Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:43

«Eurovision 2009»-da Ermənistana səs verənlər təqib olunur?


Ermənistan təmsilçiləri Moskvada, 11 may 2009
Ermənistan təmsilçiləri Moskvada, 11 may 2009
- Məndən izahat alındı ki, niyə Ermənistana səs göndərmişəm. Dedilər ki, bunu dövlət təhlükəsizliyi üçün edirik. Mənə psixoloji təzyiq etmək istəyirdilər ki, sənin milliyyətin yoxdur, niyə Ermənistana səs verirsən? İzahat yazdırıb buraxdılar.

Rövşən Nəsirli «Eurovision 2009» mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərənlərdən biridir. Deyir ki, avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırıblar. Ermənistan iştirakçısına niyə səs göndərməsi ilə bağlı izahat istəyiblər. Rövşən Nəsirlinin dediyinə görə, onu sorğu-suala tutan MTN əməkdaşının əlindəki siyahıda ondan başqa daha bir neçə nəfərin də adı və telefon nömrəsi olub.

«ƏGƏR AZƏRBAYCAN DEPUTATLARI ERMƏNİSTANA GEDİRSƏ, SIRAVİ VƏTƏNDAŞIN ERMƏNİSTANA SƏS VERMƏSİNDƏ PİS NƏ VAR Kİ?»

Rəsmi məlumata görə, «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib. Onlardan biri – Rövşən Nəsirli deyir ki, Azərbaycanı müğənni Araşın təmsil etməsinə etiraz olaraq Ermənistana səs göndərib. Həm də erməni müğənnilərin ifa etdikləri mahnını Azərbaycan üslubuna daha yaxın hesab edib, nəinki Araşın bəstəsini. Amma ağlına da gəlməyib ki, bu seçiminə görə, MTN-ə çağırıla bilər:

- Əgər Azərbaycan deputatları Ermənistana gedirsə, sıravi vətəndaşın Ermənistana səs verməsində pis nə var ki? Dedim ki, Ermənistana səs verilməsini istəmirsizsə, niyə o yarışmada iştirak edirsiz?

Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Gün boyu nazirliyin telefonları zənglərimizə cavab vermədi.

Bəs görəsən Azercell şirkəti yarışmada Ermənistana səs göndərənlərin siyahısını MTN-ə veribmi?

«İNDİ ŞƏRH VERMƏYİM DÜZGÜN OLMAZ»

Şirkətin nümayəndəsi Ülviyyə Həsənzadə deyir ki, bu cür məlumatlar ictimaiyyətə açıqlanmır.

«Eurovision 2009» yarışmasını canlı yayımlayan İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə deyir ki, faktı dəqiqləşdirməmiş məsələyə münasibət bildirə bilməz:

- İndi şərh verməyim düzgün olmaz. Bir neçə günə məlumat dəqiqləşər sonra. Əvvəl əmin olmalıyıq ki, belə bir məsələ var. Komissiyada müzakirə olunandan sonra münasibət bildirilə bilər.

«İNSANLARI BU QƏDƏR DƏ NƏZARƏT ALTINDA SAXLAMAQ OLMAZ»

Hüquq müdafiəçisi Əvəz Həsənov isə hesab edir ki, Ermənistan iştirakçılarına səs göndərən vətəndaşların MTN-də sorğu-sual olunması hər şeydən öncə vətəndaşların seçim hüququna müdaxilədir. Hüquq müdafiəçisi deyir ki, bu səsvermə sadəcə musiqi seçimidir, bununla dövlətin mənafeyinə heç bir zərbə vurulmayıb:

- Burda heç bir dövlət sirri yoxdur, bu, açıq səsvermədir. Bu simpatiyanı göstərməkdir. İnsanları bu qədər də nəzarət altında saxlamaq olmaz axı. İnsanların seçimini bu cür məhdudlaşdırmaq, nümayişkaranə şəkildə onların hüquqlarını məhdudlaşdırmaq ölkəyə heç də xeyr gətirməyəcək. Əgər MTN bütün azərbaycanlıların SMS-ini, telefonunu yoxlayacaqsa, onda bu ölkədə yalnız polis rejimi var, nəzarət olunan insanlar var.

«Eurovision 2009» mahnı müsabiqəsi may ayında baş tutub. Bu müsabiqə Avropa Yayım İttifaqına üzv ölkələrin mahnı müsabiqəsidir. Müsabiqənin şərtlərinə görə, iştirakçı ölkəyə həmin ölkədən olan vətəndaşlar səs göndərə bilməzlər. Builki yarışmada erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib. Bu səslər heç bir faiz etmədiyi üçün canlı yayımda açıqlanmayıb. Ermənistan isə Azərbaycan təmsilçilərinə bir xal verib.
XS
SM
MD
LG