Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:43

«Bu kitabın olması olmamasından daha yaxşıdır»


Akif Aşırlı
Akif Aşırlı
Hər il jurnalistlərin sevə-sevə «Zərdabi Günü» adlandırdıqları Milli Mətbuat Günü ərəfəsində mətbuatımızla bağlı çıxan kitabların təqdimatının düzənlənməsi artıq ənənəyə çevrilib. Bu il də belə oldu. BDU-nun müəllimi Pərvanə Məmmədli «Cənubi Azərbaycan mətbuatı tarixi» kitabını, araşdırmaçı jurnalist Akif Aşırlı «Azərbaycan mətbuatı tarixi. 1875-1920» kitabının təqdimatını keçirdi.

İyulun 22-si isə çox önəmli bir kitab oxuculara tanıdıldı. 1906-1918-ci illərdə senzor işləmiş yeganə Azərbaycan türkü Mirzə Şərif Mirzəyevin «Qafqazda türk mətbuatı tarixinə dair materiallar» kitabı (rusca yazılıb) işıq üzü gördü. Mətbuat tariximizə birbaşa senzorun gözü ilə baxan bu unikal kitab barədə gələn «İz»lərdə mütləq geniş bilgi verəcəyik. Hələlik, «Azərbaycan mətbuatı tarixi. 1875-1920» kitabının müəllifi Akif Aşırlı bu «İz»in qonağıdır.

- Akif bəy, hər bir kitabın xırda bir mesajı var. Bu kitabı yazarkən özünüzə və cəmiyyətə ünvanladığınız mesaj nə idi?

- Söz yox ki, Azərbaycanın zəngin ədəbiyyatı, mədəniyyəti var. Mətbuat tariximiz də, mədəniyyət tariximizin tərkib hissəsidir. Çox təəssüf ki, milli mətbuat tariximizin yaranışı, onun dövriləşməsi, ideya-siyasi istiqamətləri, orada çalışan fədakar jurnalistlər barədə konkret bilgilər o qədər də çox deyil. Bəlkə də bunun səbəbi ondan ibarətdir ki, indiyə qədər ədəbiyyat tariximizlə, mətbuat tariximizlə bağlı dərsliklərdə bu və digər dərəcədə müəyyən məqamlara toxunublar. Bilgilərin zəif olması da burdan doğur. Düzdür, mətbuat tarixi ötən əsrin 70-ci illərində yazılmışdı. Ruhu şad olsun Nəriman Zeynalovun, iki hissəli bir kitabdır...

- Ruhu şad olsun. Mənim müəllimim olub...

- Çox təəssüf ki, mən onu həyatda görə bilməmişəm.

- Çox erkən, ürəkdən dünyasını dəyişdi...

- Nəriman müəllimin bu kitabında mətbuat tariximizin ayrı-ayrı səhifələri işıqlandırılıb. Təbii ki, kitab ötən əsrin 70-ci illərində yazıldığından, biz məsələlərə münasibət bildirərkən, həmin dövrün ideologiyasını da diqqətdən qaçırmamalıyıq. Yəni kitab o dövrə uyğun sistemləşdirilib nəşr edilibdir. Bu təkcə dərs kitabı deyildi, mətbuat tarixi ilə maraqlananlar üçün, geniş oxucu kütləsi üçün də yeganə bir vasitə idi. O baxımdan mən düşündüm ki, bu işi kim isə təzədən etməlidir. Heç bir qınayıcı məqamlara fikir vermədən, qərara gəldim ki, mətbuat tariximizi sistemli şəkildə kitab halına salmaq lazımdır. Mən sadəcə mövcud olan ədəbiyyatlar, monoqrafiyalar, həmçinin özümün Cümhuriyyət dövrü mətbuatı ilə bağlı kitabxanalarda saxlanılan mətbuat nümunələrini araşdırdığım zaman əldə etdiyim bilgiləri cəmləşdirərək belə bir kitabı ortaya çıxardım. Öncə mütəxəssislərlə danışdım. BDU-nun jurnalistika fakültəsində oldum. Kitabın hansı zərurətdən doğduğunu, hansı istiqamətdə yazıldığını, hansı məsələləri əhatə etdiyini müəllimlərə söylədim. Onlar da tövsiyələrini, fikirlərini bildirdilər. Mən də bu məsləhətlərdən yararlandım.

- Akif bəy, media tarixiylə bağlı müxtəlif qaynaqlar var. Hansılar diqqətinizi çəkdi, hansılar faydalı oldu?

- Ötən əsrin əvvəllərində mediayla bağlı qaynaqlar, əsasən, Əziz Mirəhmədovun kitablarındadır. Düzdür, orda da ideoloji yanaşmalar var. Bu dövrün tələbi idi. «Azərbaycan Molla Nəsrəddini», «Azərbaycan ədəbiyyatına dair tədqiqlər» kitablarında mətbuatla bağlı yaxşı qaynaqlar var. Xeyrulla Məmmədovun tədqiqatları da çox maraqlı və diqqətçəkən qaynaqlardır. Ələlxüsus da, Şirməmməd Hüseynovun əvəzsiz tədqiqatları. Çox böyük zəhmət çəkib Şirməmməd müəllim mətbuatımızın tədqiqi üçün. Ruhu şad olsun Ofelya Bayramovanın...

- «Füyuzat» dərgisinin araşdırıcısı... «İz»in də qonağı olub dəfələrlə.

- Mən onun əməyini fövqəladə qiymətləndirirəm. Çox təəssüf ki, o da həyatda yoxdur... Bax, bu qaynaqlarımız var idi. Sevda xanım, sizə niyə bu kitabı yazdığımın bir səbəbini də deyim. Bir neçə il öncə, mənə özəl ali məktəblərin birindən təklif gəldi ki, bəlkə jurnalistika təcrübənizi tələbələrlə bölüşəsiniz? Beləcə, jurnalistika fakültəsi ilə təmasım yarandı. Nə gördüm? Gördüm ki, proqramlarımız yoxdur, kitablarımız yoxdur. Peşəkar, müasir dövrün tələblərinə uyğun, geniş dünyagörüşlü, hadisələrə dəqiq yanaşma tərzi olan jurnalist yetişdirmək istəyirik. Nəzəri əsasları olmayan peşəkarı necə hazırlayaq? Çağdaş jurnalistikanın nəzəriyyəsi ilə bağlı kitablar var, mətbuat tarixi ilə bağlı isə yoxdur. Bunu kim etməlidir? Olması olmamasından daha yaxşıdır deyib işə başladım.

- Hansı çətinlikləriniz oldu?

- Nəriman Zeynalovun kitabında, əsasən, təbii ki, sovet və bolşevik mətbuatı, proletar beynəlmiləlçiliyi prizmasından yanaşmalar var idi.

- Amma Nəriman müəllim fərqli bir insan idi. İlk dəfə Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu o bizə tanıdıb-sevdirib. Sovetlərin o zamanında...

- Onun Əli bəy Hüseynzadəyə və «Həyat» qəzetinə yanaşması da kifayət qədər normal yanaşmadır. Mən onun «Həyat»la bağlı iddialarından faktoloji material kimi istifadə etmişəm. İlk dəfə bu kitabda mətbuatın dövriləşməsini yazdım. Bizdə «Əkinçi»yə qədərki hazırlıq mərhələsi, milli mətbuatın formalaşması, milli jurnalistikanın simaları, məfkurəsi, prinsipləri, «Əkinçi»dən başlanan azad sözə qadağalar-bütün bunların hamısını yazdım. Sonra 1905-ci il qədər ki mərhələ. 1905-dən 1917-yə qədər olan mərhələ. Və Cümhuriyyət dövrü - 1918-20-ci illər... Yəni orda da bölgülər apardım. Birinci Dünya Savaşı ərəfəsində mətbuat və Savaş dövrü mətbuatı.

- Akif bəy, kitabınızın təqdimatında mətbuat tariximizi geri çəkmək istəyənlər oldu. Buna münasibətinizi bilmək istərdik.

- Akif Aşırlı özündən sonrakı araşdırıcılara nə məsləhət görür?

- Media araşdırıcılarının daha hansı bilgilərə ehtiyacı var? Azərbaycan media tarixini hansı ölkələrlə müqayisə etmək olar?

- Kitabın davamı olacaqmı?

Akif Aşırlının bu suallara cavabını, həmçinin mətbuatımızın klassiklərinin yaradıcılığından örnəkləri dinləmək istəyirsinizsə, yuxarıda, sağda «İz»i tıklayın.
XS
SM
MD
LG