Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:07

Dinc şəraitdə əsgərlər niyə ölür?


Bakıda hərbi parad, 28 may 2008
Bakıda hərbi parad, 28 may 2008
Ötən həftə Azərbaycan ordusunda baş verən bir hadisənin təfərrüatı hələ də bəlli deyil. Məlum olan sadəcə budur ki, Şəmkirdəki Seyfəli poliqonunda kiçik çavuş Orxan Səfərov 3 çavuşu və bir əsgəri öldürüb. Bir əsgəri isə yaralayıb.

3 ÇAVUŞ, 1 ƏSGƏR ÖLDÜRÜLÜB?

Rəsmilər hadisənin səbəbi haqda heç nə demirlər. Bircə bu deyilir ki, faktla bağlı cinayət işi qaldırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu:

«Orxan Səfərov artıq həbs edilib. İstintaq hadisənin hansı motiv əsasında baş verdiyini müəyyən edəcək».

Bu arada ANS məlumat yayıb ki, Orxan Səfərov ilkin ifadəsində öldürdüyü çavuşların ona qarşı zor işlətdiklərini söyləyib. Hərbi Prokurorluğun mətbuat xidmətindən Əfrayim Təhməzov isə «Azadlıq» radiosuna deyib ki, hələlik kiçik çavuşun ilkin ifadəsiylə bağlı məlumatsızdır və bu barədə əlavə açıqlama verəcəklər. Amma o bildirib ki, hadisəylə bağlı Cinayət Məcəlləsinin iki maddəsi - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4) və iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7)
Ələkbər Məmmədov
maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı bu maddələr başqaları ilə tövsf edilə bilər.

ÖLKƏ RƏHBƏRLİYİ REAKSİYA VERMƏLİDİR

«Şəmkir poliqonunda baş verənlər nə birinci, nə də bu gedişlə sonuncu hadisə olacaq. Nə qədər ki, bu işə görə yüksək rütbəli zabitlər cəzalanmayacaq, bu hallar arta bilər». Bunu Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan mərkəzinin rəhbəri Ələkbər Məmmədov deyir. Onun sözlərinə görə, bu cür hallar artıq kütləviləşir və ölkə rəhbərliyi buna reaksiya verməlidir. Təşkilat bununla bağlı ölkə başçısına müraciət də göndərib:

«Həyəcan təbili çalaraq ölkə rəhbərliyini müəyyən tədbir görməyə, günahkarları cəzalandırmağa çağırmışıq. Nizamnamədən kənar hərəkətlər orduda «dedovşina»ya, fərariliyə, ölüm hallarına gətirir. Hətta onun şahidi olmuşuq ki, əsgərlər əks tərəfə - Ermənistana keçir, həmişə də deyirlər ki, hərbi hissədə döyülüblər, incidiliblər. Məncə, sonuncu ölüm hadisəsi də bu səbəbdən ortaya çıxa bilər».

Yeri gəlmişkən, Ələkbər Məmmədov çavuşun zorlanması haqda deyilənlərə daha çox inanır, nəinki nazirliyin ilk gündən yaydığı ehtimala. İlk günlər Müdafiə Nazirliyi hadisənin ehtiyatsızlıq üzündən baş verməsini istisna etməmişdi. Amma Ələkbər Məmmədova görə, ehtiyatsızlıq üzündən beş nəfəri eyni vaxtda yaralamaq çətin ağla batan görünsün.
Eldar Sabiroğlu
Hətta hadisə ehtiyatsızlıqdan baş versə belə, bu onu göstərir ki, hərbçilər silahla davranış qaydalarını bilmirlər. Ələkbər Məmmədovun qənaətincə, buna görə də ordu rəhbərliyi hadisələrə müxtəlif don geydirib vəziyyətdən çıxmağa çalışır.

«ORDUDA VƏZİYYƏT NƏZARƏTDƏDİR»(Mİ?)

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyir ki, Seyfəli poliqonunda baş verənlərlə bağlı müxtəlif fikirlər yürüdülə bilər. Buna təbii baxmaq lazımdır. Artırmalar, əskiltmələr də olacaq. Amma bununla belə, Eldar Sabiroğlu əmin edir ki, orduda bütün vəziyyət nəzarət altındadır:

«Amma bəzən elə hadisələr baş verir ki, adam gözləmir. Ona görə də bunu ordudakı ölüm hallarının çoxalması kimi, nəzarətin itirilməsiylə, cavabdehlərin məsuliyyətsizliyi ilə əlaqələndirmək doğru deyil. Hər bir hadisə diqqətlə araşdırılır, onun səbəb və nəticələrinə uyğun da tədbir görülür.
Üzeyir Cəfərov
Komandir və ya başqa biri məsuliyyət daşıyırsa, onun haqqında ölçü götürülür».

«QƏRİBƏ VƏZİYYƏT: NAZİR ƏSGƏRLƏRİN ÖLÜMÜNƏ MÜNASİBƏT BİLDİRMİR»

«Milaz» İnformasiya Agentliyinin direktoru Üzeyir Cəfərovsa ona diqqət çəkir ki, təkcə bu ilin ilk beş ayında ölən hərbiçilərin sayı 35-ə yaxındır. Və onların arasında döyüşdə ölənlərin sayı 20-25 faizi təşkil edir, əksəriyyəti isə qeyri-döyüş vəziyyətində ölüb. Üzeyir Cəfərova görə, bu halda bir yol qalır:

«Müdafiə naziri istefaya göndərilməlidir. 15 ildə, onun rəhbərliyi dövründə böyük bir motoatıcı briqadanın üzvləri qədər əsgər ölüb. Ötən il 70-ə yaxın, 2007-ci ildə 60-a yaxın hərbi qulluqçu dünyasını dəyişib. Döyüş itkilərinin sayı çox cüzidir. Yerdə qalan komandir səhlənkarlığı, özbaşınalıq nəticəsində baş verib. Qəribə vəziyyət yaranıb. Müdafiə naziri ölüm hallarına münasibət bildirmir. Təəccüblənmirəm. Nazir müavini, general-leytenant Rail Rzayevin ölümüylə bağlı ağzını açıb ictimaiyyətə məlumat vermirsə, demək ki, əsgər ölümləri onun üçün çox adidir».

BİR DAHA RƏQƏMLƏRƏ NƏZƏR SALAQ

Müdafiə və Təhlükəsizlik sektoruna İctimai Nəzarət Koalisiyasının məlumatına görə, son altı ildə 349 hərbi qulluqçu ölüb. Onlardan 142 nəfəri döyüş, 207 nəfəri isə qeyri-döyüş vəziyyətində ölüb. Məsələn, 46 nəfər intihar, 27 nəfər qəza, 66 nəfər qeyri-nizamnamə hərəkətləri, 51 nəfər bədbəxt hadisələr, 17 nəfər müəmmalı və naməlum vəziyyətlərdə vəfat edib.

Dinc şəraitdə Azərbaycan ordusunun hərbçilərinin ölümü nəylə bağlıdır? Vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Şərhlərinizi göndərin.
XS
SM
MD
LG