Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:28

«Attestatda «əla» alan imtahanda 100 bal toplayır»


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
«Məktəbdə yaxşı dərs keçmirlər. Ona görə də bu vəziyyətə gəlib çıxıb».

Övladları orta məktəbdə attestat ala bilməyən valideynlər bu fikirdədir.

QƏBUL KOMİSSİYASI VƏ NAZİRLİYİN FƏRQLİ TESTLƏRİ

Attestat ala bilməyənlər arasında yetərincə savadlı, necə deyərlər ali məktəbə layiq gənclərin olduğunu parlamentin deputatları da dəfələrlə bildiriblər. Özü də iqtidarlı, müxalifətli.

Bəs attestat alan, özü də orta məktəbi əla qiymətlərlə başa vuranlar ali məktəblərə imtahanda bu nəticəni təkrarlaya bilirlərmi?

TQDK sədri Məleykə Abbaszadənin fikrincə, yox. Onun sözlərinə görə, əslində belə bir müqayisəli təhlili aparmaq üçün ən azı 2 ay vaxt lazımdır. Özü də bundan ötrü həm buraxılış imtahanlarında təqdim olunan testlər, həm də məktəblər üzrə başqa bütün statistik rəqəmlər TQDK-ya verilməlidir ki, ali məktəb imtahanları ilə tutuşdurulub nəticəni müəyyənləşdirmək mümkün olsun.

Məleykə Abbaszadə bildirir ki, indiyə qədər TQDK-ya belə bir təhlil aparmaq üçün materiallar təqdim olunmurdu. Amma bu il Təhsil Nazirliyi söz verib ki, buraxılış imtahanlarının nəticələri baza şəklində onlara təqdim olunacaq.

Ancaq bununla belə, orta məktəbi əla qiymətlərlə qurtarmış abituriyentlər barədə müəyyən təsəvvür var:

«Biz hər il görürük ki, attestatlarda «əla» alanlar çox zaman bizim imtahanlarda lap 0-100 bal arasında nəticə göstərir. Bu məsələdə biz hələ ki, uyğunluq görmürük. Əlaçıların heç 50 faizi, demək olar ki, imtahanlarda öz nəticələrini təsdiqləmir. Biz yalnız yuxarı hissə ilə əlaqədar bu fikirləri söyləyirik».

Məleykə Abbaszadə deyir ki, əgər Təhsil Nazirliyi lazımi məlumatları onlara çatdırsa, TQDK daha dəqiq – yəni bütün intervallar üzrə təhlil aparıb, nəticəni ictimaiyyətə təqdim edəcək.

Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı.

Bəzi mütəxəssislər isə hesab edirlər ki, göstəricilərin uyğun gəlməməyinin bir səbəbi də Təhsil Nazirliyinin buraxılış imtahanları üçün hazırladığı testlərlə TQDK-nın qəbul imtahanlarına hazırladığı testlərin kəskin fərqlənməsi ola bilər.
Etibar Əliyev
Məleykə Abbaszadə həmin testləri müqayisə etdikdən sonra bu haqda danışmağı mümkün sayır.

«HƏR ŞAGİRDƏ 400 MANAT NƏYƏ XİDMƏT GÖSTƏRİR?»

«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, belə bir vəziyyətin yaranması ilk növbədə orta məktəb proqramının yerinə yetirilməməyi ilə bağlıdır:

«Əgər hesab eləsək ki, təxminən 50-60 minədək abituriyent 0-100 bal arası nəticə göstərib, onda dövlətin hər bir şagirdə ayırdığı illik 400 manat vəsait nəyə xidmət göstərir, funksional savadsızlığamı?!»

Etibar Əliyevə görə, ali məktəblərə imtahanlarda iştirak edənlərin 40 faizinin 0-100 bal arası nəticə əldə etməsi onu göstərir ki, Təhsil Nazirliyi və TQDK-nın vəziyyəti birgə müzakirə etmələrinə, statistik təhlillər aparmalarına böyük ehtiyac var. Onun fikrincə, indiki halda dövlətə və valideynlərə çox böyük zərbə dəyir.

«Orta məktəblərdə bu şəkildə təhsil siyasəti yürütməyi davam etdirməkdənsə bunun səbəbləri barədə düşünmək lazımdır».

LİSEYLİ QIZDAN 700 BAL...


BDU-nun nəzdində ödənişsiz əsaslarla fəaliyyət göstərən Türkiyə Diyanət Vəqfi – Bakı Türk Liseyi məzunlarının buraxılış imtahanlarının nəticələri ilə isə ali məktəblərə qəbul imtahanlarının nəticələri arasında elə bir fərq yoxdur. Bu məktəbin 11 «a» sinfini bitirən 18 məzunun 12-si ali məktəbə qəbul imtahanlarından 600-dən artıq bal toplayıb. Ümumilikdə isə məktəbin bu ilki məzunlarının hamısı indiyədək 3 qrup üzrə keçirilən imtahanlar üzrə universitetlərə qəbul olunublar. Respublika üzrə ən çox bal toplayan iki nəfərdən biri də məhz bu məktəbin məzunudur. Onlardan Fəridə Musayeva test imtahanından 700 bal toplayıb.

Hər il TQDK-nın ali məktəblərə qəbulda 10 fənnə dair tərtib etdiyi statistik göstəricilərdə 7-8 fənn üzrə bu məktəb 1-ci yeri tutur. Liseyin maliyyə xərcləri isə Azərbaycanın büdcəsindən deyil, Türkiyə Təhsil Nazirliyindən çıxır.
XS
SM
MD
LG