Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:00

«Bu qadağaya görə, ailəmizə böyük mənəvi və fiziki ziyan dəyib»


Hikmət Hacızadə
Hikmət Hacızadə
Gənc fəallar Emin Milli və Adnan Hacızadəyə yeni ittiham irəli sürülüb. Xuliqanlıqda suçlandırılan gənclərə avqustun 21-də Cinayət Məcəlləsinin daha bir maddəsilə - qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı irəli sürülüb. Hər iki ittiham üzrə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Vəkil İsaxan Aşurov deyir ki, gənclər eynilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı irəli sürülən maddələrlə ittiham olunurlar.

Qənimət Zahid eyni ittihamlarla 2007-ci ildə 4 il azadlıqdan məhrum edilib.

HƏR GÜN ÜÇÜN 20 MANAT TƏZMİNAT

Bu arada həbsdə olan gənclərin valideynləri də boş dayanmayıblar. Onlar istintaq müddətində övladları ilə görüşə bilmədikləri üçün məhkəməyə müraciət ediblər. Adnanın atası Hikmət Hacızadə Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə verib, ondan oğlu ilə görüşə bilmədikləri hər gün üçün 20 manat təzminat tələb edir.

Avqustun 24-də bununla bağlı Səbail rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Hikmət Hacızadə deyir ki, onlar dəfələrlə istintaq orqanına, müstəntiqə müraciət edib, övladlarıyla görüşə imkan yaradılmasını istəyiblər. Amma bu imkan onlara verilməyib:

«Bu qadağaya görə, ailəmizə böyük mənəvi və fiziki ziyan dəyib. Əsəblərimiz korlanıb, qan təzyiqimiz tez-tez qalxıb-düşür. Bizdə yuxusuzluq və s. problemlər yaranıb. Bütün bunlar müstəntiqin qanunsuz hərəkətinə və pis rəftarına görədir».

Hikmət Hacızadə istənilən məbləği simvolik, ideyanı isə cəmiyyət üçün nümunə sayır.

GÖRÜŞMƏMƏYƏ ƏSAS YOXDUR

Vəkil İsaxan Aşurov bunu Azərbaycanda məhbusla görüşə imkan verilmədiyinə görə irəli sürülən ilk iddia sayır. O hesab edir ki, görüş iddiası Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent qərarlarına tam uyğun tərtib edilib. Vəkilin sözlərinə görə, görüşdən imtina ancaq qanunda və beynəlxalq müqavilədə nəzərdə tutulan əsaslar mövcud olduqda haqlı sayıla bilər.
İsaxan Aşurov
İsaxan Aşurov deyir ki, cinayət təqibi orqanı istintaq altında olan şəxslərə təkcə onların valideynləri ilə deyil, dostları və hətta əlaqələri həmin şəxslər üçün əhəmiyyət kəsb edən hər kəslə görüş verməyə borcludur. Bir şərtlə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan məhdudiyyətlər mövcud olmasın:

«O məhdudiyyətlər isə çox dəqiq göstərilib. Birincisi, məhdudiyyət Avropa Məhkəməsinin qərarlarına uyğun olaraq qanunda nəzərdə tutulan olmalıdır. İkincisi, bu məhdudiyyətlər demokratik cəmiyyətdə yol verilən olmalıdır. Həmçinin məhdudiyyətlər milli təhlükəsizlik mülahizələri, istintaq altında olan şəxsin qaçırılmasının təşkili və hər hansı mühüm məlumatın yayılmasının qarşısını almaqla bağlı ola bilər. Amma Adnan Hacızadə və Emin Abdullayevin işində belə bir hal yoxdur».

İ.Aşurov deyir ki, yaxşı olar ki, iddia barədə Azərbaycan məhkəməsi qərar çıxarsın, əks halda bu, Avropa Məhkəməsinin baxış predmetinə çevrilə bilər.

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Emin Milli və Adnan Hacızadəyə qarşı yeni ittihamın irəli sürüldüyünü təsdiqləyib. Valideynlərin öz övladlarıyla görüş bilməmələri üçün məhkəməyə müraciət etmələrinə gəlincə, E.Sultanov deyib ki, bunun üçün məhkəmənin qəbul edəcəyi qərarı gözləmək lazımdır.

Məhkəmə işə sentyabrın 4-də baxacaq.
XS
SM
MD
LG