Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:14

Universitetə girməyə məcbursunuzmu?


Evelina Yonson və Aynur Nəbiyeva
Bu sualı isveçli gənc Evelina Yonson Azərbaycan gənclərinin qarşısında qaldırır.

O, Azərbaycanda «Yuva» Humanitar Mərkəzinin «Şəffaf Təhsil Şəbəkəsi» layihəsində çalışır. Öz təcrübələrini bölüşmək üçün layihəyə qatılıb. O deyir ki, öz ölkəsində nə orta məktəbdə, nə də universitetdə rüşvət anlayışına rast gəlməyib.

Evelina Azərbaycan təhsil sistemindən bura gələndə xəbər tutub. Azərbaycanda müəllimlərin maaşının az olmasını əsas problem kimi görür. Onun fikrincə, Azərbaycanda təhsildə şəffaflığın olmaması imtahan sistemi ilə əlaqəlidir:

«Bizdə tələbəyə qiyməti sizdən fərqli olaraq bir nəfər yazmır. İki nəfər tələbənin biliyini yoxlayır, sonra internetlə də müəyyənləşdirilir ki, görək tələbə haradansa köçürməyib ki?».

Evelina hesab edir ki, təhsildəki problemlər vətəndaşların yanaşmasından qaynaqlanır:

«Sizdə belədir ki, uşaq orta məktəbi bitirirsə, o, mütləq universitetə girməlidir. Onun başqa yolu yoxdur. Əgər öz biliyinə universitetə girmirsə, onu rüşvətlə və ya başqa yolla harasa düzəltməlidirlər. Amma məncə, onlara bir il vaxt verilməlidir ki, nə etmək istədikləri barədə düşünsünlər. Sən universitetə ailənin təzyiqi ilə daxil olmusansa, marağın olmayan dərsə davamiyyətin də olmayacaq, rüşvət verib qiymət də alacaqsan. Bu ilk təzyiq sonradan pis nəticələrə səbəb olur».

«14-24»ün digər qonağı «Yuva» Humanitar Mərkəzindən Aynur Nəbiyeva deyir ki, layihələrinin əsas hədəfi şəffaf təhsil şəbəkəsinin qurulmasıdır. Bu layihə birbaşa ali təhsildə korrupsiya əleyhinə yönəlib:

«Hədəf qrupumuz 5 dövlət universitetidir: İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Texniki Universitet, Dillər Universiteti və Neft Akademiyası. Bu, formal hədəf qrupudur. Əslində, layihə istər paytaxtdan, istərsə də regionlardan olan bütün tələbələr üçün açıqdır».

Aynur deyir ki, universitetlərdə «Şəffaf Təhsil Şəbəkəsi» layihəsinə əngəllər də var:

«Biz istəyirik ki, universitet heyətindən hər kəs cəlb olunsun. Amma bir qədər çətindir. Hətta universitetlərə daxil olmağımız da çətindir. Biz layihə təklifində planlaşdırmışdıq ki, seminarlarımız universitetlərin öz binalarında keçirilsin. Lakin məsələn, İqtisad Universitetində ikinci seminarımızda dekan müavini nəinki mane oldu, tələbələri dağıtmağa çalışdı. Bəzi tələbələri aparsa da, qalan tələbələr də oldu. Onlarda əvvəlcədən belə bir yanlış fikirlər yaranmışdı ki, kənardan kimsə gəlib universitetdə tələblərlə söhbət aparır».

«Yuva» Humanitar Mərkəzi tələbənin öz problemlərini göstərməsi üçün karikatura müsabiqəsi də keçirir. Aynur deyir ki, karikatura çatışmazlıqların göstərilməsi üçün ən yaxşı yoldur:

«Problemlərin daha böyük kütləyə çatdırılması daha yaxşıdır. Yəni, tələbə özü bunu çəkib göstərir və tələbə bunu istəmir».
XS
SM
MD
LG