Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:57

Rafiq Tağı "BEŞ ŞƏKİL" (Hekayə)


Bu qəzet inişil açılıbsa da, onun kompüterində cəmi beş şəkil ehtiyatı var. Əlhəmdülillah, çatır. Ehtiyac ödənir.

Redaktor şadlığına şitlik edənlərdən deyil - "keçmişdə belə şey nə gəzirdi", deyir. O, keçmişdən bircə addım qabağa gedib dayanmışdı. Hər halda, tərəqqinin kompüter mərhələsi onu qane edirdi. Bu dızıldayan-cırıldayan şey dünya sivilizasiyası ilə səsləşirdi. Guya radiasiya yayır - nə olsun? Elə bu da sivilizasiya əlaməti deyilmi?

Redaktor sanki dağdan düzə təzəcə enib; sivilizasiya görməmişi üçün radiasiyaya qovuşmaq da xoşdu. Hərdən tozunu özü aldığı yeganə kompüter tərəqqi atributu kimi ona sakitlik gətirir.

Kollektiv də şikayətlənmir. Asketik həyat tərzini hamı müsbət dəyərləndirir. "Mənəvi təmizik", - zarafatla da özləri özünə tərif deyir. Cəmi-cümlətanı beş şəkilləri olmasını onlara oxucu yazmışdı. İşə bax, redaksiyada bunu bir kəs bilməyib. Oxucu eləməyib tənbəllik, sayıb. Yüksək satış göstəricisi qəzetin lirik-romantik ruhuna haqq qazandırır. Bu həm də kütlənin işıqlı-sentimental mənəvi durumundan xəbər verirdi. "Qara" epiteti kütləyə səhvən yapışdırılıb. Hərçənd sentimentallığını onun zəif cəhəti kimi də yozmaq olar.

Şəklin üçü qrafik üslubda rəsmdi, ikisi - bədii foto. İnsafən, beşi də sərgilikdi. Muzeylərdə - idillik bir şəraitdə göz oxşamaqdansa, gündəlik qəzetdə "fəhləlik" edirdilər. Müəllifləri də göstərilmir, eləcə təsvir adıyla harda gəldi işlədilir, çürük məqalələrə can verirdilər. Onlardakı bədiilik ümumən gözəlliyi rəmzləndirir və kütləyə təsir göstərir. Bədiilik təlqin vasitəsidir; elitar mədəniyyəti kütləviləşdirməyə qadirdir. Kütlə bədiiliyi sevir, ona son ümid yeri kimi baxır. Bədii material istənilən qəzetə əbədiyyət hüququ və şansı verir. Bu redaksiya əbədiyyətlə ünsiyyətə girə bilir, onunla əylənirdi. Əbədiyyət həvəskarları bədiiliyə meyllidir.

Bu rəsmlərdən bir-ikisinin müəllifi bəlkə də Pikasso idi. Üslub oxşayışı böyükdü. Ya Pikasso özü deyilsə də, ardıcıllarından biridir. Ardıcılları ondan seçilmir. Təqlidçilər insanı çaş-baş salır. Eh, bəlkə burda söhbətin valını dəyişək... Məndə sənətkarlıq söhbətlərinə həvəs qalmayıb. Hövsələm daraldı-daraldı, Qarabağ müharibəsində tamam söndü. Müharibə əksər maraqlarımın yanlışlığını üzə çıxardı. Sülh dövrünün maraqları indi mənə boş görünür. Mədəniyyət ekstremal vəziyyətlərdə dəyərsizləşir. Bəlkə də boş işlərin ləğvi naminə sülh yerli-dibli rədd edilməlidir. Həyat müharibə ritmləriylə tənzimlənməlidir. İnsan hər an ölümdən qorxaraq yaşamalıdır. Onda qısaca ömrün qədir-qiyməti bilinər, lüzumsuz sənətlərə vaxt itirilməz. Ancaq onu da deməliyəm ki, Pikassoya sönən həvəsimi intihara sarı atılan ilk addım da saymaq olar. Hərçənd intiharaqədərki məsafə dəqiq bilinmədiyindən, qeyri-iradi atılmış bu yeganə addım bəlkə də nəticəsiz qalacaqdı. Məndə həyat eşqi qaynamaqda.
Hərçənd artıq bir az ayıb görsənir. Həyat eşqi dəmşəklikdi. Dəmşəklik məndə ənənəyə çevrilib. Başlanğıcını da sülhdən götürüb.

Beş şəkildən biri "Günəş"di. Qalanlarsa antinomik mövzularda: müharibə və sülh, kədər və sevinc. Qəzet onlarla bəzəklənir, beləliklə də, həyat hərtərəfli əks etdirilmiş sayılırdı. Şəkillərin yerdəyişmələrində oyunbazlıq vardısa da, ümumi mənzərə statikdi. Ola bilsin, hərəkət müharibədən sülhə və əksinə, bir də kədər və sevincin növbələşməsində təzahür edirdi. Ən eşşək adam da müqayisədə o hərəkəti görərdi. Keçən sayda sülh, bu sayda müharibə şəkli gedibsə, burdan nə çıxır - dövlətlərin münasibəti korlanıb. Budur, qəzetdə gedən sülh şəklidir. Onda, Allaha şükür, siyasi danışıqlar baş tutub. Ya tutasıdır. Artıq informasiya bülleteninə nəzər qılmamaq da olar. Hər hansı xəbər artıq bu şəkillə mənasızlaşıb.

Arifə işarə, kötüyə balta. Bu beşcə şəkillə Azərbaycanın dürlü problemlərinin hamısına toxunulurdu.

Ümumiləşmə və səciyyəvilik göz önündəydi. Ümumiləşmiş hər təsvirin yerində sonsuz sayda konkret şəkil-məkil vermək olardı da. Lakin tamda mənzərə aydındısa, bunu zərrədə də araşdırmağa ehtiyac vardımı?
O
xucuların Günəşə münasibəti heç də birmənalı deyil. Bu cür pak və aydın, parlaq bir şeyin də məna yozumları müxtəlif olarmış! İnsan beynindən süzülən ideya və düşüncələr xaotikdi. Hər kəsin sanki öz məntiqi vardısa da, axı, ümumi gedişat da hökmən üzə çıxmalı idi. Bu xaos Günəşə ciddi təsir göstərməzdisə də, onu gözdən salmağa qadirdi. Günəşə ləkə yaxa, ona şər ata bilərdilər. Beşi inanmasa, biri inanardı. Bəşəriyyətin beşdə-altıda biri sayca gör nə qədər eləyir! Onlar Günəşdən gizlənər, pessimizmə yuvarlanar, özlərinə qapanar, nəticədə dəhşətli fəlsəfi cərəyanlar ortaya çıxardı. Günəşsizlik antibəşəri neqativizm törədər. Qəzetdəki rəngli variantda Günəşin istiliyi əməllicə duyulurdu. "Günəş" təkcə təbiəti rəmzləndirmir. Onun sosioloji effekti də aşkardı.

Qaşqabaqlı havalarda qəzetdə Günəş bulud arxasından çıxmış kimidir. Günəş şəkli hətta iqtisadi baxımdan faydalı idi. Günəşin özü kimi şəklinin də kənd təsərrüfatıyla birbaşa bağlılığı var. Yayda Günəş insanları göydən, qışdasa qəzetdən ruhlandırır; onların əli iş-gücdən soyumur. Qəzetdə Günəş təbiətin imitasiyasıdır. Sənəti yox, təbiəti təqlid həmişə gərəklidir. Rəssamların "günəş"ləri də bir-birinə nə qədər çox oxşasa, bir o qədər yaxşıdır. Günəşin hoqqabaz variantları yersizdir. Sürrealistik Günəş rəsmini tulla zibil qutusuna. Qəzetdə realistik Günəş göydə real Günəş illüziyası doğurur. Qəzet Günəşi sanki güzgü kimi əks edir və deyilənə görə, bəzi evlərdə ondan qopan "zayçik"lər gəzişirdi. Hə, Günəş bulud arxasından qəzetə gizli yol tapıb. Hava bir az dönən kimi səhifədəcə peyda olur. Guya rəngli Günəşdən bəzən qəzeti alışan da görüblər. Bu məlumat oxuculardan alınıb.

Odur ki, hərdən təkliflər gəlir: respublika alışa bilər, Günəşin rəngi bir qədər azaldılsın. Ay balam, ta onda da bu, Günəş olmaz ki! Zəfəranlı kökə, pomidor çığırtması, ya bir tava əlvan qayğanaq olar. Yox, qoy kimlərinsə əlində qəzet Günəşdən yansın da, amma rəng həminki qalacaq! Al-qırmızı Günəş redaktorun humanizminin yeganə nişanəsi idi. Elə bilir, ondan dönsə, diriykən ölər. Günəş rəsmini redaktor özünün qaraçuxası sanır. Yayı-qışı onunladır. Evini satmalı olsa da, deyir, qəzeti rənglidən ağ-qaraya çevirməz. Səviyyəni endirməz. "Günəş"in uğuru həm də ondaydı ki, soyuqlarda kasıb onu peç yerində bilir. "Yığışın babam ocağına", deyib, ailə-uşağını divardakı bir səhifəlik "Günəş"in ətrafına yığar. Onunla yaxşıca qızınmaq olurdu. Qoca birisi "Günəş"i divara yapışdırıb, altından "kamin" yazmışdı. Belini ona söykəyərdi. "Kamin" - cavanlığının Rusyətdə keçməsini göstərirdi. Böyrək daşı tutmalarını onunla yox edir, redaktora da duanı-dua üstündən yağdırır. Axır bu dualar müstəcab olar, inşallah! Ancaq duaların nədə effekt verəcəyi hələlik fərz elənmirdi. Barı yarıqaranlıq zirzəmidən işıqlı bir yerə köçələr. Axı, həyatda başqa cür böyüyüb nə ola bilərsən? Fil olmayacaqsan ki! Onsuz məmurluğu da istəmir. Əfsus, cəmiyyətdə artmaq yalnız məmurluq şəklində mümkündü. Perspektiv acınacaqlı idi. Hə, dualar onu humanizmdən yayındıra bilərdi. Onun humanizminin yeganə maddi təzahürü Günəş rəsmidir.

"Günəş"dən ayrılmaqla ucalmağı faciə sanırdı. İndidən qaramatını töküb, deyirdilər, bundan heç nə çıxmaz. Onun Günəşə məhəbbətini dəlilik sayanlar da vardı. Bir qızının adını Günəş, ikincisini Aygün, sonbeşiyinisə, tərsinə, Günay qoymuşdu. Allah da sərsəriliyinə müqabil ona hey qız verir. Hələ "Şəmsiyyə" adı dururdu.

Kədər şəklinin hələlik konkret adı-zadı yoxdu. Bir də axı ad nəyi həll edir? Onsuz hər şey gün kimi aydındır. Hər gözdən az qala gözün özü boyda yumru bir yaş sallanır. Lap sırğa kimi. Bu nə demək ola? Göz yaşı elə şeydi ki, üzr istəyirəm, onu eşşək də qanar. Şəkildə qadın sanki əbədi ağlayırdı. Kədər həyatda onun ölənəcənki, şəkildəsə əbədi halı idi. Həyatda bəlkə hərdən sevinirsə də, şəkildə həmişə kədərlidir. Şəkildə kədərə məhkumdur; bulanıq sular sanki heç vaxt durulmayacaq. Onun kədəri bəlkə heç sosial məzmunlu deyil də. Ancaq hayana dönə, gec-tez yenə sosiallıq üstünə gəlir, ona dirənirsən. Tanınıb-bilinən əsas səbəb bircə odur. İnsan sosiolojilikdən bir addım da uzağa getməyib. Bu kədərin sonunda bəlkə də inqilab dururdu. Əlbəttə, qadın öləndən sonra da (bəlkə artıq ölüb) öz kədəriylə insanları düşünməyə vadar edəcək. Bay, indi yadıma düşür: axı, bu şəkil foto deyil. Bu qadın ömürbillah dünyada olmayıb, "doğmayıb-doğulmayıb". Gopçu bir rəssamın fırçasından çıxandı. Sənətkarların dünyaya gətirdiyi insanlar əzab çəkmirlər. Onların kədəri qondarma və yalandır. Hər halda, ağlar qadın qaçqın və köçkünlərə itən torpaqlarımızı mütəmadi xatırladar, onları normativ qeyrət və şərəf çərçivəsində saxlayar. Bu qəzet ölkədə şərəf və qeyrət stabilliyinin təminatçısıdır. Ağlar üstəgəl qadın - bu bir namus mücəssəməsi idi.

Amma qrafika kədər üçün düzgün seçilməyib. Kədər belədə ruhsuz və cansızdır. Ağlar üz yağlı boyada daha cazibədar alınardı. Real və təbii. Qrafika hoqqabazlıq, kəndirbazlıqdır. Həqiqətən də, qrafika xətləri dolaşıq sirk ciyələrini xatırladır. Ah, kədərin rəngli təsviri "bomba" bir şey olacaqdı. Amma daha keçib. "Qrafik kədər"lər içərisində də bundan yaxşısını tapmazdın.

Üçüncü şəkil gülən bir uşaqdı. "Gülən"də yox, güləyən. Bu, tərtəmiz foto idi. İstər-istəməz də "Sevinc" adı xəyala gəlirdi. Uşağın dişlərindən üç-dördü düşmüşdü. Deyən, yandan kimsə onu güldürür. Ancaq güldürən özü görsənmir. Arxa plandadır. Güman, yaşlıdır. Özü bəlkə daim ağlayırsa da, güldürməyi bacarır. Özü ağlayanlar, təcrübə belə göstərir, güldürmək ustası olur. Həm də axı, güldürən də şəklə düşsəydi, üzündəki kədər ümumi mənzərəni poza bilərdi. Baxan avara qalar: sevinsin, ya neyləsin? Güldürənin üzündəki kədər sevinci üstələyə bilərdi. İnsanlar da, tərs şeydilər, bu iki alternativdən kədəri tez tutacaqdı. Kədər qəlb mənzərələriylə həmahəngdir. Hə, uşaq nəyə görəsə, xoşbəxtdi. Ya ona "pıqq" eləmiş, ya da bir gülməcə göstərmişdilər.

Çöhrəsindəki avitaminozu qəzetdəncə bilinirdi. Sınıqlığından görsənirdi ki, canına tezliklə qocalıq sinəcək. Di gəl, hələlik Araz aşığından, Kür topuğundandır. Onun təsadüfi xoşbəxtliyi fotoda əbədiyyətə təsbit olunmuşdu.

Qəzet bu şəkillə qara kütlənin qəlbini ələ alırdı. Nədənsə, qara kütlənin məhəbbəti xoşagələn olur. Kütlə həm də folklor daşıyıcısıdır; aşıqlar da ondan çıxır. Milli əxlaqı da kütlə yaşadır. Vətənpərvər oğullar İranı-Turanı ha gəzələr, axır gəlib ordan qız seçirlər. Redaksiya bu şəkli bayramlarda verir. Atəşkəslər bu fotonun mövsümüdür. Ancaq şəkil müharibədə də tətbiqini gözləyir; bunun üçün şəhər və kəndlər bala-bala, bir-bir geri alınmalıdır.

Sülh şəkli. Elə bu da uşaq fotosu effektində idi. Rəsmin bir yerində göyərçin uçurdu. Tək elə bundan bilərdin ki, rəsm Pikassonun deyil. Təqliddi. Ancaq rəsm rəmz kimi anlaşılandı. Hərçənd göyərçin artıq effektini itirib, ya itirməkdədir. Göyərçin - müasir tamaşaçıya heç nə demir. Üstəlik, axı, niyə məhz göyərçin? Guya başqa quşlar sülhü rəmzləndirə bilməz? Elə məsum quşlar var ki, göyərçin onun yanında vəhşi təəssüratı oyadar. Elə bir tək dimdiyi dəhşət və vəhşət doğurur. Bircə dəfə toxunarsa, hər hansı göz tuluq kimi deşiləsidir. Sən bir diqqətlə bax, göyərçin qartala daha çox oxşayır. Götürək qaranquşu. Onun göyərçindən nəyi pisdir? Qaranquş göyərçindən daha zərifdir. Hələ ondan da həssas. Sadəcə, Pikasso onu görməyib. O, belə bir quşu təsəvvür etməyib də. Ola bilsin, Parisdə dərdə dərman bircə qaranquş da tapılmaz. Pikasso təkcə göyərçini irəli çıxarıb, bax, elə bununla da ədalətsizlik edib. Onun göyərçinə patronluğu Avropanın dünyaya diktəsi sayıla bilər. Hə, bu şəklin alt yarusunda güllər açıb. Göydə bir topa yüngül bulud gəzir. Bulud lap steril tibbi pambıq rəngindədir.

Bir sözlə, kasıbın olanından, rəssam sülhə dair kasad təfəkkür məhsullarını ortaya qoymuşdu. İnan, orda göyərçin olmasaydı, heç kopoyoğlu deyə bilməzdi də ki, şəklin sülhə bir aidiyyəti var. Pikasso və göyərçin - bunu hamı bilir nə olan şeydi. Redaksiya hardansa eşələyib tapdığı müəllifin əsərini Pikassonun xatirinə verirdi.

Baxma, göyərçin tutarlı arqumentdi; artıq XX əsrin də sülh tarixinə yazılıb. Amma başqa quşlar ədalətsizliyi sezsələr, balaca ürəkləri iynə kimi sancacaq. Di gəl, başları oracan işləmir. Hər halda, yaxşı-pis, qəzet aktual müharibə-sülh problemləri içərisindəydi. Sülh rəsmi Azərbaycana sülh məramıyla gələn hər hansı qonağın gəlişinə uzlaşdırılıb verilərdi. Redaksiya bununla gələnləri sülhə səsləmiş olurdu. Qəzet millətin siması rolundaydı. Ancaq görən, "sülh" sözü danışıq aparanların qəlbini ehtizaza gətirirdimi? İnanan daşa dönsün. Onlar sülh mütəxəssisləridir və yəqin günün bir neçə saatını bu işə həsr edib, sonra da hər şeyi unudurlar. Yaddaş yüklənməməlidir. Onlar Azərbaycanın problemlərini hər dəfə qeyd dəftərçələrinə baxmaqla yada salır. Diplomatlar üçün sülh də müharibə kimi peşə çərçivəsində maraqlı idi. Müharibə və sülh - eyni təsirə malik predmetlərdi. Ehtizaz nədi? Müharibədə qırılanlar da yalnız statistik göstəricilərə daxil olmaqla onlara çatır.

Yoxsa vaxtları hardandı?

Beşinci - müharibə mövzusunda şəkildi. Düzdü, atəşkəs dövründə aktuallığını xeyli itirib. Həqiqətən də, camaat şənliyində-istirahətində, sən gedib-gəlib müharibəni onların gözünə soxur, qulaqlarına mil kimi yeridirsən. Bəyəm bu, düzgün işdi? Yox, əksinə, yersiz və hətta ayıbdı. Sülh dövründə müharibəyə çağırışlar tərbiyəsizlik növüdür. Lakin hərdən qəzetdə onu verməmək də yaxşı çıxmaz, abdallıq olardı. Atəşkəs müharibənin bitməsi demək deyil. Atəşkəs bəlkə hələ müharibənin ortasıdır. Qarşıda ölümlər durur. Ölənlər çataçat şəhid sayılacaq.

İnsanlar gənc yaşlarından heykəlləşib-büstləşəcək. Bütləşəcək. Yorğan-döşəkdə yox, gərək çöldə-düzdə, xəndəkdə-blindajda it kimi gəbərəsən ki, bir hörmət-izzətə də çatasan. Müharibə şəkli rəngliydi. "Kalaşnikov" boz, onun lüləsindəki atəş - qıpqırmızı. Bu çığırğan qırmızı rəssam uydurması deyil, həyat materialı idi. Heç bir rəssam rənglərlə bu cür sərrast işləyə bilməz. Bacarmaz. Rəssam həyatla müqayisədə acizdir.

***

Bir gün məhkəmə qəzetin qapanması qərarını çıxardı. Sülh içində müharibə şəkli çox getmiş, atəşkəs pozulmasa da, bir növ, korlanmışdı. "Bilməmişik, düşmənin xətrinə dəymişik!" - İlahi, sakit adamların özündən çıxmağı nə məzəli olurmuş! Ölkədə düşmənlə dostluq tendensiyası get-gedə güclənirdi. Arada bu redaksiyanı qapazaltı seçdilər. Ərk eləyirik, gəlib dedilər, bu şou qaçılmazdı. Qoy düşmənin ağzı yumulsun, qəzet yenə açılacaq.

Beş şəklin həyata çıxışları bağlanmışdı - redaktoru yandıran, cızdağını çıxaran əsas cəhət bu idi. Qəzet təzədən açılacaqdımı? Məmur sözü həmişə dəvənin boynu kimi düz olub. Qorxasan, hamı da hər şeyi unuda. Şəkillər lüzumsuz inventara çevrilə. Amma ümid hələ yanırdı: bəlkə də "Günəş" müvəqqəti sönüb.

25.05. - 27.06. 2002
XS
SM
MD
LG