Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:52

Kənd təsərrüfatında at-araba erası niyə bitmir?


Sabirabad fermerləri, 10 iyul 2008
Sabirabad fermerləri, 10 iyul 2008
Avropa İttifaqı Azərbaycana 20 milyon avro vəsait ayıracaq. Vəsait «Kənd təsərrüfatı və kəndin inkişafının təşviq edilməsi» proqramı çərçivəsində xərclənəcək.

Bununla Avropa İttifaqı Azərbaycanda qeyri-neft sektorunun inkişafına, yoxsulluğun azaldılmasına yardım etmiş olur.

Amma neçə illik əziyyətinin sonunda torpaqlarını satmağa məcbur olan salyanlı fermer Elçin Əzizov düşünür ki, bu yardımdan ona nə. O deyir ki, büdcədən və beynəlxalq qurumlardan nə qədər pul ayrılsa, ölkəyə nə qədər yeni kənd təsərrüfatı texnikası gətirilsə də, şəxsi təsərrüfatında dəyişiklik olmayıb. İki il əvvəl olduğu kimi, bu il də taxıl sahəsinin bir hektarını 30 manata biçdirib, daşınma xərcləri də təxminən 20 manat olub. Elçin Əzizovun fikrincə, əgər aqrar sektoru inkişaf etdirmək istəyirlərsə, onda kəndlinin imkanları və tələbatı öyrənilməlidir.

«Adamlar öz məhsullarını atla, araba ilə, motosiklet və velosipedlə daşıyır. Əhali ilə yerində maraqlanmaq lazımdır ki, sizə nə lazımdır».

AQRAR SAHƏYƏ AYRILAN PULLARIN TALEYİ…

İqtisadçı Rövşən Ağayev Avropa İttifaqının ayırdığı vəsaiti aqrar sektorun inkişafı üçün elə də çox pul hesab eləmir. Amma deyir ki, az da deyil.

Rövşən Ağayev bildirir ki, bu il fermerlərə güzəştli gübrə və yanacağa görə ayrılan bütün vəsaitlər də daxil edilməklə aqrar sektora ayrılacaq vəsaitlər ən azı 600 milyon manat olacaq. Bundan başqa indiyə qədər Yaponiya hökuməti də texnika formasında Azərbaycanın kənd təsərrüfatına yardımlar göstərib.

Rövşən Ağayevə düşünür ki, həm dövlət büdcəsindən, həm də beynəlxalq təşkilatların qrant və ya kredit kimi ayırdığı vəsaitlərin səmərə verəcəyi ilə bağlı xeyli narahatlıqlar var. Problem vəsaitin məbləğində yox, onun səmərəli istifadə mexanizmindədir. Ekspert aqrar sektorun idarəçiliyində ciddi islahatlara ehtiyac olduğunu deyir:

«Misal üçün dövlət aqro-servislər yaradıb, lakin aydın deyil ki, bu aqro-servislər yalnız paylaşdırıcı funksiya yerinə yetirməlidir, yoxsa fermerlərə öz texnikaları vasitəsilə xidmət göstərməlidir. Aqro-servislər hər iki işi görür və rayonlarda bununla bağlı intizamsızlıq var».

ŞORAN TORPAQLARIN ŞİRİN GƏLİRLƏRİ…

Rövşən Ağayev deyir ki, hər il meliorasiya sisteminin yenidən qurulmasına, şoran torpaqların münbitləşdirilməsinə büdcədən 100 milyonlarla manat pul ayrılır. Amma yenə də statistik məlumatlarda şoran torpaqların sahəsinin azalmadığı üzə çıxır. Bundan başqa bölgələrdə adamlar yenə suvarma sisteminin köhnəliyindən əziyyət çəkirlər.

İqtisadçı deyir ki, beynəlxalq təşkilatlar kənd təsərrüfatı ilə bağlı Azərbaycana vəsait ayıranda, yerli ekspertlərin narahatlığını nəzərə almalıdırlar. Üstəlik, aqrar sektorun idarəçiliyi və tənzimlənməsi sahəsində islahatlar tələb etməlidirlər. Əks halda, ayrılan vəsait 140 milyon avro olsa belə, aqrar sahədə heç bir şey dəyişməyəcək.

PULLAR ASILILIĞI NİYƏ AZALTMIR?

Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov isə düşünür ki, həmin vəsait aparılan islahatların dəstəklənməsinə ayrılıbsa, bu yaxşıdır.

Millət vəkili deyir ki, Azərbaycanda aqrar sahə hələ ki o səviyyəyə çatmayıb ki, idxaldan asılılıq azalsın və ərzaq təhlükəsizliyi təmin olunsun:

«Əgər idxalın böyük hissəsi kənd təsərrüfatı mallarından ibarətdirsə, onda demək qarşıya qoyulan hədəflərə çatılmayıb. Aqrar sahə elə bir sahədir ki, burda uzun müddətli strategiya olmalıdır».

Nazim Məmmədov ayrılan vəsaiti yetərli saymır. Onun fikrincə, ayrı-ayrı sahələr üzrə çoxlu vəsait ayrılmalıdır.

Vəsaitlərin səmərəli istifadəsinə gəlincə, Nazim Məmmədov bir xeyli problemlər sadalayır. Onun fikrincə, heç kimə sirr deyil ki, aqrolizinq yoluyla verilən texnikalar, yanacağa, sürtgü yağına və gübrələrə ayrılan vəsaitlər bəzi yerlərdə mənimsənilir.
XS
SM
MD
LG