Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:55

Şəhriyar Hacızadə "Vəfalı Xoruzu Cehiz Apardı" (Hekayə)


Buludlar əl-ələ tutub günəşlə ortadaqaldı oynayırdı.

Uzun müddətli quraqlıqdan sonra aran torpağına qorxaq yağış çilənmişdi.

Rayonun azca uzaq kəndlərindən gələnlər - kopoyoğludu bir gilə yağış suyuna qısır inəyimizin südünə həsrət qalan kimi qalmışığ - deyirdilər.

Görünür təbiət konsitutsiyaya oxşadırdı özünü. Ya da lentvari buludlar rayonun başı üstündə bircə telə ilişib qalmışdı.

Dürrübəyim xala Xocalı ilindən gözünün ağı-qarası,beşik arzusu oğluna tapmacalar qoşub saçlarını yelə verib Allahdan cavab istəyirdi.

Torpaqdan azon iyinə qarışıq yanmış rezin qoxusu gəlirdi... Quşbaz Bəybala yenə səmanı quşlamışdı...

- Məti, Məti əvrəşə bax, əvrəşə! Mən ölüm quş hesavı döyül e, kirilin ж-sıdı.

- Sən öl Mirzalı oyanıb bö’züm elyəcəy bizi.

- Ə, yendir ə, yazıxdı, yendir.

Bəybalanın qayğılı fit sədası küçəni başına aldı.

- Qaraş, biri ma bi hadisə danışıfdı...

- Nə hadisəsi a Lütfü?

- Məhəmməd Əminin qəriv goruna and olsun, bi yannan gülməydən uğunuv gedmişəm, bi yannan da urfum ürpənir e...

- Ayə səvrim bozardı, danış dana, danış görəy nədi o şoğərib?!

- Guya, Əyri Dağ deyilən yer olufdu. Onun da Şehli Çəmən adda yamajı. Yamaj da yamaj oluv e, Əyri Dağın ürəyi deyillərmiş.Günnərin bi günü kəndin baş çovanı götürüf bu yamajı sateer bij çovana. Kənddə gij çovan adıyla tanınan birisi də həşir qopareer kın, ay aman dad, bəs buralar mənim baba yurdum olufdu.

- Ihım?!

- ...baş çovan da deyif ə...irəddol-cəhənnəm ol ayna, qoy işimizi görəy dayna! Gij covanın da bi tərəfdən gijdiyi tutuv,o biri tərəfdən çovannığı. Deyiv ə,day neyneerəm aritmiyalı Əyri Dağı?! Gediv 5-10 üzzənirağ gətrifdi,

- Ay səni vələduzna!

- ...sürünü-zadı da tafşırıvdı olara. İtdər də, nə görüfsən?-boşanmış gəlin,özü də işi sənnən keçən...daraşıvlar sürüyə. Harda quyruğlusu var o məsələ...ajanda da o biri məsələ...

- Pah atennan yeri...!

- Bax,özüm ölüm. Nə başını ağrıdım, sora keçivlər quzulara. Nəsə beş gün,bi həfdə,üş həfdə...axırı bi yekəbaş qoç qadasın aldığım qızıv nə qızıv.

- Ay başına dönüm, tıncıxıv dana!

- Əə həylə dalına qulağ as! Qatıfdı itini küçüyünə, küçüyünü qancığına. Tafdalıyıv o yana-bı yana,o yana-bı yana. Kərkinif də, keçirdif də, axırda nervi vuruv təpəsinə, parça-parça eliyiv qoyuv ora.

- Mən ölüm day ağ eləmə!

- Əə, Müşviqin yarımçığ qələmi haqqı! İspisalnı güdən olufdey... And içellərkın, qoyunnar ağızzarın direv itdərin boğazına, iç ha içəsən-iç ha içəsən...

* * *

Tindəki ağacdələn dimdiyi naxışlı köhnə elektrik dirəyinə adamların ağzını güdən qıvrım saçlı uşaq könülsüz söykənmişdi.Çantasının söküyündən bilmək olardı-atasının cibi pişik kimi üşüyəndi.

- Medican, nə tez gəlibsən?

(əyilib cod, qıvrım saçlarını pırtlaşdırdı. Qulağının dibindən dərin fısıltılı nəfəs çəkib dodaqlarını sürtə-sürtə çənəsindən öpdü)

İlahi, bunun gözünə, qaşına, kipriyinə...Mehdican gəl bu üç yerini ver mənə, mən də üçünü sənə, üstəlik bacım qızını, bir də sənin xoşladığın qırmızı heyratı xoruzumu. Hmm? Nə deyirsən? Dəyiş (bayaqkı hərəkəti təkrarlayaraq) şəkmi?

Medicanın bığyeri tərləmiş olsaydı əriyib getmişdi indiyə. Başını sinəsinə salıb utancını gizlətməkçün qoca söyüd kötüyünü xırda-xırda təpiklədi.

Bu, 17-18 yaşlarında gənc qız Vəfalıydı.Vəfalı da nə Vəfalı...Vaxtından əvvəl yetişən şaftalı, əl atanı bir anbar. Məktəbdən dalına salıb 3-4 dəstə oğlan gətirər, axırda da küçələrinin ağzında küçük balası kimi boğuşdurub dal pəncərədən ətli dodaqlarını çeyniyə-çeyniyə tamaşa eləyərdi.

Mehdicanı məktəbdən evə dartan təkcə həyətlərindəki uçuq-sökük kərpic evin dalındakı qumsalda toyuq-cücənin eşələnmə səhnəsinə olan marağı deyildi. Həm də anası para aydı xəstə yatırdı. Ailənin olan-qalan xərcliyi serroza axmışdı.

Qaranlıq qucmuşdu otağı. Divara cırpılıb çiliklənən nimdaş kravatın cırıltısı ananın iztirabından xəbər verirdi.

- oğlum, çay suyunu qoy dəmə.Atan gələr indilərdə, başına dönüm.

Ağrıdan əzik-üzük olmuş sözlər uşağın qulağına güclə çatdı.

- Ana, atam dediyim şalvarı haçan alacağ? Məktəbdə hamı geyir. Sinif yoldaşlarıma deyirəm birinci gün geyinəcəm, evdə paltar şkafımdadı.

Şkaf nə gəzirdi?! Qonşu arvadlarından eşitmişdi o bu sözü. Xoşu gəlmişdi bu sözdən. Elə bilirdi düymələri də olur şkafın. Qızılı rəngli, iri, qaşlı düymələri...

Ananın yatağı sulayan göz yaşlarından xəbərsizdi Mehdican.

- Alacağ...mütləq alacaq...sabah gedib alarsız...birinci gün geyib gedərsən məktəbə...hökmən alacağ...alacağ...


* * *

O, arzusunu geyinmişdi. Əlini cibinə salıb atasını süzürdü ümidli gözləriylə. Elə bilirdi bazarda özündən savayı kişi yoxdu.

Elə bilirdi bütün bazar ona baxır.Atası polkanın küncündə xısın-xısın nəsə danışırdı satıcıyla. Birdən atasının çöhrəsi ay kimi tutuldu. Bazara qaranlıq çökdü.

Hər tərəf sükuta büküldü.Elə bil həyalı qıza söz atdılar.Ata yavaş-yavaş uzaqlaşdı.

Uşağın şalvarı əynində qaldı, arzusu vitrində. Qaçıb özünü yetirdi. Evəcən heç nə soruşmadı.

Hər şey qarışıq idi.

Elə bir saat olar-olmaz gəldikləri küçənin rəngi də,daşı da,ağacı da... Səkiyə söykənib sürüşən arxın suyu da tərsinə axırdı.

Atası daş kimi bozarmışdı. O,yerimirdi. Ayağının yaddaşı aparırdı onu. Zavod-zavod çörək kəsdiyi dostunun oğlu yarım metr parçanı nisyə verməmişdi. Oğluna necə deyəydi çıxart şalvarı?! Başında qeyri-ixtiyari bir fikir təkmahnılı val sayağı firlanırdı; Kasıb adam vətənində də qəribdi...kasıb adam vətənində də qə...

Mehdican birinci gün məktəbə getmədi. İkinci gün dərsə girməmiş bütün yoldaşlarıyla dalaşıb küsdü ki, kimsədən-“şalvarın hanı?”-eşitməsin.

Məktəbdən qayıdanda çox istədiyi qızı bir oğlanla gedən gördü.

Mehdi 9 yaş yarımındaydı.Ayişəni istədiyini o dərsə gəlməyəndə ürəyini dişləməyindən bilirdi. Hələ,darıxmağa-ürək dişləmək, sevməyə-çoxistəmək deyirdi

Mehdican.Tərslikdən Ayişəylə gedən oğlan o şalvardan geyinmişdi. Mehdi fikirləşdi... “o oğlan o şalvardan geyinib deyə o qız onunla gedir”!

Əslində o oğlan deyilən Ayişənin qardaşıydı. Əslində o bilirdi bunu. Bir gün əsəbiləşmişdi də onların birgə getməyinə. Əsəbiləşməyi möhkəm xoşlayırdı. Elə bilirdi kim hirslənirsə hamı ondan qorxur.

* * *

Hər şey yaxşı gedirdi. Hərə bir lodan qarnını doldurub çəkilmişdi bir küncə.

Qıvrımsaçın əhvalı lap əlaydı. Uşaq Ensiklopediyasındakı şəkillərə baxıb özünü orda tapmaqla məşğuldu. Sobanın belində çaydan fit verə-verə pıqqıldayırdı.

Hər şey yaxşı gedirdi. Təkcə dünyanın 6 ilinə bu dəqiqələrdə şərik olacaq Dürdanənin - ana, bə tort bişirmiyəssüz?-dediyi vaxta qədər. Hamının yadından çıxmışdı qızcığazın doğum günü.

Bütün qohum-əqrabaya qıy vurub muştuluq alan bibisinin də, qız anası olduğuna görə otaq dolusu gül alan atasının da,döşünün dibini sıyırıb içirdiyi anasının da, qısqanclığından bir dəfə az qala su quyusuna atdığı qıvrımsaçlının da, hər axşam layla-oxşamalarla bəzənən otağın divarlarının da...hər kəsin, hər şeyin,bircə qızcığazın özündən başqa.

Dürdanə günləri yatmaqla hesablayırdı.Qardaşı özü bir həftə öncə ona demişdi bu günü.
-qaqa, bi həfdə nə qədədi?

- 7 gün!

- 7 dəfə yatıb-duracuğ onnan sora ad günüm olacağ?

- həə!

O gündən sonra qızcığaz hər yuxudan duranda elə bilirdi bir qarış böyüyüb.Onun yaxşı yadındaydı qardaşının ad bayramı, anasının tort bişirib süfrə açmağı, atasının rəngli-rəngli sular almağı...

Ancaq qızcığaz bilmirdi zaman o zaman deyil.İndi atası siqareti nisyə alır, birini üç dəfəyə çəkir...bilmirdi anasının atdığı dərmanlar nişan üzüyü,yadigar qır-qızıllarıdı.

O bilmirdi qızıl dükanında dəyər-dəyməzinə satılan atasının kişilik qüruru, hər dükana girəndə qıcanan dişlər sızıldayan bəy tərifidi.

O, bunlardan xəbərsizdi. O,tort istəyirdi,sarı-qırmızı sok istəyirdi. Hamı stolda otursun, tortun üstünə adı yazılsın, üfləyib söndürsün şamları...O, belə istəyirdi...axı o,belə istəyirdi...

Hamı susmuşdu.Qızcığazın ikinci sualına atası durub salxım-salxım çölə çıxmaqla cavab verdi.

- ata, bə məyi təbrik eləmirsən? Mən böyümüşəm axı...baax...

Həyatdan aldığı ən qüvvətli zərbənin havası gərmə tüstüsündə boğulmuş atanı bayıra tulladı.

Oğlununun dalıyca çıxdığını bilmədi o.Mehdican ilk dəfəydi atasının ağladığını görürdü.

Elə bil nəsə uçdu qıvrım saçlı uşağın içində.

Sanki bir addım böyüdü Mehdican.
Vaxt həyətdəki qırış-qırış yarpaqların xışıltısında axırdı.

Elə bil zamanı külək sürüyürdü...

Uzaqda toy səsi eşidilirdi...Elə bil Vəfalı gəlin köçürdü..

Elə bil uzun ayaqlı qırmızı heyratını da cehiz aparırdı...Mehdican gözünü də,qaşını da,kipriklərini də dəyişməyə hazır idi.

Təki qırmızı heyratı hər səhər onunçün banlayaydı...təki Vəfalı ona deyəydi:-Mehdi, gəl üç şeyimizi dəyişək...Mehdican bir addım da böyüdü. Ayağının altından uçurumlu nəfəs çəkib

- ehh,vəfasız Vəfalı,vəfan bura qədərmiş – deyib getdi...

Ertəsi gün Dürdanə doqqazlarına taxılmış qoşa qırmızı kəlağayıya baxıb atasına – daha bəsdi, bəsdi...gəl bayrağları yendirək qaqam gəlsin, həəə?...ata...yendirək...gəlsin...- deyib balaca əlləriylə gözlərini ovuşdururdu.
XS
SM
MD
LG