Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Müharibə əlillərinin şikayətinə baxan olmadı


İyulun 1-də 20-yə qədər Qarabağ müharibəsi veteranı Nəqliyyat Nazirliyi qarşısına toplaşıb
İyulun 1-də 20-yə qədər Qarabağ müharibəsi veteranı Nəqliyyat Nazirliyi qarşısına toplaşıb
İyulun 1-də 20-yə qədər Qarabağ müharibəsi veteranı Nəqliyyat Nazirliyi qarşısına toplaşsa da onların nazir müavini Musa Pənahovla öncədən razılaşdırılmış görüşü baş tutmayıb. Nazirlikdən veteranlara bildiriblər ki, Pənahov işdə deyil.

Veteranların nazirliyin qarşısında toplaşmalarının səbəbi metronun «28 May» stansiyasının keçidindəki ticarət obyektlərinin onlara qaytarılmamasıdır.

«Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov bizim «28 May» yeraltı keçidindəki dükanlarımızı 35-50 min manata sahibkarlara satıb. Ərazi Nəqliyyat Nazirliyinin balansındadır. Bizim şikayətlərimizə isə baxan yoxdur. Sabah keçidin açılışıdır. Mərasimə İlham Əliyevin də gələcəyi bildirilir. Mülkiyyət hüququmuzu bərpa etməsələr, özümü elə İlham Əliyevin gözü qarşısında yandıracağam».

Bu sözləri «Azadlıq» radiosu birinci qrup müharibə əlili Vahid Əliyev deyir. Onun sözlərinə görə, ərazi Qarabağ müharibəsi veteranlarına eks-prezident Heydər Əliyevin göstərişi, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə verilib. Ərazidə Qarabağ müharibəsi veteranları 1997-ci ildən 14 ilə qədər sahibkarlıqla məşğul olub. 2001-ci ildə ərazi təmirə dayanıb. Vahid Əliyevin sözlərinə görə, 2008-ci ilin oktyabrında onlar təmirin bitdiyi ərazidə quraşdırılan 80 mağazanın satışa çıxarıldığı haqda xəbər alıblar.

Dəfələrlə Nəqliyyat Nazirliyinə mağazalarının onlara qaytarılması üçün müraciət ediblər. Ötən il dekabrın 10-da Qarabağ Əlilləri Cəmiyyətinə rəsmi cavab göndərən Nəqliyyat Nazirliyi bildirib ki, mağazalar bazar qiymətlərinə uyğun satışa çıxarılacaq və ilk təklif burada təmirə qədər sahibkarlıqla məşğul olanlara ediləcək.

Birinci qrup əlil Hüseynağa Quliyev isə deyir ki, Nəqliyyat Nazirliyində onlar heç kim qəbul etmək istəmir:

«Baxın, burada neçə adamın bir ayağı yoxdur. Vətən üçün canımızı qurban vermişik. Bu dövlət bizim qanımız üzərində qurulub. Ancaq burada bizim heç bir haqqımız qorunmur. Biz dövlətin verdiyi təqaüdlə yaşaya bilmirik. Hamımız dərmanlardan asılı olan insanlarıq. Bahalıq, işsizlik ölkəni bürüyüb. Ailələrimizi dolandıra bilmirik. Gözləyirdik ki, təmirdən sonra dükanlardan qazanc əldə edərik. Nazirin oğlu Anar Məmmədov bizi heç əraziyə yaxın buraxmır».

Hüseynağa Quliyevin dediyinə görə, təmirdən öncə ərazidə 21 mağaza olub. İndi isə onların sayı 80-nə çatdırılıb. Genişləndirmə 18 metrlik keçiddə piyadalar üçün gediş-gəliş yolunun daraldılması hesabına həyata keçirilib. Bir müddət öncə Nəqliyyat Nazirliyinə müraciətlərində hətta bir neçə Qarabağ əlilinə 1 mağazanın verilməsini də təklif ediblər. Ancaq bu təklif də cavabsız qalıb.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, doğrudan da «28 May» keçidi şəhərdəki daha 10 keçidlə bərabər nazirliyin balansına verilib:

«Orada uzun illər antisanitariya şəraiti hökm sürürdü. İndi ərazi beynəlxalq standartlara uyğun təmir olunub. Bura ilk sırada keçiddir və təyinatı üzrə istifadə edilməlidir. Ərazidə bir neçə ticarət köşkünün qurulması da planlaşdırılır. Ancaq nazirin yaxın qohumlarının məsələyə bağlılığı haqda məndə hər hansı informasiya yoxdur».

Namiq Həsənovun sözlərinə görə, sahibkarlara ticarətlə məşğul olmaq üçün şəhərin bir neçə ticarət mərkəzi təklif olunub. Problemin necə çözüləcəyi isə hələlik bəlli deyil.
XS
SM
MD
LG