Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:51

«Qorxudan hamı qapısını bağlayıb»


Adsız qəsəbədə yaşayanların aqibəti nə olacaq demək çətindir
Adsız qəsəbədə yaşayanların aqibəti nə olacaq demək çətindir
Hökməli kəndi yaxınlığındakı adsız qəsəbədə məskən salanlar qorxu içindədirlər. Əvvəl onlar buldozerlərin evlərini uçurmasından qorxurdularsa, indi ailə başçılarının, övladlarının tutulmasından, zorla polisə aparlımasından narahatdırlar. Odur ki, indi qəsəbədə günün günorta çağı başıpapaqlı tapmaq müşkülə dönüb. Qorxudan çoxu ya qohum evinə pənah aparıb, ya da qapısını az qala yeddi qıfılla bağlayıb küçəyə çıxmır. Küçələr, həyətlər bomboş, bütün qapılar bağlıdır. Hamı səksəkə içindədir.

Tozlu-torpaqlı qəsəbə yolunda gözə dəyən yeganə avtomobildə hərəkət edən üç polis əməkdaşıdır.

«VAXTINDA ÇATMASAYDIM UŞAĞI MAŞINA QOYUB APARIRDILAR»

Qəsəbə sakini Vüsalə Səfərova deyir ki, qəsəbədə ötən əsrin repressiya ab-havası yaşanır. O dünən vaxtında həyətə çıxmasaymış oğlunu tutub aparacaqlarmış.

«Dünən eşitdim ki, uşağın qışqırtısı gəlir: ana, ana. Qaçdım çölə, gördüm ki, mülki geyimli adamlar uşağımı maşına basmaq istəyirlər. Uşağın boynundan, əlindən, ağzını tutublar, qışqırmağa qoymurlar. Bacısı qaçdı, onu itələdilər. Qolları gömgöydür. Mən gəldim, mənə təpik vurdular. Uşağımı güclə əllərindən aldım… Mindilər maşına, dedilər ki, yox, bu uşaq deyilmiş. Aralıda qonşu kişi gəlirdi, onu tutub apardılar. Qorxu içində yaşayırıq. Qapımızı kilidləyib oturmuşuq içəridə, bu hansı dövrdür, 37-ci ildir bəyəm? Uşaq idmana gedəsidir, marşruta minəni tutub aparırlar».

Məsələ bundadır ki, Dövlət Neft Şirkəti ona məxsus bu ərazidəki evlərin qanunsuz tikildiyini bildirir. Buna görə də avqustun 5-də Binəqədi Rayon Polis İdarəsi və Dövlət Neft Şirkətinin əməkdaşları burda biri neçə evi söküblər. Amma hüquq-mühafizə orqanlarının məlumatına görə, sonradan sakinlər polis əməkdaşlarını ordan qovub, hətta iyirmi polisə və ARDNŞ əçməkdaşına xətər yetiriblər. Onlardan beşi hospitala yerləşdirilsə də, artıq evə buraxılanlar da var.

«CAMAATI YORĞAN-DÖŞƏKDƏN APARIBLAR»

Hadisəylə bağlı Bakı şəhər Prokurorluğu istintaq aparır. Üç maddəylə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 222-2.1-ci (icazə almadan xüsusi obyektlərdə tikinti işləri aparma), 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Respublika Prokurorluğundan isə bildirirlər ki, hadisə ilə bağlı hələlik üç nəfər saxlanılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov:

«Qurban Xudiyev, Mais Muxtarov və Elçin Həsənov. Onlar Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli biliniblər».

Binəqədi Rayon Polis İdarsindənsə APA-ya deyiblər ki, hadisəylə bağlı üç nəfər saxlansa da, başqa iştirakçıların həbsiylə bağlı əməliyyat-istintaq və axtarış davam etdirilir. Bundan başqa, yüzədək şəxs istintaqda dindirilib.

Qəsəbə sakini Vüsalə Səfərova isə deyir ki, günahı olan da tutulur, olmayan da.

«Camaatı yorğan-döşəkdə yatdığı yerdə tutublar. Qəsəbədən çox adam tutublar. Tanıdılar, tanımadılar aparıb döyüb güclə boyunlarına qoyurlar. Hamı uşağını qohum evinə göndərib. Mən uşağımı çölə qoymadım…»

BƏLƏDİYYƏ SƏDRİNƏ İŞ QALDIRILIB

Qəsəbədə bu gün daha çox gözə dəyən qadınlardır. Onlar da danışmağa qorxurlar. Qəsəbə sakinləri deyirlər ki, buldozerlə, traktorla hər üç aydan, altı aydan bir gəlib qəsəbəni sökməklə hədələyirlər. Gələnlər özlərini təqdim də etmirlər. Vüsalə Səfərova:
«Mən də bələdiyyədən torpaq almışam, ev tikmişəm. İndi deyirlər ki, torpaq Neft Şirkətinindir. Niyə Neft Şirkəti vaxtında ev tikiləndə demədi ki, olmaz. Bu torpağı mənə bələdiyyə verib, dövlətin bu sənəddə möhürü var…»

İş işdən keçəndən sonra hüquq-mühafizə orqanları torpağı satan bələdiyyə sədrini də yada salıb. Dövlət Neft Şirkətinə məxsus torpaqları qanunsuz satdığına görə Xocasən bələdiyyə sədri Səfər Məsimova cinayət işi açılıb. Bunu Xocasən bələdiyyəsinin sədr əvəzi Qəhrəman Qəhrəmanlı deyir «Azadlıq» radiosuna. Ondan xəbər alırıq:

- Bəs siz nə deyirsiniz, bu torpaqlar qanuni satılıb, qanunsuz satılıb? Bu torpaqlar bələdiyyə ərazisidir, ya yox?

- Onu hələ araşdırırlar.

- Bələdiyyə işçisi kimi bilmirsiniz ki, bu torpaqlar sizin əraziyə daxildir ya yox?

- Ora düz kəndə bitişik ərazidir.

- Bu torpağı satmaq olardı, olmazdı?

- Deyə bilmərəm…

Adsız qəsəbədə yaşayanların aqibəti nə olacaq, Dövlət Neft Şirkəti onlara güzəştə gedəcəkmi, istintaq nəylə bitəcək, gözlərdəki səksəkə tezliklə yoxa çıxacaqmı, demək çətindir. Amma qalmaqala rəğmən burda ev tikintisini davam etdirənlər var…
XS
SM
MD
LG