Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:15

Zinaya görə daşqalaq vasitəsilə ölüm


İranda «daşqalaq»

İran azərbaycanlısı, Təbriz şəhəri sakini Səkinə Mühəmmədiyə «daşqalaq vasitəsilə ölüm» cəzası verilib. Xanım Məhəmmədiyə zina etmə ittihamı irəli sürülüb. O, ailəlidir. «Azadlıq» radiosu xanım Mühəmmədinin vəkili Məhəmməd Müstəfai ilə müsahibəsi.

- Cənab Müstəfai, Ali məhkəmə xanım Mühəmmədinin daşqalaq cəzasını təsdiq edib. Hər şeydən öncə, bu növ cəza və bu cəzaya məruz qalanlar haqda sizin fikirlərinizi bilmək istəyirdik.

- İran qanunvericiliyində ailəli bir qadının başqa kişi ilə cinsi əlaqəyə girməsi və dörd nəfər bu hadisənin canlı şahidi olması, yaxud ittiham olunan şəxsin özünün dörd dəfə etirafına əsasən, o şəxsə daşqalaq cəzası kəsilir. Çox təəssüf ki, İranda savadsız, yoxsul və ailəsində ciddi problemi olan qadınların bu növ cəzaya məruz qalması halları daha çox olur. İranda qanunvericiliyə görə, qadının ərindən boşanmasının çox çətin bir proses olmasını da nəzərə alsaq, bəzən qadınlar məcburi şəkildə ailə həyatını davam etdirirlər və belə şəxslər maddi və mənəvi təminatları üçün digər kişilərlə əlaqədə olurlar.

- Siz xanım Mühəmmədiyə verilən cəzanı necə dəyərləndirirsiz?

- Məhkəmənin qərarına kəsin etirazım var. Birinci, indiyədək xanım Məhəmmədinin məhkəmə işinə beş hakim baxıb, ikisi ona bəraət verib, üçü isə daşqalaq cəzası kəsib. Ali məhkəmənin bu xanımın cəzasını təsdiq etməsi də mənim fikrimcə düzgün deyil. Mən bir daha Apellyasiya məhkəməsinə və Ali məhkəməyə etirazımı təqdim etmişəm, ümid edirəm ki bu işə yenidən baxsınlar.

- Xanım Məhəmmədiyə qarşı konkret olaraq hansı ittihamlarda günahlı bilinib?

- Xanım Mühəmmədi çox azyaşlı vaxtında ailə həyatı qurub və yoldaşı ilə həmişə problemi olub. Həmçinin onun yoldaşı ailəni maddi baxımdan təmin edə bilmirmiş. Nəhayət, xanım Mühəmmədi müxtəlif səbəblərə görə - şəxsi olduğu üçün bu haqda danışmaq istəmirəm - başqa iki kişi ilə əlaqə yaradır, lakin bunların aralarında cinsi əlaqə olmayıb.

Bu hadisədən sonra xanım Mühəmmədi tutulur və ona 100 şallaq cəzası verilir və icra olunur.

- Bəs daşqalaq cəzası nə üçün verilib?

- Onun şallaq cəzasından bir müddət sonra, həyat yoldaşı hələ üstü açılmayan səbəb görə qətlə yetirilir. Qətl hadisəsi ilə bağlı xanım Məhəmmədiyə bir daha məhkəmə işi qaldırılır. Orada bu xanımı məcbur edirlər ki, ailəli olduğu bir halda başqa kişilərlə cinsi əlaqədə olmasını etiraf etsin. Halbuki məhkəmə zalında xanım Mühəmmədi etiraflarını dəfələrlə təkzib edib və bu etirafları təzyiq altında verdiyini bildirib. Məhkəmə işi ilə bağlı beş hakim heyəti bu işə baxır, ikisi ona bəraət verir, üçü isə daşqalaq cəzası kəsir.

- Siz bu məsələ ilə əlaqədar hansı tədbirlər görmüsüz?

- Mən hakimlər heyətinin 2-nin bəraət verməsini, həmçinin xanım Mühəmmədinin bundan əvvəl eyni ittihamla bağlı 100 şallaq cəzasının çəkməsini və digər faktları əsas gətirərək, Ali Məhkəməyə müraciət etmişəm. Lakin belə ehtimal da var ki, xanım Məhəmmədini müraciətə fikir vermədən gizli daşqalaq etsinlər. Digər tərəfdən, hələ də daşqalaq cəzası verilməsi üçün lazımı sübutlar mövcud deyil.

- İranın ədliyyə naziri və hətta İran Məhkəmə Sisteminin rəhbəri Ayətullah Mahmud Haşimi Şahrudi bundan əvvəl daşqalaq cəzasının konstitusiyadan çıxarılması ilə bağlı bəyanat vermişdi. Daşqalaq cəzasının yenə də verilməsini necə dəyərləndirirsiz?


- Bunlar doğrudur. Amma Ana Yasada hələ də bu maddə mövcuddur və hakim məsləhət bildiyi təqdirdə bu cəzanı tətbiq edə bilər və icra da olunur. Baxmayaraq ki, mən şəxsən bu qanunun insana zidd olduğunu düşünürəm və bəzən hakimlər o qədər də savadlı deyillər ki, «məsləhətin» nə olduğunu başa düşə bilsin və daşqalaq cəzası versin.
XS
SM
MD
LG