Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:05

«Bu, lap Brejnev durğunluğunu xatırladır»


Hikmət Hacızadə
Hikmət Hacızadə
Mayın 20-i parlamentin İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələri «Ombudsman haqqında» qanuna dəyişiklikləri bəyənib. Söhbət artıq bir şəxsin bir dəfədən artıq ombudsman seçilmək imkanı əldə etməsindən gedir. Mövcud konstitusiya qanununa görə isə, bir şəxs yalnız bir dəfə ombudsman seçilə bilər. Parlamentin üzvü Arzu Səmədbəyli deyir ki, Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi Azərbaycanda çox pis ənənənin əsasını qoyub. Onun fikrincə, artıq bəzi millət vəkillərinin «Prokurorluq haqqında» qanuna da bu yöndə dəyişikliklərin edilməsini təklif etməsi Azərbaycanı mahiyyətcə orta əsrlərə qaytarmaq deməkdir:

- Bu tendensiya elə padşahlığa qayıtmaqdır. Artıq birinci şəxs bu məhdudiyyəti qaldırıb, ömürlük olmaq istəyirsə, aşağılarda da «xırda padşahlar» eyni istəyə düşürlər. Sabah bir də gördün bir hakimiyyətyönlü millət vəkili bir qanun yazdı və həmin qanunu Prezident Aparatından keçirib gətirdi ki, bəs millət vəkilləri də ömürlük olmalıdır. Bu proses ona gedir…

Arzu Səmədbəyli yada salır ki, ABŞ prezidenti Barak Obama Azərbaycanı Zimbabve ilə müqayisə edəndə bəzi hakimiyyətyönlü parlament üzvləri bundan narazılıq etmişdi. Ancaq onun fikrincə, Azərbaycandakı proseslər elə şəkil almaqdadır ki, bir qədər sonra Zimbabvenin özü bizim üçün əlçatmaz ola bilər.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə bir şəxsin bir dəfədən artıq ombudsman seçilmək imkanı əldə etməsində demokratiyaya zidd heç nə görmür. Onun fikrincə, sabah da millət vəkillərinin səlahiyyət müddətlərini artırmaq fikirinə düşəcəkləri haqda deyilənlər də qeyri-ciddi söhbətlərdir:

- Biz beynəlxalq aləmdə mövcud olan ən müsbət təcrübədən bəhrələnməliyik. Elə eləməliyik ki, ölkə beynəlxalq təcürbəyə söykənən qanunla inkişaf etsin.

Rəbiyyət Aslanova deyir ki, bir şəxsin bir dəfədən artıq ombudsman seçilməsi hallarına beynəlxalq təcürbədə rast gəlmək mümkündür.

«Far» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə isə deyir ki, bu dəyişiklik Ombudsman Aparatının icra hakimiyyətindən asılılığını bir qədər də artırır. Üstəlik, qanunun verdiyi rəqabət imkanı getdikcə daralır. H.Hacızadənin fikrincə, bəzi hakimlərin səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, onların dəyişdirilməməsi də bu prosesin tərkib hissəsidir. Sadəcə, bu halda icra hakimiyyətinin marağı qanuniləşdirilir. Hikmət Hacızadə düşünür ki, əslində hakimiyyət üçün indi sözəbaxan növbəti bir ombudsman tapmaq problem deyil. Görünür, hakimiyyət hər hansı fəallıq göstərməkdə maraqlı deyil.

- Bu, lap Brejnev durğunluğunu xatırladır. Qərbdən götürülən dövlət mexanizmi bunlara yaramır. Demokratiyanı, ədaləti qoyun bir yana. Qərbin dövlət mexanizmi aktivlik tələb edir. Bu aktivlik də onlara yaddır.

«Ombudsman haqqında» qanun konstitusiya qanunu olduğundan sənəd yalnız təkrar səsvermədən sonra qüvvəyə minə bilər. Qanuna görə, təkrar səsvermə də 6 ay sonra keçirilməlidir. Burdan belə çıxır ki, əgər mayın 22-də lap parlament bu dəyişikliyi qəbul etsə belə, sənəd dekabrdan tez qüvvəyə minməyəcək. Bu isə o deməkdir ki, ombudsman Elmira Süleymanovanın namizədliyini prezident, hələ ki, ikinci dəfə verə bilməz. Çünki mövcud qanuna görə, indiki ombudsmanın səlahiyyət müddəti iyulun 2-də başa çatır və o dərhal səlahiyyətlərinin icrasını dayandırmalıdır.

Bəs onda dekabra qədər Azərbaycanda ombudsman kim olacaq?

Bu sual həm də ona görə aktuallıq kəsb edir ki, bəzi hüquq müdafiəçilərinin fikrincə, qanuna edilən bu dəyişiklik Elmira Süleymanovanı ikinci dəfə ombudsman seçmək məqsədinə xidmət edir.

Müstəqil hüquqşünasların fikrincə, əgər iyuldan sonra da Elmira Süleymanova səlahiyyətlərini icra etməyə davam etsə, bu qanunsuz olacaq. Əks halda ya iyulda prezident digər şəxsin namizədliyini verməli, ya da ölkə ombudsmansız qalmalıdır.
XS
SM
MD
LG