Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Putin sirkinin çeçen tryukları


Rusiya liderləri elə başgicəlləndirici siyasi hoqqalar çıxara bilirlər ki, onlara ən mahir sirk oyunbazları da qibtə edə bilər. Götürək elə Kremlin Britaniyada mühacir həyatı yaşayan çeçen lideri Axmad Zakayevə son reveranslarını.

Axır iki ayda Çeçenistanın rusiyayönlü hökuməti Zakayevlə dil tapmağa çalışır və Londondakı danışıqların növbəti raundundan sonra Çeçenistan parlamentinin spikeri Dukvaxa Abdurraxmanov deyib ki, o, Zakayevlə məsləhətləşmələri Rusiya liderlərinin – prezident Medvedevin və baş nazir Putinin razılığı ilə aparır.

Halbuki hələ iki il qabaq – o vaxt Rusiya prezidenti olan Putin Zakayevi Britaniyadan ekstradisiya etməyə çalışırdı. O, Böyük Səkkizliyin sammitindən sonrakı mətbuat konfransında tələbini belə əsaslandırmışdı: “Bunun üçün arxivlərdə eşələnməyə ehtiyac yoxdu, bizim əlimizdə onun cinayətkar əməllərini təsdiq edən videolent var”.

Putin Britaniyanı “Rusiyanın düşməni olan terrorçulara sığınacaq verməkdə” günahlandırmışdı və əlavə etmişdi ki, “bu ona oxşayardı ki, Moskva da Britaniyaya hücum etmək üçün İrlandiya Respublika Ordusnun terrorçularına sığınacaq verərdi”. Putin rejiminin əsas tənqidçiləri Londonda yaşayır,

Zakayevdən başqa bir vaxtlar Putini hakimiyyətə gətirmiş, amma sonradan “vurulmuş” milyarder Berezovski də Britaniyadadır.

Putin hakimiyyətini öz vətəndaşlarına qarşı terror aktları həyata keçirməkdə və buna görə məsuliyyəti çeçenlərin boynuna atmaqda günahlandıran keçmiş “KQB” əməkdaşı Litvinenko da Britaniya vətəndaşlığı almışdı. Ailəsi onun qətlinə görə Putini ittiham edir.

ÇEVİK SİYASƏT, YOXSA RİYAKARLIQ?

Bəs indi Moskvanın öz xarici siyasətində çeçen mühacirlərinə münasibətdə “180 dərəcə” dəyişiklik etməsi nəylə bağlı ola bilər? Necə oldu ki, Rusiya liderləri “biz heç vaxt terrorçularla danışıq aparmırıq” mövqeyindən geri çəkildi?

Bunun iki səbəbi ola bilər. Birincisi, ola bilsin ki, Rusiya Zakayevin terrorçularla bağlı olduğuna heç vaxt inanmayıb. 2002-ci ildə Rusiya Prokurorluğu Zakayevi extradisiya etmək üçün Britaniyaya müraciət edəndə Zakayevi “terrorçuluqda ittiham edən sübutlar” təqdim etməmişdi. Halbuki dövlət televiziyası ona “terrorçu” damğası vurmuşdu.

İkinci və daha mühüm olan səbəb isə o ola bilər ki, Moskva Çeçenistandakı hazırkı vəziyyətdən və Çeçenistan liderindən narazıdır. 2008-ci ilin noyabrından bəri prezident Ramzan Kadırovun azı 4 tənqidçisi xaricdə qətlə yetirilib.

Buna bəziləri sadəcə “edam” da deyir. Kadırov bu qətllərdə əli olmadığını bildirir, amma həmin ölümlər Kremlin ipə-sapa yatmayan və getdikcə nəzarətdən çıxan çeçen lideri ilə bağlı “səbr kasasını” daşdıra bilərdi.

DİKTATURA METODLARI ÇEÇEN YARAQLILARININ SIRALARINI GENİŞLƏNDİRİR

Bundan başqa nisbi sabitlik dövründən sonra axır vaxtlar Çeçenistanda yenə bomba partlayışları eşidilməyə başlayır. Kadırovun öz rəqiblərinə qarşı qəddar diktatura metodlarından istifadəsi gənc oğlan və qızların yaraqlıların təsiri altına düşməsinə təkan vertə bilərdi.

Londondakı danışıqların nəticəsi olaraq bu ilin sonunda çeçenlərin ümumdünya konqresinin keçirilməsi haqda razılıq əldə edilib. Kadırovun uğursuzluqlarından öz xeyri üçün istifadə etmək istəyən Zakayev yəqin ki həmin konqresdə Çeçenistanda vəziyyəti sabitləşdirmək üçün alternativ proqramla çıxış etməyə çalışacaq.

Məsələn, o, xaricdəki çeçen mühacirlərinin qətlinin Rusiyada daha ciddi araşdırılmasına, “silahlı birləşmələrdə iştirak” ittihamı ilə tutulan minlərlə çeçeni azad etməyə, tanınmış çeçen liderləri Dudayev və Masxadoun yenidən dəfn edilməsinə, çeçen yaraqlılarının ailə üzvlərinə qarşı repressiyalara son qoymağa çağıra bilər.

Rusiyayönümlü çeçen liderləri isə çox güman ki konqresdə bütün çeçen mühacirlərini “Kadırovun bayrağı altında” birləşdirməyə çalışacaqlar. Amma Kremlin danışıqlara xeyir-dua verməsi bir siqnal da ola bilər ki, Rusiya rəhbərliyi Çeçenistanda sabitliyə nail olmaq üçün dəyişikliklərin vacibliyin anlayır. Amma bir sual açıq qalır ki, Putin komandası bu niyyətini reallaşdırmaq üçün “nə qədər dərinə gedə bilər”

Əgər Moskvanın çeçen məsələsində “180 dərəcədə” mövqe dəyişmək təcrübəsini nəzərə alsaq, yəqin ki bunu proqnozlaşdırmaq müşkül iş ola bilər.

Yuxarıdakı analiz müəllifin şəxsi mülahizıələridir.
XS
SM
MD
LG