Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:45

Naxçıvanda müxalifət fəalını döyüblər


Niyazi Qasımovun səhhətində ciddi problemlər olduğundan hazırda yataq vəziyyətindədir
Niyazi Qasımovun səhhətində ciddi problemlər olduğundan hazırda yataq vəziyyətindədir
İyunun 29-da Naxçıvanda müxalifət fəalı döyülüb. Bu haqda «Azadlıq» radiosuna Açıq Cəmiyyət Partiyasının Naxçıvan Muxtar Respublikası (MR) təşkilatının sədri Nurəddin Bayramov məlumat verdi.

Onun sözlərinə görə, rəhbərlik etdiyi partiyanın üzvü Niyazi Qasımov iyunun 29-da bir neçə naməlum şəxs tərəfindən hamının gözü qarşısında qolları burularaq maşına mindirilib, şəhərdən 10-15 km. kənara aparılaraq döyülüb. Döyüldükdən sonra elə həmin əraziyə atılıb.

N.Qasımov təsadüfən oradan keçən bir nəfərin köməyi ilə evinə çatdırılıb. Faktı dəqiqləşdirmək üçün hadisədən bir neçə saat sonra N.Qasımovla görüşdük. O «Azadlıq» radiosuna bildirib ki, tanımadığı bir neçə adam ağ rəngli VAZ 2107 markalı maşından enərək ona yaxınlaşıb adını soruşublar. Sonra arxadan iki nəfər qollarını buraraq başına qara torba keçirib zorla maşına mindiriblər. Elə maşının içində başından ağır zərbələr aldığından huşunu itirib. Daha sonra onu apardıqları çöllük ərazidə işgəncələr verərək döyüblər:
«Bir neçə saat çöllükdə isti havada yarıhuşsuz vəziyyətdə qaldım»


«Başıma qara torba keçirmişdilər. Özümü müdafiə edə bilmirdim. Elə bərk vururdular ki, deyirdim ölsəm canım qurtarar. Vurduqca mənə deyirdilər ki, orda-burda böyük sözlər danışma. Döyəndən sonra əynimdəki üst paltarlarımı cırıb çıxartdılar. Mobil telefonumun nömrə kartını və batareyasını götürüb üstümə atdılar. Bir neçə saat çöllükdə isti havada yarıhuşsuz vəziyyətdə qaldım. Təsadüfən oradan keçən tanımadığım bir nəfər mənə kömək edərək evə gətirdi. Mənim heç kimlə ədavətim, düşmənçiliyim yoxdur».

Niyazi Qasımov düşünür ki, siyasi fəaliyyəti ilə bağlı döyülüb. O, bir müddət əvvəl eks-prezident Əbülfəz Elçibəyin Kələkidə keçirilən ad günü tədbirində iştirakına görə təhdidlər alıb. Zərərçəkən hesab edir ki, onun döyülməsi bu prosesin davamıdır.

N. Qasımov 1990-cı ildən Naxçıvandakı ictimai-siyasi proseslərin fəal iştirakçılarından olub. Sonralar siyasi fəaliyyətini ADP-da davam etdirib. 2005-ci ildə ADP-dən Naxçıvan MR Ali Məclisinə deputatlığa namizədliyini irəli sürülüb. Hazırda Acıq Cəmiyyət Partiyasında təmsil olunur.

N.Qasımov başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdi.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən «Azadlıq» radiosuna hadisə ilə bağlı onlara hər hansı bir şikayətin daxil olmadığını deyiblər. Onu da bildiriblər ki, müraciət daxil olarsa, məsələ araşdırılacaq.

ACP-nin MR təşkilatının sədri N.Bayramov baş verənlərlə bağlı partiyanın bəyanat yayacağını deyib.

Niyazi Qasımovun səhhətində ciddi problemlər olduğundan hazırda yataq vəziyyətindədir.
XS
SM
MD
LG