Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:31

Obama dünya müsəlmanlarına müraciətdə nələri etiraf etdi?


Barak Obama Misirdə çıxış edir
Barak Obama Misirdə çıxış edir
«Mən burdayam ki, Amerika ilə islam dünyası arasında münasibətlərdə yeni mərhələnin başlanmasına çalışım».

ABŞ prezidenti Barak Obama Qahirə Universitetindən dünya müsəlmanlarına müraciətinə belə başlayıb.

Obama deyib ki, indiki qloballaşma dövründə bəzi müsəlmanlarda belə bir təsəvvür yaranıb ki, Amerika onların ölkələrini, dinini sıxışdırır, onların dəyərlərinə qarşı çıxır. Bu təsəvvürlərdən də müsəlmanların kiçik bir qrupu - ekstremistlər sui-istifadə edirlər.

Amerika prezidenti deyib ki, onun ölkəsində bəzilərində belə bir yanlış təsəvvür var ki, islam Qərbə düşməndir, insan haqlarına qarşıdır.

AMERİKA İMPERİYA DEYİL, ƏKSİNƏ...

Amma prezident onu da bildirib ki, müsəlman ölkələrində də Amerika haqda səhv təsəvvürlər var. Birləşmiş Ştatlar heç də yalnız öz maraqlarını güdən imperiya deyil. Əksinə özü imperiyaya qarşı çıxaraq müstəqillik qazanıb. Obama Amerikanın daim inkişaf edən bir ölkə olduğunu qeyd edib və deyib ki, bu dəyərlər o qədər inkişaf edib ki, indi Barak Hüseyn Obama adlı şəxs prezident seçilib.

O hesab edir ki, Amerika ilə islam dünyası arasında etibarı bərpa etmək üçün ilk növbədə ekstremizmlə mübarizəni gücləndirmək lazımdır. Ekstremizm 2001-ci ilin 11 sentyabrında Amerikada 3 min günahsız insanın ölümünə yol açıb.

Obama deyib ki, ekstremizmə qarşı sərt ölçü götürməkdə davam edəcəklər. Onun sözlərinə görə, məhz 11 sentyabr terrorundan sonra Əfqanıstana girib Taliban rejimini devirməyə məcbur olublar. Amma Əfqanıstanda baza yaratmaq fikirləri yoxdur, sabitlik yaradan kimi ölkəni tərk edəcəklər. Həm də ekstremizmlə mübarizə üçün Pakistanda məktəblər tikəcəklər, Əfqanıstan iqtisadiyyatını dirçəltməyə çalışacaqlar.

Amma Obama bildirib ki, İraq müharibəsinə məcburiyyət qarşısında başlanmayıb. Bu işi diplomatik yolla həll etmək mümkün ola bilərdi. Amma prezident İraqda da daim qalmaq fikirləri olmadığını bildirib. Deyib ki, bu səbəbdən qoşunları İraqdan tezliklə çıxarmaq göstərişi verib.

İKİ XALQ, İKİ DÖVLƏT

Obama deyib ki, 11 sentyabr onlar üçün ağır travma idi, amma həmin hadisədən sonra Amerika rəhbərlərinin bəzi hərəkətləri ölkənin rəhbər tutduğu dəyərlərin tələb etdiyi kimi olmadı.
Obama məhz bu səbəbdən işgəncəni qadağan etdiyini, terrorda ittiham edilənlərin saxlandığı Quantanamo düşərgəsini bağlamaq göstərişi verdiyini bildirib.

Obama İsrail-Fələstin münaqişəsinin də tezliklə həllini vacib sayır. O deyib ki, heç kəsə sirr deyil ki, İsraillə Amerikanın güclü əlaqələri var. Amerika yəhudilərin müstəqil dövlətdə yaşamaq ideyasını dəstəkləyir. Çünki yəhudilər əsrlərlə hücumlara, 2-ci Dünya müharibəsində isə soyqrıma məruz qalıblar.

Amma Obamanın fikrincə, Fələstin xalqının da müstəqil dövlət qurmaq haqqı var. Fələstinlilər onilliklərdi işğaldan əziyyət çəkir, köçkün həyatının əziyyətlərinə qatlaşır.

Obama bildirib ki, onlar bu məsələdə iki dövlət ideyasını dəstəkləyirlər. Amma İsrail, Fələstin dövlətinin qurulmasına qarşı çıxmamalı, Fələstin torpaqlarında yəhudilər üçün yeni qəsəbələr salmağı dayandırmalı,
«Həmas» isə İsrailə - dinc sakinlərə raket atmağı dayandırmalı, sülh danışıqlarındakı əvvəlki razılaşmaları tanımalıdır.

AMERİKA YAXIN ŞƏRQDƏ NÜVƏ YARIŞI İSTƏMİR

Obama deyib ki, Amerika ilə islam dünyası arasında narazılıqlara gətirib çıxaran problemlərdən biri də İranın nüvə proqramıdır. O deyib ki, Amerika Yaxın Şərqdə nüvə yarışı istəmir. Bu, bütün dünyanın maraqlarına ziddir.

Obama deyib ki, həqiqətən də indi bəzi dövlətlər nüvə silahına malikdir, bəziləri yox. Amma Amerika prezidenti deyib ki, indi onlar nüvə silahı olmayan dünya qurmağa çalışırlar. Amma onun sözlərinə görə, İranın dinc məqsədlərlə nüvə enerjisi almaq haqqını tanıyırlar.

Obama müsəlman ölkələrində demokratiyanın inkişafını da vacib sayır. O deyib ki, düzdür, heç bir ölkə başqa bir dövlət üçün siyasi sistem müəyyənləşdirə bilməz, amma onun sözlərinə görə, Amerika zorakılıq yox, xalqın rəyi, ədalətli seçkilər yoluyla iqtidara gələn hökumətləri dəstəkləyir. Obama bildirib ki, bu, Amerika dəyərləri deyil, dünya dəyərləridir.

Obama həm də müsəlman ölkələrində qadın azadlığının təmin edilməsi sahəsində daha çox səylər göstərilməsinə, yeni texnologiyaların qarşısının alınmamasına çağırıb.

O deyib ki, doğrudur, bir müraciətlə Amerika və islam dünyası arasında illərdir yaranan gərginliyin aradan qalxacağına inanmır, amma onun fikrincə, mövcud problemləri həll etmək mümkündür. Çünki bütün dinlərin bir ümumi cəhəti var - onların hamısı sülhə çağırır.

Barak Obama Misirdə
Gözlə
Embed

No media source currently available

0:00 0:02:10 0:00
Direct-ə keçid
XS
SM
MD
LG