Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:43

Prezidentə yeni iqamətgah tikilir


Yeni iqamətgah
Yeni iqamətgah
Paytaxtda prezident İlham Əliyevə yeni iqamətgah tikilir. Xan Şuşinski küçəsinin köçürülmə qorxusu yaşayan sakinləri «Azadlıq» radiosuna deyirlər:

«Bu gün gəlib çıxıblar ki, biz köçməliyik burdan. Prezident üçün iqamətgah tikiblər. Heç bir sənəd göstərmir, heç bir sərəncam göstərmirlər. Deyirlər, getməlisiniz erməni qəbiristanlığına;

Ətrafımız hündür binalarla əhatə olunub, bunu görə bilərsiniz. Dövlət tərəfindən tikilmiş möhtəşəm bir saraydır. Burda haradasa 50 hektar yer var».

SÜNİ GÖL... BUZ MEYDANÇASI...

«Bu qonaq otağı, bu da qonaq otağı, bu idman zalıdır. Bu birisi də iqamətgahıdır. Demək olar ki hazırdır. Qabaq tərəfdə (Azadlıq Prospekti istiqamətini göstərir) hovuzu, süni gölü hazırlanır. O biri tərəfdə buz meydançası düzəldirlər».

Sakinlərdən Səfər Ələkbərovun təsvir etdiyi bu layihə Xan Şuşinski küçəsinin bir hissəsi ləğv olunduqdan sonra, yəni 50-yə yaxın ailə həmin yerdən köçürüldükdən sonra baş tutacaq.

Yarım əsrdir burda yaşayanların təlaşına səbəb isə Nərimanov Rayon İcra Hakimiyyətinin kompensasiya ödəmək istəməməyidir. Şəxsi evlərinin əvəzinə edilən təklif isə keçmiş xristian məzarlığının yerində salınan dördmərtəbəli binalardır.

«Milli Məclisin də, Nazirlər Kabinetinin də qərarı var ki, kompensasiya ödənilməlidir. Bunlar hamısı var, amma heç kim bunlara məhəl qoymur. Bir söz deyirlər ki, getməlisiniz. Mən bu boyda ev tikmişəm. Bunu heç bir ölçü ilə ölçə bilməzsən ki, gedəsən elə bir yerə. Orda da mətbəxi 3 kvadrat, hamam-tualeti kvadrat yarım. Adi bir karnizi vurmaq olmur, uçub tökülür;

…Əgər belə hökumət səviyyəsində tikili gedirsə, köçürülməyimizə heç kim etiraz eləmir. Hökumətə qarşı heç kim çıxmaq istəmir. Ancaq hər şey qayda-qanunda yazılan kimi olmalıdır. Yəni mənim kompensasiyamı ödə, istədiyim yerdən, mənə xoş gələn, münasib bir tikili təklif elə, mən fikirləşim. Ya da ki, mənim kompensasiyamı ödə. Zorakılıqla deyir ki, elə mən tikdiyim «quşxana»lara köçməlisiniz;

«Dövlət tərəfindən tikilmiş möhtəşəm bir saraydır. Burda haradasa 50 hektar yer var»
…17 yaşımdan burdayam. İndi 70 yaşım var. Bu müddətdə mən gecə-gündüz işləyib özümə yuva tikmişəm. Mənim balalarım var, nəvələrim var. İndi mənə deyir ki, sən buranı at, get. A kişi mənim nəyim var? Niyə məni yerimdən tərpədirsən? Lazımdırsa, tərpət. Amma qanunla. Gətir, ölç, biç, pulumu ver, gedib birini də başqa yerdə tikim».

«LOTUYANA DEYİR Kİ, ÇIXMALISAN VƏSSALAM»

Vətəndaşların dediyinə görə, İcra Hakimiyyətindən onlara köçürülmə ilə əlaqədar heç bir sərəncam, köçürmə şərtləri təqdim edilməyib:

«Bir sənədlə də gəlmir. Camaatı çıxardır, amma sərəncam-zad yoxdur. Elə lotuyana deyir ki, çıxmalısan vəssalam. Bir az danışırsan da, polis çağırır».

Sakinlərdən 48 yaşlı Elşad Həbibov köçürülmələrinə etiraz etmədiklərini deyir. Narazılıqları Mülki Məcəllədə onlara verdiyi hüququn pozulmasındandır:

«Hökumət səviyyəsində kompensasiya ödənilsin, biz çıxaq gedək. Kompensasiya vermir, deyir ki, get mən tikdiyim kazarmada yaşa. Xeyir ola?

…3 dəfə buranı təmir ediblər. Baxırlar, sökürlər, tökürlər yerə. Xoşları gəlmir, təzədən bir də. Bizlik deyil, özləri bilərlər, necə tikirlər, nə edirlər, bizim səlahiyyətimizdə deyil. Amma bizim səlahiyyətimizdə odur ki, bu həyət mənimkidir. Biz demirik ki, çıxmayaq. Əgər bu, tikilibsə, burdan getməliyik. Hamı bunu birmənalı başa düşür. İcra hakimiyyətindən prezident aparatına yazırlar ki, biz sakinlərə təklif edirik, amma bizə deyirlər durun çıxın. Belə söhbətlər edirlər. Axı bizə kim kompensasiya təklif edib?»

Ata-baba mülkünü bina evinə dəyişmək istəməyən sakinlər təzyiqlərlə üzləşdiklərini də deyirlər:

«İcra hakimiyyəti tərəfindən təzyiqlər olur. Kim hökumət işində işləyir, telefonunu öyrənib, zəng edib işdən çıxarmaqla hədələyirlər;

Ziya Bünyadov prospektinə bitişik (Çermet tərəf) məzarlıq üzəridə inşa edilən 15 yaşayış binasında hələ ki təmir işləri davam edir.
Təzə metod tapıblar. Gah işığı kəsirlər, gah qazı kəsirlər, gah suyu kəsirlər. İndi bax bizim işıq yoxdur».

KÖÇÜRMƏZDƏN ƏVVƏL SAKİNLƏRLƏ HEÇ BIR RAZILAŞMA OLMAYIB

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bu ünvanda yerləşən yataqxanası artıq sökülüb, yataqxanadakı 30-a yaxın ailə ayrılan binaya köçürülüb.

Ziya Bünyadov prospektinə bitişik (Çermet tərəf) məzarlıq üzəridə inşa edilən 15 yaşayış binasında hələ ki təmir işləri davam edir. Qaz borusu, telefon qovşağı yoxdur.

Bir neçə aydır burda yaşayan Fərid Əliyevi yeni düzən qane etmir. Deyir ki, köçürməzdən əvvəl sakinlərlə heç bir razılaşma olmayıb:

«Hamamı elə düzəldiblər ki, su hamısı evə axıb gəlir. Qonşu ilə arakəsmələr taxtadandır. Təmir bərbad vəziyyətdə. Nəmişlikdir. Qaz borularımız çəkilməyib. Ventilyasiya söhbəti yoxdur;

…Buna bax, o yan da alçıpan, bu yan da alçıpan. Gəlib bundan sonra söküb kubiklə tikməyəcəksən ki... Görürsünüz də, divarlarda dumbul çalacağıq;

…Telefon xətlərimiz çəkilməyib. Getmişik Xətai Telefon Qovşağına, deyirlər ki, əlavə ödəniş etməlisiniz ki, ora telefon çəkilsin».

Yaşının yarısını haqlamış Elmira Qəhrəmanova da təzə mənzilinə gələndən bəri havaya pul sovurduğunu deyir:

«Öz cibimdən pul verib kafel aldırıb vurdurmuşam. Qapı örtülmürdü, santexnika işlərinin hamısını öz cibimdən edirəm. Hər-halda bizə pul verilsəydi, bundan daha sərfəli olardı. Bəlkə, mən gedib vətənimdə - başqa yerdə yaşamaq istəyirəm?!»

Molla Cümə küçəsindəki binanın komendantı isə deyir ki, Elmira Qəhrəmanova naşükürlük edir:

O boyda gəlmisiniz, gül kimi damlarda oturmusunuz, danışanda heç olmasa Allahla danışın.
Nəyi gül kimidir? Yaxşıdır? Gəl yaşa da özün.
Nə olub ki? Yaşayıram da.
Bəs bu boyda camaat köçüb, qazı niyə buraxmırlar?

Xan Şuşinski küçəsinin sakinləri Prezidentin İcra Aparatına, Ombudsmana məktublar yazdıqlarını deyirlər. Şikayətlərini çatdırmaq üçün ümidlərini iqamətgaha baxmağa gələn prezident ailəsinə bağlasalar da, cəhdləri uğursuz olub:

«Polisləri tökdülər, heç küçədə də qoymadılar durmağa ki, evinizə girməlisiniz. Mən həyətimdə dayanmışam, arxa tərəfdə bağda. Polis deyir ki, gir evə. Deyirəm axı niyə girməliyəm?
«Öz cibimdən pul verib kafel aldırıb vurdurmuşam»
Bağımdır, dayanmışam da. Deyir heç üzünə baxma, ümumiyyətlə görməyəcəksən onu».

HÜQUQŞÜNAS DEYİR VƏTƏNDAŞLAR RAZI SALINMALIDIR

Nərimanov Rayonu İcra Hakimiyyətindən isə məsələyə aydınlıq gətirilmədi. Bir neçə dəfə cəhd etsək də, nə qəbula yazılmaq mümkün oldu, nə də telefonla əlaqə saxlamaq.

Dünyanın bir çox ölkəsində prezidentlər üçün iqamətgahlar tikiləndə obyektin strateji əhəmiyyəti nəzərə alınaraq xüsusi təhlükəsizlik tədbirləri görülür. Belə hallarda vətəndaşların köçürülməsi də baş verir.

Amma hüquqşünas Sadiqə Mehdizadə deyir ki, strateji əhəmiyyətindən asılı olmayaraq vətəndaşlar razı salınmalıdır:

«İlkin şərt ondan ibarətdir ki, dövlət ehtiyacları üçün hansısa torpaq sahəsi, ümumiyyətlə, ev, hər hansı mülkiyyət alındıqda onun bazar qiyməti tam ödənilməlidir. Burda bazar qiymətinin üzərinə vurğu qoyulur».

Tikilməkdə olan prezident iqamətgahına görə Xutor qəsəbəsində yerləşən 16 mərtəbəli iki yaşayış binasının tikintisini də dayandırıb. STS İnşaat şirkətinin tikdirdiyi bu binalarda bir neçə mənzil satılsa da, artıq iş dayandırılıb. Şirkətdən tikintinin dayanma səbəbi açıqlanmadı. Deyildi ki, artıq həmin binalar şirkətə məxsus deyil.

Prezident iqamətgahının tikintisini DİA Holdinq həyata keçirir. Holdinqdən də bu məsələ ilə bağlı suallarımızı cavabsız qoydular.
XS
SM
MD
LG