Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:09

Naxçıvan sakini DİN-in idarəsini məhkəməyə verir


Siyasət Əmirov deyir ki, məlumatdan sonra uşaqları da, özü də biabır olub
Siyasət Əmirov deyir ki, məlumatdan sonra uşaqları da, özü də biabır olub
«Mənə gələn telefon zəngindən sonra bildim ki, guya qumar oynamışam. Ağsaqqal kişiyəm. Cəhri kəndinin hamısı məni tanıyır. Bu yaşımda mənə belə bir böhtan atmaq uşaqlarıma aid olmayan şeylərdir. Uşaqlarım mənə zəng edəndə ki, ata bu nə işdir, ölüm ondan yaxşıdır».

Babək rayon Cəhri kənd sakini Siyasət Əmirov AzadlıqRadiosuna belə deyir. O, Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) İctimai Təhlükəsizlik İdarəsini məhkəməyə verməyə hazırlaşır. Buna səbəb kimi isə ona böhtan atıldığını iddia edir.

Siyasət Əmirovun adı bir müddət əvvəl məmur özbaşınalığına etiraz edərək mandatını geri qaytaran Muxtar Respublika Ali Məclisinin müxalifətdən olan deputatı Zahid İsmayılov barədə Naxçıvan DİN-in yaydığı məlumatda çəkilib. Məlumatın tam mətni bir neçə dövlət qəzetində də dərc edilib.

Məlumatda bildirilir ki, Z.İsmayılov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib və özünün də bir neçə şəxslə qumar oynadığını etiraf edib. Həmin məlumatda qumar oynayan şəxs kimi Siyasət Əmirovun də adı çəkilib.

«QUMAR HARA, MƏN HARA?»

İndi 54 yaşlı kənd sakini nədən adının qumarbaz kimi hallanmasını aydınlaşdırmağa çalışır. Onun sözlərinə görə, iki aydan artıqdır ki, kənddə olmayıb, dağda arı saxlayırmış, üstəlik, qumarın necə və nə ilə oynanılmasını da bilmir.

Siyasət Əmirov deyir ki, məlumatdan sonra uşaqları da, özü də biabır olub:

«Qumar hara, mən hara? Necə olur ki, qanunun keşiyində duran bir orqan vətəndaşa böhtan atıb onu biabır edir».

S.Əmirovun sözlərinə görə, özü bir tərəfə, övladları da pis vəziyyətdə qalıb:

«Hansı mətbu orqanlarda bu məlumat gedibsə, onlar təkzib verməlidirlər. Mənim adım necə olub ki, ora düşüb, onu aydınlaşdırmalıdırlar. Məhkəməyə verəcəyəm araşdırılsın. Mənim tayfama, özümə yaraşmayan şeylərdir bunlar. Sabah mənim uşaqlarıma bir şey olsa, Allah eləməsin başlarına bir iş gəlsə, dövlət orqanlarından hər şeyi tələb edəcəyəm. Uşaqlar utandıqlarından hər şey edə bilərlər. Onlar tərbiyəli uşaqlardır».

S.Əmirov məsələnin tez bir zamanda aydınlaşacağına ümid edir.

İCTİMAİ TƏHLÜKƏSİZLİK İDARƏSİNDƏ HEÇ KİM YOXDUR

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan DİN-in İctimai Təhlükəsizlik İdarəsi ilə əlaqə saxlamağa cəhd etsək də, adıçəkilən idarədə heç kimin yerində olmadığı bildirildi.

Mandatından imtina edən Zahid İsmayılov isə deyir ki, o, heç bir orqana çağırılmayıb, heç kim tərəfindən dindirilməyib və Siyasət Əmirov haqda da heç kimə ifadə verməyib.

Zahid İsmayılov Naxçıvan DİN-in yaydığı məlumatın ona qarşı böhtan və təzyiq olduğunu bildirdi.

S.Əmirov onu da bildirdi ki, AzadlıqRadiosuna müsahibəsindən sonra ona hədələyici telefon zəngləri gəlir.
XS
SM
MD
LG