Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:57

«Rusiya genosidi necə müəyyənləşdirir?»


Gürcüstanın Karaleti kəndində Rusiya əsgərləri, 9 sentyabr 2008
Gürcüstanın Karaleti kəndində Rusiya əsgərləri, 9 sentyabr 2008

Rusiya və Gürcüstan arasında konflikt başlayanda hər iki tərəf bir-birini ağır cinayətlərdə ittiham etdi, lakin «ruslar bir az da irəli getdilər»

Avqustun 8-də «Nyu-York Taymz» qəzeti «Rusiya genosidi necə müəyyənləşdirir?» başlıqlı məqalə dərc edib. Məqalənin müəllifi Klifford Levi yazır ki, ötən ilin avqustunda Rusiya və Gürcüstan arasında konflikt başlayanda hər iki tərəf bir-birini ağır cinayətlərdə ittiham etdi, lakin «ruslar bir az da irəli getdilər». Onlar ölüləri soyan gürcülərdən, yüzlərlə və hətta minlərlə mülki adamın sistematik məhvindən danışmağa başladılar. Rusiyaya görə gürcülər təkcə hərbi cinayət etməmişdilər, onlar genosid törətmişdilər.

Rusiyanın baş naziri Vladimir Putin deyirdi: «Şahidlər deyir ki, gürcü ordusunun birləşmələri qadın və uşaqların üstündən tanklarla keçiblər, insanları evlərə yığıb od vurublar və onları diri-diri yandırıblar. Bu genosid deyil, bəs nədir?»

Müəllif yazır ki, bu genosid kəlməsi həmin vaxt Rusiyanın əsas şüarına çevrildi. Lakin, müəllifin fikrincə, bu şüar həmçinin Rusiyanın Gürcüstanla beynəlxalq arenada apardığı kampaniya müharibəsində buraxdığı səhvlərin göstəricisi oldu. Kənardan belə görünürdü ki, Rusiya sovet təbliğatı arsenalının köhnəlmiş nümunələrindən istifadə edərək qarşı tərəfi ağlagəlməz cinayətlərdə suçlayır və unudur ki, müasir media mühitində bu cür ittihamlar faktlara söykənməyəndə onların həqiqiliyi ciddi zərbəyə məruz qalır.

Müəllif yazır ki, ötən dövrlərdə ittihamların inandırıcılığı əsas deyildi. Kommunist rejimindən gözləntilər də başqa idi və həmin rejim nəsə xoşuna gəlməyəndə ən sərt ifadələri işlədə bilirdi. İndi isə Rusiya özünü demokratik dövlət elan edib və onun davranışı da başqa meyarlarla ölçülür.
Bunca genosid ittihamından sonra konflikt zonasına girən jurnalistlər aşkar etdilər ki, 5 günlük müharibə ərzində 70 minlik Cənubi Osetiya əhalisi mülki vətəndaşlar arasında cəmi 162 nəfər itki verib, gürcülər isə mülki əhali arasında daha çox itki verərək 228 nəfər itirmişdilər. Bu rəqəmləri Rusiya tərəfi də olduğu kimi qəbul etdi


Müəllif yazır ki, bunca genosid ittihamından sonra konflikt zonasına girən jurnalistlər aşkar etdilər ki, 5 günlük müharibə ərzində 70 minlik Cənubi Osetiya əhalisi mülki vətəndaşlar arasında cəmi 162 nəfər itki verib, gürcülər isə mülki əhali arasında daha çox itki verərək 228 nəfər itirmişdilər. Bu rəqəmləri Rusiya tərəfi də olduğu kimi qəbul etdi.

Qəzet yazır ki, ötən həftə avqust hadisələrinin ildönümündən istifadə edib media kampaniyası aparan Rusiya artıq genosid sözündən daha az istifadə etdi. Əvəzində Gürcüstanın davranışına «cinayətkar» damğası vuruldu.

Qəzet yazır ki, genosid ittihamı ilə bağlı Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinə sual verəndə o özü də «belə görünürdü ki, ötən avqustun təlatümlü günlərində Rusiya tərəfinin bu məsələdə əndazəni aşmasını etiraf edir».

Karasin deyirdi ki, genosid ittihamını regional tarix müstəvisində nəzərdən keçirmək lazımdır. «Bu adamların (osetinlərin-red.), fikrimcə, emosional müstəvidə, hüquqi yox, amma emosional müstəvidə Tbilisinin azlıqlara və osetinlərə qarşı siyasətini genosid adlandırmağa haqları çatır», deyə Karasin genosid ittihamına bəraət qazandırır.

Müəllif yazır ki, cənab Karasin bunu deməsə də, ortada başqa bir faktor da var. Kreml etnik konfliktlər və qopan regionlar məsələsində kartları Qərbin əleyhinə çevirməyə imkan axtarırdı və həmin imkanı gördükdə dərhal onun üstünə tullanmış oldu. Rusiya uzun müddət Qərbin Kosovoya dəstək verməsinə qarşı çıxırdı. 1999-cu ildə Qərb Kosovo albanlarının qırılmasını əngəlləmək üçün Serbiyanı bombalamışdı və Rusiya burada bir iküzlülük görərək sual edirdi ki, niyə kosovoluları qorumaq üçün Serbiyanı bombalamaq olar, amma osetinləri qorumaq üçün Rusiya həmin işi görə bilməz. Müəllif yazır ki, bu baxımdan Rusiya hesab edirdi ki, Serblərin hərəkətini Qərb genosid adlandırırsa, Rusiya da eyni damğanı Gürcüstanın hərəkətinə vura bilər.

Öz fikrini əsaslandırmaq üçün müəllif Rusiya prezidenti Dmitri Medvedevin Gürcüstan müharibəsindən 5 həftə sonra verdiyi müsahibədən sitat gətirir. Medvedev genosid ittihamı ilə bağlı suala belə cavab vermişdi: «Əvvəl ölüləri sayıb sonra isə əgər bu qədər ölü varsa, bu genosiddir, yox əgər ölülərin sayı həmin rəqəmdən 100 nəfər azdırsa deməli genosid yoxdur söyləmək gülüncdür. Əlbəttə, bu düşüncə ancaq 90 gün Yuqoslaviya ərazisini bombalayan adamlardan baş vura bilər».

Yekunda müəllif yazır ki, Rusiya artıq genosid ittihamını dilə gətirməkdən çəkinsə də, onun müttəfiqi olan osetinlər hələ də eyni xətti tutmayıblar. Keçən həftə osetinlər ötən müharibəyə dair eksponatlar nümayiş etdirirdilər – Genosid Muzeyində.
XS
SM
MD
LG