir gündə cırar aşiqin, ey yar, asan.

Ədlin bir üzük, bəndinə düşmüş düşmən,
Qoydun göyə nərdiban özün ədlindən.
Hökmün çirişiylə qoy cahan birləşsin,
Əmrin palan, onlar bir ulaq, sahib – sən.

Əsmişdir o gün lalə, gül üstdən yellər,
Torpaqda dünən bitirdi sünbül çöllər.
Abi-həyat içsən, bu gün iç, aldanma;
Odlarda yanarsan sabah, qalar küllər.

Öldürsə bıçaqla kimi yarım hərgah,
Sonra tutar ağzında ləbiylə gah-gah.
Öldürdüyünə bir də bıçaq çəksə əgər,
Öldürdüyü can tapar ləbindən nagah.

Can xəstə düşüb bir toxucu oğlandan,
Zülfündə əsir olub bədən çoxdandan.
Hər dəm ki daraqsız darayar yar zülfü,
Hər ləhzə yanar bağrım ahü-əfğandan.

Durmuşdu dükanda yenə qəssab oğlan,
Səf çəkmiş adamlar yenə sağdan-soldan.
Çəkdikcə əli yanlarına söylərdi:
Əhsən mənə! Olmaz belə buddan, qoldan.

Eşqinlə bu dünya mənə bir cənnətdir,
Qəm şahmatım ancaq üzünə həsrətdir.
Neyçün məni mat xanəsinə salmışsan,
Yoxsa sənə olmaq bu qayda adətdir?

Bir nal götürüb gəldi o nalbənd oğlan,
Nal vurmaq üçün əyildi, qaldım heyran.
Kim gördü bu cür möcüzəni aləmdə,
Vursun hilal at dırnağına bədr olan.

Getdi qanalan yanına o şux həmdəm,
Tutdu qanalan, bağladı möhkəm-möhkəm.
Mərcan, elə bil, sıçradı tər büllurdan,
Neştər damara dəyib onu çərtən dəm.

Gəlmişdi Çegeldən bu gözəl oğlanlar,
Ya Rəb, necə torpaqla yoğrulub onlar?
Əndamı gümüş, ləbləri bal, sözlər qənd,
Ya Rəb, necə yerdən çıxıb bu şux canlar?

Qəlbində soyuq qışdır, üzün gül, nəsrin,
Düşmənlərə sevgi, bizə göstərdin kin.
Yatmış, deyəsən, çoxdan uğursuz tale,
Yoxsa bizə sən bir belə zülm etməzdin.

Yaz vaxtı su üstündən özgə yer seçmə,
Bir yasəmən üz yarın sözündən keçmə.
Ənbər saçını qoxla o yarın daim,
Gül rəng şərabdan kənar nə var, içmə.

İsaya səni and verirəm, ey dilbər,
Gəlsən bizə, qorxudan tamam üz döndər.
Gah nəmli gözümdən yaşı sil, ey tərsa,
Gah-gah ləbimə toxunsun o tər ləblər.

Sürtüb saçına ənbəri, nazlansan sən,
Dünya necə tərsalığa dönməz birdən.?!
Yeddi fələk üstündə gəzirsən sən ki,
Neyçün belə qorxub yanıma gəlmirsən?

Gəl sayma xarabatı oyuncaq, gəlmə,
Əvvəlcə qələndərlik elə, bax, gəlmə.
Hər kim ki gəlib, keçib canından burda,
Candan keçən olmasan get, ancaq gəlmə.

Şadlıq atını sürsən, açarsan meydan,
Sehriylə təbi insanı eylər heyran.
At, fil, ya topu, piyadanı, ya ferzi,
Usta, çevik oynarsan, udarsan asan.

Güldün, çəmənə qırmızı güllər sərdin,
Çovğunlu qışı güllü yaza döndərdin.
Bildin ki, könül verməyəcəm mən güllə,
Xahişə gedib bənövşəni göndərdin.

Könlümdə mənim, ah, ey kələkbaz oğlan,
Qoymuş qəminin quşu bala çoxdandan.
Könlümdəki qıvrılma o zülfündədir,
Aşkardır, ilandan törəyər ancaq ilan.

Könlüm qəminə olmuş əzəldən məskən,
Canda əbədi qəminlə dost oldum mən.
Sevdim canımı, könlümü ondan ötrü,
Var bunda dağın, onda nişan dərdindən.

Olmuş yanağın mişk, saçın qan, ey mah,
Bir söz demərəm dəlilsiz olsam hərgah.
Üz – mişk, hələ nafədə qalmış ancaq,
Zülfün ucu – qan, çıxır nafədən gah-gah.

Şor bəxtim üzündən qanını, ey canan,
Aldatdı əgər tökdüsə zalım dövran.
Gəldin, qisas aldın bu yazıq aşiqdən,
Baxmaqla gözümdən necə gör tökdün qan.

Sevdim səni, gördüm nə qədər kin səndən,
Sanki aradan axan suyam, ey yar, mən.
Ya mən günah etmişəm, tutubdur hirsin,
Ya özgə yarın var, o da gizlin məndən.

Dərdinlə mənim tək, de, yanan harda var?!
Zülmünlə bu cür qəlbi sınan harda var?!
Eşqində təzə peyda olanlar çoxdur,
Əhdində mənim tək dayanan harda var?!

Sənsən dilimin əzbəri, ey yar, hər dəm,
Fikrin gecə-gündüz mənə munis, həmdəm.
Zülm etmə mənə, bir iş çıxardar nagah,
Könlümdəki odlar, ya Xudam, ya naləm.

Mən getdim, ürək çox qalacaqdır burda,
Hər dərdinə həmdərd olacaqdır burda.
Cismim gedir, əvvəlki kimi, qəlb amma
Eşqinlə sənin kam alacaqdır burda.

Ollam bu zəiflikdən elə mən pünhan,
Qallam, nə qədər desən, gözündən pünhan.
Cismim əriyib, bircə dəfə ah çəksəm,
Ahla gedərəm ərşə özümdən pünhan.

Ağzın, gözün, ey lalə üzlü, şux, göyçək,
Almış elə bil, püstə, badamdan örnək.
Bir gör nə kiçikdir gözünlə ağzın ki,
Sığmaz buna yaş tökmək, ona bir gülmək.

Sevdik nə kilim biz, nə də ki səccadə,
Cəlb etdi bizi təkcə xarabat, badə.
İçmir şərabı, badəni qorxur qazi,
Xoşdur ona da yetim malı dünyadə.

Yoxdur qanadım, mən yazıq, aciz bir quş,
Düşdüm toruna sənin xəbərsiz, bihuş.
Dağlardan ağır bir qəmə düşmüş könlüm,
Hər yerdə işim ah ilə əfğan olmuş.

Yandım nə qədər qəmindən, ey qəssab, mən,
Dəysin sümüyə bıçaq, – dedim, – qoy birdən.
Satmaq sənə öldürdüyünü adətdir,
Satma məni öldürsən əgər, nolar sən.

Ey qumru kimi sevgiyə yad dilbər sən,
Tavus quşunu hüsn ilə mat eylərsən.
Köksümdən uçar ürək göyərçinlər tək,
Kəklik kimi sən əgər qapımdan girsən.

Rəhm eylə, deyin hamamçı getsin tezdən,
Yatsın bu gecə, arxayın olsun bizdən.
Tezdən tələsik durram, obaşdan gəlləm,
Qəlbimdən ocaq, bollu su verrəm gözdən.

Meyxanada bütlərlə təhiyyat xoşdur,
Pudluq qədəh əllərdə münacat xoşdur.
Təsbihlə riyakarlıq etmək iyrəncdir,
Zünnar ola əynində, xarabat xoşdur.

Qəlbimdəki oddan zəmanə – atəşgah!
Çox köhnə olar dünya vücudumdan, ah!
Qardaşlarımın torpağı üstdən çıxmış
Bir kuzə su içsək, məsələn, biz hərgah.

Ey çərxi fələk, aləmi viran etdin,
Zülmünlə cahan mülkünü talan etdin.
Yarsaq sinəni sənin əgər, ey torpaq,
Görrük, necə gövhərlər udub qan etdin.

Bir halda ki, görmədim sədaqət səndən,
Bəsdir nə gərək giley, şikayət səndən.
Dünyada sənə bir görünür düşmən, dost,
Get, get, nə gərək edim hekayət səndən.

Etdim nə günah, sən mənə göstərdin kin,
Neyçün bu qədər zülm, əziyyət verdin?
Olmuşdur olan, rəhm elə bundan sonra,
Qan tökmə, yetər, bir suçu yoxdur qəlbin.

Ancaq gül üzünlə ürəyim, bil, şəndir,
Olsan harada, ora mənə gülşəndir.
Bir tək ki, o cütdür, o kaman qaşlardır,
Bir cüt ki, o təkdir, o boyun, kölgəndir.

Qoymuş qapıya bir kötük o qəssab yar,
Hər gün kötük üstündə təzə bir qan var.
Töksən qanımı, burda qoyar kim qiymət,
Bir arpaya dəymirsə burda çox qanlar.

Gəldim evinə, gördüm o dövlət yoxdur,
Könlüm diləyən bir adi sərvət yoxdur.
Hər şey burada bolca, deyirsən, vardır,
Vardır orada hər şey, o nemət yoxdur.

Olsan qoca, bir yerdə bizi kim saxlar?
Qəmlər dolu evlərdə bizi kim saxlar?
Zəncir kimidir zülfüm, özün bax, ey şeyx,
Burda daha zəncirdə bizi kim saxlar.

Bir huri səbuh vaxtı gəlsə sübh erkən,
Versə mənə badəylə dolu cam birdən,
Hərçənd bu cür söz mənə olmaz layiq:
İtdən də pisəm, cənnəti yad etsəm mən.

Yarın üzünə istədi bu kəc dövran
Məhv etməyə o hüsnü yaza bir fərman,
Duydu elə bil fikrini çərxin əvvəl,
Getdi daha tez cənnətə o şux canan.

Dost oldu, budur, çıxdı buxaqdan saqqal,
Barmaq qıcadı üzə uzaqdan saqqal.
Saqqal çıxarıb sonra da yoldun, bildim,
Yoxsa hara bəs getdi nahaqdan saqqal.

Əfsus, gülün üstündə tikanlar bitdi,
Bir qarğa sənin laləni talan etdi,
Aldı qələmi gümüş zənəxdan, ey yar,
Ləli-ləbini qaraldıb o incitdi.

Yatdım gecələr naz ilə, onlar getdi,
Qəmzəmlə o dürr deşdiyim anlar getdi.
Oldun canıma, könlümə munis, həmdəm,
Getdin, beləcə o xoş zamanlar getdi.

Öz dayəsinə dünən o nadir dilbər,
Ərz eylədi gövhər kimi çox xoş sözlər.
Ərz etdi filan kamına yetsin, ya yox,
Lal olsun onu, söylədi: – Yox! Yox! – əzbər.

Yandı ürək odlarda o gün çox pünhan.
Yellər də dedi dünən gözəl bir dastan!
Hər kim ki bu gün üzündə vardır bir su,
Torpaqda yatar sabah, çıxar meydandan.

Oynaq yerişin, gəzməyinə mən qurban,
Olsun o zərif paltarına qurban can.
Mümkünmü rəqib olmayanda kuyində
Bir busə alım, ey yar, ayaqlarından.

Dünyada daraq, daş kimi versən fərman,
Ləlinlə desən bircə dəfə, ey canan,
Zülfündə əlim, inan, olar yüz barmaq,
Min ləblə öpər ləbim ayaqlarından.

Göydə günə, yəni üzünə and olsun!
Mişkin saçının gündüzünə and olsun!
Gözdən su verib suvarram, ey can, könlü,
Təkcə o sənindir, özünə and olsun!

Könlüm sitəm oxlarına oxdan olsun,
Daim yaşayan sən kimi canan olsun.
Can verdi könül qapında yüz şadlıqla,
Rəhmət deməyə barı bir insan olsun.

Rindlərlə xarabat tapa daim ziynət,
Yandırsın oda zahidi hər qəm, möhnət.
Bir dürd içənin qalsın ayaq altında
Sufi geyinən cındır, o yun göy xələt.

Hər yerdə sən ol könlümə, ey gül, həmdəm,
Yaqut ləbinə dəyməyə dünya bir dəm.
Hansı gecə sən yanımda olsan, ey yar,
Ta məhşərəcən olmaya gündüz aləm.

Ey yel, dilinə sənin fəda olsun can,
Görsən sən əgər yarımı, getsən burdan,
Tez Məhsətini, söylə ki, gördüm yolda,
Dərdinlə sənin edirdi o, can qurban.

Xəttin sənin, ey gül, bol oldu ta yundan,
Artıq yanağın könlümü etməz heyran.
Şaftaluna meyl eyləmərəm mən bir də,
Düşmüş yanağın yun səbətə, ey canan!

Daim bu düşüncəylə olur qəlbim qan,
Çoxmu qoyacaqdır bizi nakam dövran.
Lütfün mənə çoxmu olacaq hər gün kəm,
Eşqim mənim artacaq sənə, ey canan.

Ceyran Çini öz mişkinə qəltan eylər,
Ətriylə saçın mişki peşiman eylər.
Dərdinlə sənin bir gecə kim yar oldu,
Ta sübhə qədər ah ilə əfğan eylər.

Bəxt atına vurmuş yəhər, ey şah, dövran,
Tutmuş səni üstün o bütün şahlardan.
Zər nallı atın gəzməyə ta torpaqda,
Örtündü gümüş örpəyə, bir bax, hər yan.

Artıq nə deyim mən, iştiyaqın nə edib?!
Hiylən, yalanın, riyan, nifaqın nə edib?!
Zülfün kimi bir uzun gecə lazımdır,
Bir-bir sənə söyləyim fəraqın nə edib!

Yarım papağı tikir nə şirin-şirin!
Hər kim onu görsə, deyər, əhsən min-min.
Hər gün bəzər atlas papağı ləl ilə,
Üstündəki saplar gümüşü, ya zərrin.

Ey şah, sənə məndən bu səna bəsdir, bəs!
Aciz qarıdan sənə dua bəsdir, bəs!
Mən ki deyiləm öküz, nə lazım buynuz,
Olsam, iki buynuz da daha bəsdir, bəs!

Çəksən yayı, öz çiyninə güc versən sən,
Ağzından öpür ox necə bir görsən sən.
Sanki kirişi mənim sözümdən hördün,
Çatmır qulağa, hər necə, istərsən sən.

Əldən, nə deyim, gör necə varım getdi,
Yəni qaçıb o zülfü xumarım getdi.
Qoydum ələ mən həna nigarım görsün,
Yatdım durub əldən o nigarım getdi.

Çıxmışdır üzündən daha dildarın xət,
Sanma azalıb ondakı o hüsn, əlbət.
Əvvəl üzünün bağında güllər vardı,
Verdi ona burdan da göy otlar ziynət.

Çatdıqca gücü, fikri budur kəc dövran,
Qoysun məni nakam, eləsin hey divan.
Əhd etdi fələklər yerin ətrafında
Fırlatsın özüylə məni nalan-nalan.

Şahlar hamı məclisdə içərlər badə,
Çəngi, neyi hər dəmdə salarlar yadə.
Şadlıq sevər əllərim, onu, ey şah, sən
Gəl saxlama göndə, zərə tut dünyadə.

Olmuş biləyin gör necə yumşaq yun tək,
Dünyada kim istər belə yundan dönmək.
Yundan geyiniblər bu gözəl oğlanlar,
Quyruq da geyər əyninə yundan köynək.

Mən söylədim: – Ey gül, mənə tez mey ver gəl,
Dilləndi, dedi: – Adna günü bir dincəl.
– Güllər gələn il açar, – dedim mən, – bir də
Hər həftədə bir adna var, açma əngəl.

Qəlbində küfr var, nə namaz, ya iman?
Keçmiş bu zəhər cana, nə eylər dərman?
Hər yerdə tanıtdın özünü sən zahid,
Çirkindisə nəfsin, bu xeyir verməz, qan!

Daim tökülər qəminlə gözdən yaşlar,
Ey mehrini məndən kəsən, nə qəsdi var?
Hörmətlə yanaş, bu qanlı yaş – bir karvan,
Gəlmişdir ürək kəbəsindən, ey dildar!

Gördü gözünü gözüm, gözü bərk açdı,
Gen düşdü gözün, yuxum gözümdən qaçdı.
Nur tapdı gözündən nə qədər göz varsa,
Görməz belə göz gözüm, bu nə göz-qaşdı?

Bütdürsə üzün, bütə gətirrəm iman,
Mey versən əgər, xoşdur o məstlik, canan,
Eşqinlə sənin ondan ötrü oldum yox,
Xoşdur mənə bu min dəfə var olmaqdan.

Ləlindən eşitdim nə qədər xoş söhbət,
Oldu mənə axır bu görüşmək qismət.
Dürr danəsi var, deyən, qulaqlarında,
Gözdən tökülən yaşımdır o dürr, əlbət!

Könlüm diləyir ki, düşə fürsət birdən,
Ta söhbət açam qəlbi yaxan qəmlərdən.
Bilməm o zaman hər yaramaz alçaqlar
Göydənmi yağır, ya cücərirlər yerdən.

Qəsdin səfər etməksə, dayan, ey sarvan,
Rədd etmə, keçib getmə, aman, ey sarvan.
Hərçənd dəvə yük daşıyır, amma sən,
Qəm yüklə aparram mən, inan, ey sarvan.

Göylərdə min illərlə günəş dövr eylər,
Bir kan zər olar, o ya ki bir kan gövhər,
Tək bircə sözünlə əlim, ovcum, ey şah,
Olmuş, düzü, gövhər kanı, həm, bir bax, zər.

Ey Puri-Xətib, dinlə öyüd gəl hərdən,
Şadlıqla mey iç badə dolu sağərdən.
Allah da qaçır itaətdən, üsyandan.
Dünyada kam al badə ilə dilbərdən.

Sərməst düşüb yolda o gün gördüm yar,
Çökdüm yerə, tutdum əlini mən naçar.
Düşmür bu gün onlar yadına heç yarın,
Yəni “xəbərim yoxdu” – deyir, lakin var.

O hüsn, gözəllik nədir, o hiylə, kələk,
Aşiqlərə çatdıqca gücü zülm etmək?
Naz-qəmzəsinin həddi-hüdudu yoxdur,
Saqqalla, ey Allah, Sən ona xəncər çək.

Yalvardım ona yolda tutub bir gün mən,
Tər basdı xəcalətdən onu, bax, birdən.
Lütf ilə bu solğun üzümə bir güldü,
Əks oldu üzüm dişində əhsən, əhsən!

Getdi o gedən, başda xumarım qaldı,
Könlümdə nə səbrim, nə qərarım qaldı
Fikrimdə dedim ki, gələcək yar mütləq,
Sanki nə gedib, nə intizarım qaldı.

Ey xaslara fitnə, el üçün bir afət,
Göylər də günəş üzünə eylər heyrət.
Çıxsan dama Bəlx ellərində, ey ay, sən,
Şamda quyuda qəsəb gəzər kor, əlbət.

Ləlindən öpüb sonra sormaq arzumdur.
Sənlə mey içib badə vurmaq arzumdur.
Sərxoş da mən olsam, xumar da, huşyar da,
Çənginlə oturmaq, oturmaq arzumdur.

Qazdım nə qədər arx üzümdə dırnaqla,
Gözdən mən ora su bağladım şırnaqla.
Bir müddət üzüm susuz qalıb yanmışdı,
Bol-bol su axıtdım üzümü cırmaqla.

Dur, gəl, nə gözəl hücrəyə sahman verdim,
Məclis bəzədim, səndən ötrü can verdim.
Dur gəl ki, şərab ilə kababım vardır,
Qəlbimlə gözümdən onu, ey can, verdim.

DAVAMI
XS
SM
MD
LG