Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:55

«Bu, Azərbaycan təhsili üçün böyük utancdır»


Attestat almayanlar Təhsil Nazirliyinin binasının önünə toplaşmışdılar
Attestat almayanlar Təhsil Nazirliyinin binasının önünə toplaşmışdılar
İyunun 20-dən orta məktəbi bitirən şagirdlərin attestat qiymətləri açıqlanaraq məktəblərə göndərilib. Təhsil naziri Misir Mərdanov bildirir ki, bu il mərkəzləşdirilmiş test bütün ölkə üzrə keçirilib və orta məktəbi bitirən şagirdlərin təxminən 78 faizi attestat alacaq. Attestat almayanlar isə bu gün Təhsil Nazirliyinin binasının önünə toplaşmışdılar. İyunun 22-dən 30-na kimi burada vətəndaşların buraxılış imtahanları ilə bağlı apellyasiya şikayətləri qəbul edilir:
(yazı videonun altında davam edir)
Təhsil nazirliyi qarşısında etirazlar
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid

«MƏKTƏBDƏ HEÇ NƏ ÖYRƏTMİRLƏR, SONRA DA DEYİRLƏR Kİ, GƏL İMTAHANA»

- Neçə almısız imtahandan?

- Xarici dildən 2 almışam. Ali məktəbə hazırlaşıram. Ona görə xahiş edirəm ki, cənab Misir Mərdanov bizə kömək eləsin.

Əzizbəyov rayonunun 181 saylı orta məktəbinin 11-ci sinifini bitirən Faiq Nəzərli bildirir ki, imtahanda vaxtı düzgün bölüşdürmədiyi üçün ingilis dili fənni üzrə az suala cavab yazıb. İndi yenidən imtahan verməsinə şərait yaradılmasını istəyir.

91 saylı məktəbin şagirdi Günay Səfərova isə deyir ki, attestat ala bilməməsinin səbəbi məktəbdə tədrisin səviyyəsinin aşağı olmasıdır:

- Məktəbdə normal dərs keçsinlər ki, biz də 8 fəndən imtahan verə bilək. Məktəbdə heç nə öyrətmirlər, sonra da deyirlər ki, gəl imtahana. Birdəfəlik desinlər ki, attestatı vermirik, biz də küçələrə düşməyək.

ƏRİZƏ YAZMAĞA MASA YOXDUR

Valideynlər deyirlər ki, səhər saat 9-dan apellyasiya şikayəti vermək üçün növbəyə durublar. Təhsil Nazirliyinin binasında isə bunun üçün heç bir şərait yaradılmayıb. Biz ərazidə olanda şikayət ərizələri nazirlik binasının yan tərəfindəki üç pəncərəsindən qəbul edilirdi. Vətəndaşlara şikayət ərizəsini yazmaq üçün masa belə verilməmişdi. Valideynlər ərizələri ya asfaltın, ya da yaxınlıqda dayanan maşınların üzərində yazırdılar. Hətta ərazidə asayişə nəzarət edən Post Patrul Xidmətinin maşını da vətəndaşlar üçün yazı masasını əvəz edirdi.

Valideynləri narahat edən əsas məqamlardan biri də övladlarının biliklərinin düzgün qiymətləndirilməməsidir:

- Oğlum 7 fəndən 4-5 qiymət alıb. Xarici dildən 15 sualdan 4-nə düz cavab yazıb 2 alıb. Müəllimlərinə də yoxlatdırmışam 4 cavab düzdür.

- Apellyasiya üçün müraciət eləmisiz?

Valideynlər ərizələri ya asfaltın, ya da yaxınlıqda dayanan maşınların üzərində yazırdılar
- Səhər saat 9-dan burdayam. Ərizəmi verə bilmirəm. Növbə böyükdür. Mən öz haqqımı istəyirəm.

«BU, AZƏRBAYCAN TƏHSİLİ ÜÇÜN BÖYÜK UTANCDIR»

Şikayətlər sırasında test suallarının düzgün tərtib edilməməsinə görə şagirdlərin seçim qarşısında qalması da var idi:

- Birincisi, test suallarını düzgün tərtib etməyiblər. İkincisi isə, bu qədər uşağın imtahandan qiymət ala bilməməsi Azərbaycan təhsili üçün böyük utancdır. 11 il bu uşaqlar məktəbə nə üçün gediblər? Əslində, test sualları çox bəsitdir. Uşaqların 2 almasının səbəbi odur ki, məktəblərdə dərs keçmirlər.

NAZİR: «2 ALAN ŞAGİRDLƏR ÜÇÜN HEÇ BİR GÜZƏŞT NƏZƏRDƏ TUTULMAYIB»

Təhsil naziri Misir Mərdanov isə bildirir ki, ümumiyyətlə, göstəricilər təhsilin səviyyəsinə adekvatdır. Şikayətlərə gəlincə, onların hamısı araşdırılacaq:

- Apellyasiya şikayətləri qəbul olunur. Mən soruşdum, bildirdilər ki, say azalıb. Kimin apellyasiya şikayəti varsa, onun öz iştirakı ilə baxılacaq, niyə attestat almamasının, ya da niyə aşağı qiymət almasının səbəbləri açıqlanacaq.

Misir Mərdanovun sözlərinə görə, hər hansı fəndən 2 alan şagirdlər üçün heç bir güzəşt nəzərdə tutulmayıb. Onlar attestat almaq üçün gələn il yenidən imtahan verməli olacaqlar.

Orta məktəblərdə mərkəzləşdirilmiş testin nəticələri ötən il də mübahisə doğurmuşdu, testdən 2 alanlar və valideynləri bir neçə gün Təhsil Nazirliyinin qarşısında aksiya keçirmişdilər. Nəticədə təkrar imtahan təşkil olunmuşdu, ancaq təxminən 1.200 nəfər yenə kəsilmişdilər və bu il onlar yenidən imtahan verməli oldular.
XS
SM
MD
LG