Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

Mütəllibov İlham Əliyevə məktubunun məzmununu açıqlayır


Ayaz Mütəllibov
Ayaz Mütəllibov
Azərbaycanın keçmiş prezidenti, 1992-ci ildən Moskvada mühacirətdə yaşayan Ayaz Mütəllibov ötən ay Bakıya qayıtmaq üçün prezident İlham Əliyevə müraciət edib. Azərbaycanda 1992-ci ilin Xocalı qırğınına görə haqqında cinayət işi açılıb axtarış elan edilən Ayaz Mütəllibov ölkə başçısına müraciətinin səbəbləri barədə “Azadlıq” radiosuna danışıb.


- Sizin Azərbaycan prezidenti İlham Əliyevə müraciətiniz nəylə bağlı idi, prezidentdən xahişiniz, ya ona ismarıcınız nədir?

- Müraciətim ilk növbədə mənim vətənə qayıtmağım üçündür.

Mənim müraciətimdə siyasi məna da var. Bildirirəm ki, 1992-ci ildə məcburiyyət qarşısında mühacirətə getmişəm.

Məni vicdan sıxır ki, Azərbaycanın ilk prezidenti kimi vətənimdə belə biganəliklə üzləşmişəm. Pis-yaxşı, mən Azərbaycanın ilk prezidenti olmuşam. Mənə və ailəmə qarşı bu münasibət aradan qaldırılmalıdır.

Ümidimi də bildirmişəm ki, ölkə prezidenti bu məsələyə müsbət rəy verəcək.

Mən əvvəllər də ayrı-ayrı çıxışlarımda Azərbaycana qayıtmaq istədiyimi bildirmişəm. Amma indi istədim ki, özüm şəxsən prezidentə müraciət edim. Qoy, özü bilsin ki, mənim mövqeyimin nədən ibarətdir, ondan nəyi xahiş edirəm.

- Müraciəti nə vaxt göndəribsiz?

- Mənim məktubum təxminən mayın 21-də çatdırılıb.

- Bilirsiniz ki, artıq prezidentə çatdırılıb?

- Bəli, bilirəm, məlumat almışam.

- Hələ cavab yoxdur?

- Xeyr.

- Bəs, bir cavab almasanız, növbəti mərhələ üçün bir planlarınız varmı?

- Mən hesab etmirəm ki, burada uzunçuluğa yol veriləcək. Ancaq 17 ildir burda səbrlə gözləyirik, yenə bir az da gözləyərik də. İndi heç nə deyə bilmərəm. Prezidentin öz rəyi olmalıdır.

- Sizin haqqınızda Azərbaycanda cinayət işi də var. Bu vəziyyətdə necə qayıdacaqsınız?

- Mən haqqımda cinayət sözləri işlədiləndə mənəvi əzab çəkirəm. Mən xalqa nə pislik etmişəm? Azərbaycana qarşı olmamışam, təxribat törətməmişəm, bu yolda ailəmi qurban vermişəm... İndi siyasətbazlıqla məşğul olan adamlar uydurma cinayət işi qaldırıblar. Buna da ölkə rəhbərliyinin münasibəti bildirilməlidir. Çox guman ki, bu da bildiriləcək.

- Bakıya dönməklə bağlı planlarınız nədir? Qayıdıb siyasi fəaliyyətinizi davam etdirmək istəyirsiz, yoxsa, sadə bir vətəndaş kimi yaşamaq istəyirsiz?

- Mən Azərbaycan Sosial-demokrat partiyasının həmsədriyəm. Partiyamızın mövqeyi cəmiyyətə bəllidir. Biz təkamül yolu ilə hərəkət edirik, inqilabi, radikal yollara razılıq verməmişik. Ona görə, burada (gülür...) heç bir əngəl də ola bilməz.

- Yəni, Sizin fikrinizi belə ifadə etmək olarmı ki, Bakıya dönsəniz, müxalifətdə olmayacaqsınız?

- Yox, müxalifət məsələsi deyil. Bir partiya kimi ölkə rəhbərliyinə məsləhətlərimizi çatdıra, müəyyən nöqsanlara öz tənqidi münasibətimizi də bildirə bilərik. Ancaq bu o demək deyil ki, biz radikal müxalifət mövqeyindəyik.
XS
SM
MD
LG