Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

İlham Əliyevlə Bəşşar əl-Əsədı birləşdirən nədir?


Zərdüşt Əlizadə: «Bəşşar əl-Əsəd də atasına rəhmət oxutdurdu»
Zərdüşt Əlizadə: «Bəşşar əl-Əsəd də atasına rəhmət oxutdurdu»
«Bəşşar əl-Əsəd də, İlham Əliyev də hakimiyyətə xalqın iradəsi ilə, açıq, uzun siyasi mücadilə nəticəsində gəlməyiblər, güc qurumlarının iradəsindən yararlandılar, bu hakimiyyəti atalarından hazır aldılar. Ataları avtoritar dövlət qurdular, sükanını da övladlarına verdilər. Bu rejimdə də kifayətdir ki, bir düyməni basasan, istənilən qəzet bağlansın, siyasi müxalifət liderinin başı üzülsün. Bu da müstəsna qabiliyyət, zəka tələb etmir».

Politoloq Zərdüşt Əlizadə «İşdən sonra» proqramına belə deyib. Bakıda səfərdə olan Suriya Ərəb Respublikasının prezidenti Bəşşar əl-Əsədlə Azərbaycan prezidenti İlham Əliyevi müqayisə edərkən:

«Hafiz Əsəd də 30 ilə yaxın ölkəni idarə edib. Hakimiyyəti də oğluna ötürdü. Suriya da klassik avtoritar ölkədir. Azərbaycan da buna oxşardır».

«O DA ATASINA RƏHMƏT OXUTDURDU»

Bəşşar əl-Əsəd hakimiyyətə gəlməzdən öncə bəyan etmişdi ki, demokratiya firəvanlığın vasitəçisidir. Suriya cəmiyyəti gözləyirdi ki, o atasından daha liberal siyasətçi olacaq.

Azərbaycanın dövlət başçısının da buna bənzər vədləri olduğunu xatırladan politoloq deyir:

«Amma əksinə Bəşşar əl-Əsəd də atasına rəhmət oxutdurdu. Suriyalılar arasında da azadlıq istəyən, məhbəsə düşən, həyatını bu yolda çürüdən, döyülən, işgəncəyə məruz qalan var, necə ki Azərbaycanda da belədir. Amma mən mütləq əksəriyyətdən danışıram. Əsasən siyasətə təzyiq göstərən ziyalı, tacir, sahibkar sinfindən danışıram. Bu sinfə görünür, bu quruluş xoşdur».

«OXŞAR DÖVLƏTLƏRİK»

«Bəşşar əl-Əsəd hakimiyyətə gələndə müxalifətçiləri azad etdi, sonra həbsxanaları yenidən doldurdu. Azərbaycanda da eynən belə oldu, amnistiya aktı, əfv verildi, siyasi məhbusların bir hissəsi azad edildi. Xüsusən də bu ailənin hakimiyyətə gəlməsində xidmətlər göstərmiş, amma hakimiyyətin nemətlərindən ifrat dərəcədə yararlanmaq istəyənlər azadlığa buraxıldı: Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Siyavuş Mustafayev, İsgəndər Həmidov buraxıldı. Suriyada da Azərbaycandakı kimi siyasi məhbus məsələsi birdəfəlik həll edilməyib. Söz azadlığı, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. Oxşar dövlətlərik. Eyni zamanda, bütün bunlar vətəndaşların əsas azadlıq və hüquqlarını anlamaması, buna laqeyd yanaşması nəticəsində baş verir. Suriya xalqı da Azərbaycan xalqı kimi o qədər də demokratiya təşnəsi deyil. Əksəriyyət dolanışıq, «millət necə tarac olur olsun, təki başım sağ olsun» fikriylə yaşayır».

Zərdüşt Əlizadə deyir ki, Azərbaycanla müqayisədə Suriyada bazar iqtisadiyyatı nisbətən inkişaf edib:

«Amma orda da avtoritar rejim xalqın ayrı-ayrı zümrələrinin gur inkişafına mane olur. Onlar çalışır ki, varidatı öz arasında bölüşdürsünlər, xalq şərik olmasın. Bu da demokratiya olmayanda mümkündür. Buna görə də söz, toplaşmaq, yayım və başqa azadlıqlara qarşı çıxırlar».

«SURİYA DA TORPAQLARINI İTİRİB»

Zərdüşt Əlizadə iki ölkənin başqa oxşarlıqlarını da önə çəkir:

«Suriya da Azərbaycan kimi ərazisinin bir hissəsini itirib. 1967-ci ildə İsrail tərəfindən işğal olunub. İsrail də bəyan edib ki, bu torpaqları qaytaran deyil. Ona görə də o özünə İsrailə qarşı dövləti – İranı müttəfiq seçib. Azərbaycan isə müttəfiq axtarışındadır, hələ də Ermənistana təsir edəcək demokratik ölkələri, fövqəlgücləri axtarır. Suriya bundan vaz keçib. Başa düşür ki, İsrailin hamiləri dünyanın super dövlətləridir».

AZƏRBAYCAN AMERİKAYLA DA, SURİYA İLƏ DƏ ƏLAQƏ YARATMALIDIRMI?

Zərdüşt Əlizadə bunu da deyir ki, Azərbaycan müstəqillik qazanandan sonra məcburən postsovet ölkələriylə əlaqələri tənzimlədi, sonra İran, Türkiyə, Gürcüstanla, tədricən Qərb ölkələriylə, ABŞ ilə əlaqələr qurdu:

«İndisə Azərbaycan 18 ildən sonra başa düşür ki, başqa dövlətlərlə də əlaqələri hüquqi məcraya salmaq lazımdır. Bunların arasında İsrail də var, Suriya da, bir azdan başqa ərəb ölkələri də olacaq. Burda hakimiyyətlərin oxşarlığını araşdırmaq lazım deyil. Azərbaycanın demokratik Amerika ilə də, demokratik Fransa, Almaniya ilə də münasibətləri də yaxşıdır, avtoritar Qatarla, avtoritar Suriya, avtoritar İranla da. Sadəcə, vaxtdır ki, Azərbaycan daha bir ölkəylə münasibətləri hüquqi məcraya salsın».
XS
SM
MD
LG