Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:06

Vergi yığımı aşağı düşüb


Rövşən Ağayev
«Əhalinin özünün də alıcılıq qabiliyyəti azalıb. Ona görə bu il büdcəyə vəsait yığılması ilə bağlı bütün məsələlərdə vergi idarəsi öz planını doldura bilmir. O baxımdan da necə gəldi, nə imkanları var öz planlarını doldurmağa, büdcəyə vəsait daxil etməyə çalışırlar. Verilən malların heç birinin fakturası yoxdur. Yəni elə bir sistem qurulub ki, faktiki olaraq heç kimdə sənəd yoxdur. Bunlar da gəlirlər, hansı qiyməti istəsələr deyirlər».

VERGİ İŞÇİLƏRİ PLANLARINI DOLDURA BİLMİRLƏR

Bu, iş adamı Bədrəddin Quliyevin fikirləridir. Deyir ki bunu vergilər idarəsinin əməkdaşları istənilən dükana girəndə müşahidə etmək olar. İqtisadi krizis başlayandan, dünyada neftin qiyməti aşağı düşəndən vergi orqanları öz planlarını doldura bilmirlər. Bunun oduna isə zəif və arxası olmayan iş adamları, fiziki şəxslər yanır. Mövcud vəziyyətlə bağlı camaatın gəlirləri azaldığı üçün onların alıcılıq qabİliyyəti aşağı düşüb. Bir tərəfdən müştərisini itirən obyektlər digər tərəfdən də əvvəlkindən artıq vergi ödəməsi ilə üzləşiblər.

«40 FAİZƏDƏK AZALMA»

İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, Azərbaycanda vergi daxilolmaları nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Ötən ilin ilk 6 ayı ilə müqayisədə bu ilin birinci yarısında real daxilolma 1 milyard manat azalıb. Yəni təxminən 40 faiz. Bunu rəsmi məlumatlar da təsdiqləyir.

«Vergilər Nazirliyinin rəsmi saytında 2008-ci ilin 6 aylıq məlumatlarında bu müddət ərzində vergi proqnozlarının 2,6 milyard manat, real yığım isə 2,9 milyard manat göstərilir».

2009-cu ilin 6 ayı ərzində isə son açıqlamalara görə 1,6 milyard manat vergi daxilolmaları təmin olunub. Bu artıq rəsmi məlumatlardan da göründüyü kimi 1 milyard manat azalıbdır. Bu isə təxminən 40 faizədək azalma deməkdir».

Rövşən Ağayev deyir ki, onlar iqtisadi araşdırmalar üzərində işləyən bir təşkilat olaraq Vergilər Nazirliyindən bu məsələyə aydınlıq gətirilməsini istəsələr də heç nə əldə edə bilməyiblər. Biz də Vergilər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb bu barədə bir neçə sualımızı cavablandırmalarını istədik. Dedilər ki, bu yalnız rəsmi müraciət əsasında mümkündür. Ancaq müraciətə cavabın nə vaxt veriləcəyini dəqiq deyə bilməzlər.

Vergilər Nazirliyinin rəsmi saytındakı ötən ilin 6 ayının nəticələrini 2009-cu ilin birinci yarısının sosial iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin iclasında maliyyə naziri Samir Şərifovun dediyi rəqəmlərlə tutuşduranda isə həqiqətən də vergi daxiolmalarının başından necə deyərlər 1 milyard əskik gəldiyinin şahidi olduq.

ƏN YAXŞI YOL RƏSMİ ŞƏKİLDƏ HƏR ŞEYİ ETİRAF ETMƏKDİR

Rövşən Ağayev deyir ki, bu azalmanı minimuma endirmək üçün onlara vergi ödəyicilərindən artıq pullar yığılması barədə də məlumatlar daxil olur. Ancaq görünür rəsmi ödəniş o qədər azalıb ki, artıq belə yollarla da vəziyyəti düzəltmək mümkün olmur. Onun fikrincə, mövcud gerçəkliyi gizlədib vəziyyəti daha da qəlizləşdirməkdənsə, hökumət özünü doğrultmayan ümidlərdən əl çəkib neftin qiymətinin aşağı düşməsinin, qlobal maliyyə böhranı təsirinin ortaya qoyduğu nəticələrlə bağlı ictimaiyyətə obyektiv məlumat verməlidir. Yəni indiki situasiyada ən yaxşı yol rəsmi şəkildə hər şeyi olduğu kimi etiraf etməkdir.

Əli Məsimli
Rövşən Ağayev bildirir ki, Vergilər Nazirliyi vergilərin strukturunu açıqlamadığı üçün azalmanın nə ilə bağlı olduğunu dəqiq müəyyənləşdirmək olmur. Ancaq onun qənaətincə müşahidə olunan bu azalma daha çox əlavə dəyər vergisi və fiziki şəxslərin gəlir vergisi ilə bağlıdır.

Parlamentin iqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli isə deyir ki, azalmanın bir səbəbi Azərbaycan iqtisadiyyatında neft amilinin rolunun çox olması və onun bütövlükdə iqtisadiyyatın templərinə təsir etməsidir. Ona görə də neftin qiymətindəki dəyişiklik öz sözünü deyir. Digər bir amil isə iri vergi ödəyicilərinin, xüsusi sektorun büdcəyə olan borcunun artıq 4 milyard manata gəlib çatmasıdır. Bu vəsait vaxtında büdcəyə cəlb edilsəydi büdcə təşkilatlarında çalışanların, onların ailələrinin rifahı artardı və neft fondundan da xeyli vəsait götürməyə ehtiyac olmazdı:

«Bu borclar 10 milyon manat olanda Nazirlər Kabineti bir müşavirə keçirsəydi, heç olmasa 1 milyard manat olanda həyəcan təbili çalısaydı artıq gəlib 4 milyard manata çatmazdı. Ona görə də nə qədər gec deyil hesab edirəm ki, Nazirlər Kabineti bu istiqamətdə geniş bir müşavirə keçirtməlidir».

Əli Məsimli deyir ki, heç şübhəsiz Vergilər Nazirliyindən asılı olan məsələləri bu qurum özü həll etməlidir. Amma məlumdur ki, Azərbaycan şəraitindən hər şey heç də bir nazirlikdən asılı deyil. Bütövlükdə o mexanizmdə olan çatışmazlıqlar, arxayınçılıqlar yaxud da Azərbaycanın özünə xas olan bəzi xüsusiyyətlər var ki, büdcəyə ödəmələrin gecikməsinə gətirib çıxardır. Bu da bilavasitə maliyyə sektorunda çox ciddi problemlərə səbəb olur. Xüsusən də böhran dövründə bu çox təhlükəli olduğuna görə bu istiqamətdə ciddi tədbirlərin görülməsinə ehtiyac var.

Deputatın sözlərinə görə, ciddi təhlil aparılması üçün yeni iş yerlərinin açılması hesabına büdcəyə nə qədər əlavələr olması, və iqtisadi böhrana görə iş yerlərinin itirilməsindən nə qədər kəsir yaranması barədə də ortada real rəqəmlər olmalıdır. Bu rəqəmlər olsa azalmaya təsir edən amili dəqiqləşdirmək mümkündür.
XS
SM
MD
LG