Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:13

Fəxri Uğurlu "OĞLUM SONUN DAYANACAQDA DÜŞƏCƏK..." (Hekayə)


Adam pətəyinin küyü geridə qalmışdı. Pırsımış gözlərin, qartımış səslərin altından canını sürüyüb çıxartmışdı.
- Bilmirəm bu bazarda mənim nə alverim var, ay oğul. Axı bizim yediyimiz-içdiyimiz onsuz da zəhərdi, oğul, vallah, zəhərdi…
- …
Ağır-ağır torbalar əllərini kəsirdi. Çiskinli külək gözünə batırdı. Bazarın palçığı ayağından çəkirdi.
- Yox, oğul, sənə qıymaram. Özüm birtəhər çəkərəm şələmi.
- …
Tıxanmış yolu maşınlara dəyə-dəyə keçdi. Səkiyə çıxaçıxda arxasından keçdiyi iri avtobus işə düşdü. Boz tüstü boz havaya duman kimi dağıldı. Zəhər ciyərinə işlədi.
- Allahın cansız dəmiri də mənə düşmən kəsilib, oğul. Yerdə-göydə nə varsa, hamısı qəsdimə durub.
- …
Dayanacaqda adam adama dəyirdi. İrili-xırdalı miniklər daşıb çölə tökülürdü. Qapıların ağzında itələşən yolçular bir-birinin ətəyindən çəkirdi.
- Hamı balasının yanına tələsir. Hamı sabahına maya tutur. Bircə mənəm mayasını yeyən, oğul, mayası yeyilən adam doyum bilməz. Neçə ildi bu gördüyün bazarı şələmdə evə daşıyıram, yenə də nə dad bilirik, nə doyum.
- …
Axşama doğru bazar seyrəldikcə yolun qıraqları bazara dönürdü. Öz sözü öz qulağına çatmırdı, səsdə-küləkdə azıb itirdi. Sözünü yel aparmasın deyə səsini içəri verirdi, ürəyinin qulağıyla eşidirdi.
- Bu basabasda çətin bizə yer olsun, oğul. Gəlsənə bir az gəzə-gəzə gedək, danışaq, dərdləşək…
- …
- Yox, məndən arxayın ol, şələ götürməyə öyrəncəliyəm. Yük çəkməyəndə elə bilirəm nəsə günah iş tutmuşam. Gedək. Yol azaldıqca yolçu da seyrəlir, miniklər boşalır. Oturmağa yer olanda minərik avtobusa.
- …

Səki eni üç adamın yerini tutmuşdu. Bir adamlıq yerə də işıq dirəklərini bərkitmişdilər. Qarşıdan gələn səkidən yola düşüb şələsi özündən ağır adama yol verirdi.
- Mən bu yükün altında yüz il də sürünərdim, oğul, təki yüz birinci ilə umudum olaydı. Dünyanı çiynimdə saxlayardım. Təkcə səni kürəyimdə apara bilmirəm. Belim qırılır, oğul, belim qırılır.
- …
- Mən deyirdim sən məni çiynində aparasan. Harda görünüb yaşlı ata cavan oğulu kürəyində gəzdirə?..
- …
- Bilirsən ata niyə balasından qabaq ölmək istəyir?
- …
- Oğlu ölən atanın sonrası indisindən qabaq ölür, sabahı bugündən ölür. Elə bircə bu günlə, bu saatla yaşamaq olmur, ay oğul… Mən sənin damarlarından qanımı bütün dünyaya axıtmaq istəyirdim, sənin yaddaşında sabaha sağ çıxmaq istəyirdim. Sən məni öldürdün, oğul, məni…
- …

Yol qırağındakı uca evin eyvanında bir gəlin uşağıyla oynayırdı. Uşağı atıb-tuturdu, öpürdü… öpürdü, atıb-tuturdu…
- O yazıq da elə bilir babalarını çürüdən ölüm balasına dəyməcəyək.
- …
- Neyləsin, o da sabaha ayrı yol tanımır. Özünə gələcək uydurub, bugündən başını götürüb qaçır. İşdi, birdən uşaq əlindən düşsə, o gələcəyin də iç üzü açılacaq…
- …
- Deyirsən qəddar olmuşam? Bəs gələcəyi əlindən düşən adam necə olar!.. Adam gərək indisindən qaçmasın, oğul. Nə olursa, indi olur, indi olmayan heç vaxt olmaz. Adam gərək keçmişi də, gələcəyi də indinin başına yığa bilsin. İndisi olmayanın gələcəyi gəlməz. Elə hey qaçar o gələcəyin dalınca, axırda da baxıb görər böyründən ötüb keçdiyi nə boyda keçmiş varmış!.. Qalar bir qısır günün gecəsiylə gündüzünün arasında, səhra kimi yapyalın bir indinin ortasında – nə keçmişi qayıdar, nə gələcəyi gələr… Belə günə, belə bugünə fələk düşməni də salmasın, oğul.
- …

Nəfəsi kürəyindən çıxırdı. Torbaları əlindən qoparıb, səkinin üstünə əyilmiş ağaca söykədi. Ovuclarının içi kəsik-kəsik olmuşdu. Dönüb baxdı: eyvandakı gəlin uşağı içəri aparmışdı. Fələk möhlət vermişdi.
- Bilirəm, elə bilirsən mənim günahımdan yoxa çıxmısan. Mənim günahım bilirsən nədə olub? Mən sənə sən kimi yox, öz gələcəyim kimi baxmışam. Özümü də özüm yox, sənin keçmişin bilmişəm. Özümü səndən ayırmamışam. Ona görə də nə mənim gələcəyim olub, nə sənin keçmişin. Mən gərək səni özümdən ayıraydım, oğul.
- …
- Hə, bu, günahmış, oğul, mən də bilməmişəm. Heyvan heyvanlığıyla balasını ayırır. Hər kəsin ömrü özündə başlayıb özündə qurtarırmış, oğul, hər kəs öz indisində yaşayırmış. Adam hər nəfəsdə ölüb-dirilirmiş. De görüm ata oğulun, ya oğul atanın yerinə nəfəs ala bilərmi?
- …
- Ancaq mən nəfəsimi sənlə alırdım. Sən mənə oğuldan artıq olmusan. Oğuldan artıq nə deməkdi, oğul?
- …
- Səndən ötrü qismətimə tüpürmüşəm… Zibildaşıyan kişinin qızıyla sevişirdim. Elə gözəl qızıdı, oğul, deyərdin bağban qızıdı. Soruşsalar yer üzündə Allahı görən olubmu, mən deyərdim o qız görüb.
- …
- Məndə görmüşdü, oğul, məndə… Nə qədər ki atasını tanımırdım, elə bilirdim gül bağında bəslənib. Özu də gizlədirdi, deyirdi atam neft buruğunda işləyir. Bir gün üz-üzə gəldik. Zibillikdə eşələnirdi. Üst-başından neftçiyə oxşasa da, yaxasından tökülən nöyüt qarası deyildi, zibil qarasıydı. Başını qaldırıb bizi görəndə əlindəki zir-zibili yerə atıb üstümüzə yeridi. Qızının saçından tutub zibilliyə sürüdü. Yazıq qız güclə saçını onun əlindən alıb ağlaya-ağlaya evlərinə qaçdı. Sonra kişi mənə cumdu. Çəkildim, şilləsi boşa çıxdı. Təpik atdı, təpiyini göydə tutdum. O biri ayağı axsağıdı, gövdəsini saxlamadı. Kişinin öz çəkisi özünə ağırlıq elədi, kürəyi yerə çatmamış başı taqqıltıyla asfalta dəyib geri qayıtdı, papağı zibilliyə sarı diyirləndi. Qorxumdan tez ordan qaçıb uzaqlaşdım. Zibillikdən aralaşmağına aralaşdım, oğul, di gəl, ondan betər zibilə düşdüm. Hamısı da sənə görə... Gedək, oğlum, gedək...
- …
- Niyəsini bilmək istəyirsən, deyim: axı mən zibildaşıyan axsağın qızından yüksək insan sortunu necə ala bilərdim?! Mənim oğlumu «zibildaşıyanın nəvəsi» deyin çağıraydılar? Sənin xoşuna gələrdi babanı danasan?
- …
- Gəlməzdi, dünyasında gəlməzdi. Hələ sən onun qucağında necə oturacaqdın, kirli əllərini sənin telinə çəkəndə mən necə dözəcəkdim?!.. Hə, öz-özümə dedim yaman zibilə düşmüşəm. Dava-dalaşı bəhanə eləyib qızdan qopmaq istədim, neçə gün axtarıb-aramadım onu. Handan-hana özü gəlib tapdı məni, gözünün yaşını üstümə axıtdı, atasını söydükcə söydü, qarğıdıqca qarğıdı. Dedim daha olan olub, keçən keçib, indən belə sənin atanla üz-üzə gələ bilmərəm. Elə bunu dediyimi gördüm, qolumun üstündəcə özündən getdi…
- …
- Düz deyirsən, oğul, söhbət üz-üzə gəlməkdə deyildi, üz-üzə gələrdim, lap o yana da keçərdim. Söhbət sənin babanın kim olmağındaydı, oğul, sənin babanın…
- …
- Sonra yenə görüşdük. Ancaq daha mən ona sənin anan kimi baxmadım. Öz-özümə dedim o məndən ayrılmaq istəmirsə, mənə nə düşüb?.. Bundan sonra zibildaşıyan kişidə nə yanığım qalmışdısa, hamısını qızından çıxdım. Yazıq qızın dodaqları, çənəsi, döşləri, sinəsi dişlək-dişlək, sortuq-sortuq olurdu. Birdən onu ataram deyə səsini də çıxartmırdı. Axırı zibildaşıyanda heç hayıfım qalmadı – qızı rüsvayçılıq qorxusundan dəli oldu, özünün də dərddən ürəyi yarıldı. Hamısı da sənə görə, ay oğul, sənə görə…
- …
- Onda ananla yenicə nişanlanmışdıq. Getdiyimiz yerdə qəfil qarşıdan çıxdı. Siftə-siftə elə bil tanımadı; zəndlə üzümə baxıb nəyisə yada salmaq istəyirdi. O axtardığı nəydisə, yadına düşəndə əyilib yerdən daş götürdü, bir-iki yol qorxutdusa da, daşı bizə atmadı, yerə atdı. Sonra qəfil göründüyü kimi qəfil də gözdən itdi…
- …
- Daha onu görmədim. Deyəsən, atası öləndən sonra dəlixanaya aparmışdılar. Eeyyy, ay oğul, bilirsən dəlixanada dəliləri necə döyürlər?..
- …
- Yox, ağlamıram, oğul, nəyə ağlayacam, kimə ağlayacam?! Mənim özümü ağlamağa sinəsi dağlı bir qoşun arvad gərək. Yer üzündə mən ağlayası bir adam da yoxdu, oğul…
- …

Bir göy maşın səkiyə yaxınlaşıb saxladı. Sürücünün yanında oturan başını pəncərədən çıxarıb onu harayladı: «A kişi, bir yerimiz var, gəl otur, hara deyirsən aparaq, bu gedişlə haçana gedib çıxarsan?»
- Yox, ay bala, biz iki nəfərik, yeriniz dar olar, gedin.
Əlinin havasıyla maşını itələdi. Maşındakılar bir-birinə baxdılar, sonra sürüb getdilər…
- Onda şeirlərim yenicə çap olunmuşdu, hamısı da sevgi şeirləriydi. Sözün-sənətin sayılan çağlarıydı, adım dillərə düşmüşdü. Yoxsa elə bilirsən anan məni bəyənərdi? Varlı evin, kübar nəslin qızıydı, evlərində yeməyi gümüş çəngəl-qaşıqla yeyirdilər. Vara-pula ehtiyacları yoxudu, onların xoşuna gəlməkdən ötrü bir az ağlın, ondan bir az çox ad-sanın, bir də gələcəyinə tanınmış adamların inamı olsa, yetərdi. Mən səni elə bir evdən-ocaqdan uçurtmaq istəyirdim, oğul. Zibillikdən mən dediyim yerə gedib çatmağa üç ömür də yetməzdi.
- …
- Deyirsən bəs mən özüm kim olmuşam? Mənim babam, oğul, mahalın ən sayılan, varlı-hallı kişisi olub; ilxısını üç ilxıçı, naxırını beş naxırçı otarırmış. Özü də dörd dil bilirmiş, hökumət dəyişməsəymiş, padşahdan bəylik alacaqmış. Nolsun atam acından ölüb, babamdan qalanların yiyəsi olmayıb? Əvəzində atam babamı ölməyə qoymayıb, gödək ömründə macal tapıb babamın qanını mənim damarıma axıdıb.
- …
- Düzdü, mən də babamın yerini tuta bilmədim. Bünövrəm olmadı, oğul, bünövrəm. Düşündüm məndən olsa-olsa elə yaxşı bünövrə olar. Sənin bünövrən, oğul, sənin… Babamın amanatını sənə ötürdüm, dedim onun qisasını fələkdən sən alarsan. Ustadlar mənim böyük gələcəyimdən danışırdılar, ancaq mən özümə heç bir gələcək-zad qurmurdum. Səndən özgə hansı gələcək məni arzuma yetirərdi?!
- …
- Arzu deyəndə, oğul, mənim heç öz arzum da yoxudu. Ata-babamın sümükləri canımda şaqqıldaşırdı, gecələr sümüyümün ağrısından yatammırdım. Mənim arzum onların arzusuydu. Mən özümdən bir nərdivan düzəldib səni onların arzusuna çıxartmaq istəyirdim. Bəlkə ondan sonra sümüklərim dincələydi…
- …
- Mənim bütün umudları sənə bağlamağım ananın xoşuna gəlmirdi. Ondan olsa, heç səni də doğmazdı. Mən azından üç oğul istəyirdim, o heç birinə durmurdu. Onun böyüdüyü dünyada özgənin cəfasını çəkmək gerilik sayılırdı. O heç babasının adını da düz-əməlli bilmirdi. Onun kürəyində nə anasına, nə balasına yer vardı. Səndən ötrü dayə tutdurmuşdu, südünü özgə verirdi, laylanı özgə deyirdi. Barı bir gecə əziyyətini çəkmədik, səsinə oyanmadıq…
- …
- Çığırtın gələndə anan cinlənib özündən çıxırdı, bulaşıq əsgilərini görəndə iyrənib öyüyürdü, ödü ağzına gəlirdi. Doğulanda onu yaman incitmişdin, səni bağışlaya bilmirdi. Durum deyim özü üçün yaşayırdı – bu da yalan olar, o yazıq heç özündən ötrü yaşamağı da bacarmırdı. Beləsi yaşamaq bilməz, oğul, sənin anan kimisini ancaq yaşatmaq olar.
- …
- Hə, o da o biri qızlar kimi mənim şeirlərimdə özünü yaşadan nəsə tapmışdı. Ona nə özünün, nə də mənim balam gərəyidi. Ona mən gərəyidim, oğul, təkcə mən. O özünü mənim əlimlə yaşatmaq istəyirdi. Şeirlərimin içində eşələnib özünü axtarırdı, sətirləri ələk-vələk eləyirdi: burda nə demək istəmisən, bunu hansı görüşümüzə yazmısan, filan misrada kimi fikrində tutmusan, filan təsvir mənə niyə oxşamır?.. Bilirsən bu nə deməkdi?
- …
- Deməli, bu adamları mənə şeir yazdıran duyğu-filan çəkmirmiş özünə. Sənin anan da, o biri qızlar da mənim şeirlərimdə axtarıb tapdıqları özlərinə vurulmuşdular. Sözdən yonulan heykəllərinə vurulmuşdular. Mən də sifarişi yaxşı yerinə yetirən usta kimi onların karına gəlmişdim. Hamısı özünə vurulmuşdu, hamısı öz dərdindən ölürdü, oğul. Bircə ondan savayı, zibildaşıyanın qızından savayı…
- …
- Yoox, o heç bilmirdi mən nə işin-sənətin yiyəsiyəm, bilmirdi keçmişim nolub, gələcəyim nolacaq. Eləcə əriyib canıma hopmaq istəyirdi, özünü puç eləyib mənə çıxmaq istəyirdi. Yoxa çıxmaqdan başqa bir umacağı yoxudu.
- …
- Ancaq anan elə bilirdi o şeirlər ondan savayı kimsəyə yazıla bilməz. O sətirlərin necə bir zibildən yarandığı onun yuxusuna da girməzdi. Mənim yazdıqlarımdan bircə yol da şübhələnmədi, bircə misramı da xəyanət başında yaxalamadı. Şübhələnmək ona sərf eləmirdi. Təkcə o yazıqla qəfil qabaqlaşdığımız gün…
- …
- Qızın mənim içimə baxmağından ananın dalağı sancmışdı. Soruşdu o qız sənə niyə elə dərin baxdı? Dedim, görünür, kiməsə oxşadıb… O yazıq məni doğrudan tanımamışdı. Üzdən yaxşı tanımayıb içimə boylanmışdı, içimi tanımağa da təpəri çatmamışdı. Dəli tanımadığından qorxar, o da bizdən qorxub qaçmışdı…
- …
Danışa-danışa sonrakı dayanacağa çatmışdı. Burda da adam adamı minirdi. Oturacaqların başına çəkilmiş çardağın altında diz qatlayıb torbaları iki ayağının arasına yığdı. Ovcuna yapışmış barmaqlarını ehmalca aralayıb əllərinin içini ovuşdurdu. Ovcundakı kəsiklər ömür xətlərini doğram-doğram, qırıq-qırıq, pozuq-pozuq eləmişdi.
- Yox, balam, deyən bizə burda da yer olmayacaq. Gəl bir az da gedək, oğlum, danışaq, dərdləşək… İrəlidə seyrəklik olar elə bilirəm.
- …

Yenə yolun qırağına düşdü, yola yoldaş oldu.
- Ömrüm boyu yol qırağıyla getdim, oğlum. Bircə yol yolun yiyəsi olmadım. Özümü sənə yol elədim, dedim, üstümdən adlayıb keçənlərimi gələnlərimə calayasan. Sən də üstümdən getmədin, üstümdə getdin.
- …
- Yadındamı dava başlayanda yenə çırmanıb ortaya çıxdım. Elə bilirsən vətəndən, millətdən ötrü özümü oda atırdım?! Heç doğmaca kəndimə illərlə yönüm düşmürdü. O kənddə mənim babamın üzünə durub dağ kimi kişini Sibirə sürdürmüşdülər, atamı yurdundan didərgin salmışdılar. Mən o torpağın, o adamların nəyini sevəcəkdim?! Bəlkə də düşmən onlardan babamın qisasını alırdı…
- …
- Yoox, oğul, mənim əlləşdiyim səndən ötrüydü. Mənim vətənim də, millətim də, dinim-imanım da sənidin, oğul.
- …
- Yadında olar, bir ara aclıq-qıtlıq başlayanda, dükanlar boşalanda, pul kağıza dönəndə mən yaman dəbdən düşdüm. Camaat çörək hayına qalmışdı, söz-sənət kimin vecinəydi?! Baban müflis olmuşdu, dayıların dəbdən düşmüş paltar geyirdi. Yadındamı günlərlə ət yemirdik, şorbayla keçinirdik. Daha anan da məni kişi saymırdı. İkimizi də saymırdı! Şəhərin göbəyindəki evimizi satıb ucqara köçdük, yadındamı? Bir müddət də başımızı belə girlədik…
- …
- Ancaq mənim aclıq-pulsuzluq-filan vecimə deyildi. Səndən ötrü bir iş görə bilməməyim öldürürdü məni. Gözüm görə-görə gələcəyim puç olub gedirdi.
- …
- Bu tıncıxan yerimdə fələk elə bil suyu məndən ötrü bulandırdı, çırman gir içinə, dedi, nə tuta bilirsən, tut… Mən də çırmandım, nə çırmandım! Qələmimdən qan damdı! Misralarım avtomat kimi atdı, sətirlərim pulemyot kimi şaqqıldadı. Nöqtəm, vergülüm, nidam kağıza güllə kimi dəydi… Daha təkcə qadınlar yox, bütün millət özünü mənim şeirimdə axtarırdı. Çiyinlərdə gəzirdim. Milyon adam birdən əl çalırdı mənə. Anan yenə bəzənib-düzənməyə başlamışdı. Dünyanı qana çalxayırdım, oğul, qana! Hamısı da səndən ötrüydü, oğlum, səndən ötrü…
- …
- Özün yaxşı bilirsən, davada ölüm-itim də olur, ucalmaq da. Sən bilən, atan səni öz əliylə döyüşə nə deyib göndərmişdi? Ölməyə? Bəlkə mənim namərd kəndçilərimi qorumağa?
- …
- Mən davanı səndən ötrü qızışdırırdım, oğul, qəhrəman olmağın üçün sənə meydan açırdım. Səni cəbhəyə yola saldığımı görəndən sonra bilirsənmi nə qədər cavan döyüşə könüllü getdi! Mən milləti sənə görə ayağa qaldırdım, oğul, dedim sənə kömək-dayaq olsunlar. Qoşunun olsunlar, əsgərin olsunlar…
- …
- Yox, ay oğul, düşmən nədi, heç öz torpağımızda da gözüm olmayıb. Torpaq nədi – sənin ayağının tozu. O tozu qızıl tozuna döndərsən, sən döndərərdin.
- …
- Sən döyüşdən at belində qayıtsaydın, atının dırnağından qopan daş da dönüb qızıl olacaqdı. Bizdən ötrü daha sənin-mənim söhbəti qalmayacaqdı. Bu torpaqda, bu şəhərdə nə varsa, adamların evində, eşiyində, cibində nə varsa, hamısı sənin olacaqdı. Sənin – mənim oğlumun, atamın nəvəsinin, babamın nəticəsinin. Onda babamın itirdiyi bir yana, qazana bilmədiyi də özünə qayıdacaqdı… Düz demirəm?
- …

Torbalardan birinin qulpu qırıldı, içindəkilər dağılıb səkinin sağına-soluna diyirləndi. Əlindəkiləri bir ağaca söykəyib tökülənləri dənlədi. Torbanın qırıq qulpunu o biri tayına düyünlədi. Yanından ötən bir oğlan yükünə əl atmaq istəyəndə qoymadı.
- Köməyim var, ay bala, sən get, yolundan qalma.

Oğlan çaşqın-çaşqın sağa-sola boylandı, sonra yoluna düzəldi. Oğlanın dalınca o da səhrada yürüşə çıxan yüklü əsgər kimi yolu əlinə aldı.
- Savaş nə qədər uzansa, meydan nə qədər genəlsə, sərkərdənin qəniməti bir o qədər çox olar. Ona görə də mən meydanı soyumağa qoymurdum. Toplar-tüfənglər yatışanda qələmim top kimi açılıb yatanları səksəndirirdi. Millətin canına bir ucdan od atırdım, cavanları körükləyirdim. Axı bizim davamız hələ irəlidəydi. Sən böyüyüb bütün ordunun başında durmalıydın, generallar buyruqçun olmalıydı. Səni görəndə ağ ağlığından, qırmızı qırmızılığından, göy göylüyündən dönməliydi. O boyaqlar hamısı səni bəzəmək üçün boyanmışdı, oğlum…
- …
- Sən daş üstündə otursan, daşın taxt olmalıydı, başına həsir qoysan, həsirin tac olmalıydı. Fələyin fərmanları sənin barmağınla möhürlənməliydi. Qızların bətni sənin toxumuna yerikləməliydi, arvadların bətni qudurub barını yeməliydi…
- …
- Hələ bu harasıdı?! Yağı qızları da atalarını, ərlərini, uşaqlarını atıb gəlib sənin bayrağını öpəcəkdilər, səndən döl tutacaqdılar. Düşmən qalasının açarı qarşına məcməyidə gələcəkdi, oğul, yağı qoruğunun kilidi açarınla söküləcəkdi…
- …
- Uzaq-uzaq ölkələrdən görüşünə alabəzək qızlar axışacaqdı. Babamın toxumu bütün yer üzünə səpiləcəkdi. Min-min illər sonra da mənim qanım bu dünyanın damarında hərlənəcəkdi…
- …
- Ən uca dağın başından bizə salam göndərəcəkdin, biz də sən varsan deyə özümüzü arxalı, köməkli biləcəkdik…
- …
- Səni o dağın ətəyində vurdular, oğlum, dərələr yuyat yerin, dağlar başdaşın oldu…
- …
- Mən səni ölməyəmi göndərmişdim, oğul?!
- …

Şələni yerə qoyub cibindən şəkil çıxartdı.
- O gün yenə o qız gəlmişdi. Axı bu nə təhər olan işdi, on il bir yerdə oxumusuz, qızın səni sevdiyini bilməmisən? Dediyinə görə, ona heç məhəl də qoymamısan.
- …
- Hə, sən cəbhədə olanda da gəlmişdi, məndən ünvanını istəmişdi. Ancaq sənin çantandan onun bir məktubu da çıxmadı. Bilmirəm yazmamışdı, yoxsa məktub sənə çatmamışdı. Davada hər şey olur, məktub nədi, adam azır, dəstə azır, qoşun azır… Sən onun məktubunu cırıb atmazdın, oğul, eləmi?
- …
- Atmazdın…
- …
- Hə, qapını açdım, gördüm boynubükük durub. Ona baxanda öz dərdim yadımdan çıxır, oğul, boynum burulur… Nə onun dili söz tutdu, nə mənim. Handan-hana çənəsi titrəyə-titrəyə sənin şəklini istədi. Gətirdim verdim. Özünü pilləkəndən necə uçurladısa, gözümü yumub açınca yoxa çıxdı. Səsi özündən geri qalmışdı. Hönkürtüsü axıb pilləkənin ayağına çatanacan yerimdən tərpənə bilmədim... Onun da açarı sənin əlində getdi, oğul. Lap dünyanın o başında sağ gəzib-dolansaydın, yenə o şəkildən çox kömək olardın ona…
- …
- Səni mən öldürdüm, oğlum, mən öldürdüm…
- …

Şəkli cibinə qoyub şələni götürdü. Çiskin üzünə-gözünə iynə kimi batırdı.
- Bəlkə heç doğulmasaydın, yaxşı olardı. Ölməyi də bilməzdin… Ananla əlbir olub sənə yaman tor toxuduq, yaxanı ölümə tanıtdıq. Kim deyir səni özgə öldürüb, oğul?! Kim deyirsə, yalan deyir, özümüz öldürmüşük!
- …
- Səni biz öldürdük, oğlum, doğmaca atan öldürdü, anan öldürdü.
- …
Yolu yarı eləmişdi. Evlərinə gedən avtobus qəfil böyründə saxladı. Sürücü qonşu evdə olurdu, onu üzdən tanıyırdı.

Cavanlar yükünü əlindən aldılar, özünün də qolundan tutub salona qaldırdılar. Qoşa yerin birində oturub o birini oğluna saxladı. Ayaq üstə qalan yolçular ondan incimədilər. Onun öz-özünə danışmağına da fikir vermədilər. Alışmışdılar.
- Səndən sonra yaraqlanıb cəbhəyə getmək istədim. Hələ qolumda güc, dizimdə təpər vardı. O vaxtacan düşməndən gileyli deyildim – mənim oğluma meydan açmışdılar axı, səni qəhrəman eləyəcəkdilər… Ancaq onlar mənə güllə atdılar, mənim sabahımı gecənin bətnindən saldırdılar. İndən belə mənim gecəm nə qədər uzun olsa da, səhərim açılmaz. Mən daha axtalanmış qoca yabıyam, indən belə bu torpaqda mənim bir toxumum da cücərməz, oğul, cücərməz…
- …
- Bilirsənmi döyüşə niyə getmədim? Getsəydim, düşmənin uşağını da, körpəsini də güllədən keçirəcəkdim. Qorxdum sən də o körpələrin içində olasan, oğlum.
- …
- Yadındadı dərviş dostum nə deyirdi? Deyirdi vaxtsız ölən yer üzünə bir də qayıdır. Adam adamın ömrünü kəsə bilməz, deyirdi, kəsərsən, kəsdiyinin bir növbəsini iki eləyərsən, üç eləyərsən. Göydəkilər yerə düşmək üçün növbə tutublar, deyirdi, ancaq yerdən qovulanlar yerə növbəsiz qayıdar… Mən belə sözlərə çox da inanmaram, oğul, özün bilirsən. Ancaq döyüşə dartınanda səni yuxuda gördum. Gördüm düşmən ölkədə doğulmusan. Burdakı körpəliyin necəydisə, ordakı da eləydi. Burda hansı dildə ağlayırdınsa, orda da o dildə çır-çır çığırırdın… Mən o yuxunu görəndə dərvişin hesabıyla sən elə körpə olardın. Qorxdum, oğul, gedəm səni öz əlimlə öldürəm. O körpəlikdə səni çətin üzdən tanıyaydım.
- …
- Bəlkə də sən böyüyüb cavan olanda dava yenə qızışacaq. Düşmən dəstənin başında ata yurduna hücum çəkəcəksən. Uşaqları, qocaları qılıncdan keçirəcəksən. O vaxta qalsaq, bəlkə ananla məni də öldürəcəksən, oğul, tanımayacaqsan bizi. Heç indi də tanımazsan, yaman dəyişmişik, oğlum, yaman, yaman…
- …
- Eeyyy, ay oğul, adam gərək indisini elə yaşaya, elə bil dünyada nə keçmiş olub, nə gələcək – həmişə indi olub. Yoxsa mənim kimisinin indisindən nə çıxar – keçmişim də ölüb, gələcəyim də. Gəl indi yaşa görüm, necə yaşayırsan!..
- …

Sonuncuya hələ üç dayanacaq qalırdı. Yol evlərinin yanından başlayıb evlərinin yanında da qurtarırdı. Sona qədər getməyə hövsələsi çatmadı. Birdən-birə darıldı, tıncıxdı, yerindən dikəlib sürücünü harayladı.
Avtobusun əyləci uladı. Oturanlar qabaqkı oturacağa dəyib qayıtdılar.
- Mən düşüm bir az hərlənim, oğul, havam çatmır. Sən ayın-oyunu apar evə, anan bazarlıq gözləyir. Heç bilmirəm o bazarda nə alverim var…
- …

Durub irəli keçdi. Torbalar oturduğu yerdə qaldı. İki nəfərlik yolpulunu sürücünün ovcuna qoydu:
- Oğlum sonuncu dayanacaqda düşəcək…

Gəncə, 01 mart 2007
XS
SM
MD
LG