Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Sahibkarlar niyə intihar edirlər?


Azər Mehtiyev
Azər Mehtiyev
Ötən 8 gündə Azərbaycanda 2 sahibkar intihara cəhd edib. Avqustun 24-də Abşeron rayonunda Yasin Əliyev sahibi olduğu gözəllik salonunun sökülməsinə etiraz əlaməti olaraq özünü yandırıb. Avqustun 31-də isə Bakının mərkəzində Kənan Nağıyev «Vinçester» tapançası ilə özünü güllələyib.

KOMPENSASİYA OLMAYACAQ

Xırdalan Şəhər İcra Hakimiyyəti nümayəndəsinin müavini Zakir Həsənov deyir ki, sahibkar Yasin Əliyevə kompensasiya ödənməyəcək. Çünki gözəllik salonunun yerləşdiyi ərazidə prezident İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin adını daşıyacaq park tikilir. Bu, dövlət tədbiri olduğu üçün heç bir güzəşt nəzərdə tutulmur.

«VINÇESTER»Lİ ETİRAZ

Avqustun 31-də «Gənclik» metrostansiyasının yaxınlığında Kənan Nağıyev «Vinçester» tapançası ilə özünü güllələyib. O, ürəyinə atəş açsa da, güllə yan keçərək yalnız döş qəfəsini zədələyib. İndi o, Bakıdakı 5 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsindədir. Həkim-reanimatoloq Aynur Əfəndiyeva deyir ki, Kənan Nağıyev hələ bir neçə gün xəstəxanada qalacaq:

- Orta ağırlıqda stabil xəstədir. Döş qəfəsindən bir güllə yarası alıb. Xoşbəxtlikdən güllə döş qəfəsinə nüfuz etməyib.

- Xəstə artıq istintaqa ifadə verib?

- Bəli, xəstənin huşu yerindədir, danışır. Həm dünən, həm də bu gün istintaqa ifadə verib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qanunsuz odlu silah gəzdirmə və özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi açılıb. Prokurorluqdan AzadlıqRadiosuna bildiriblər ki, Kənan Nağıyev professional güləşçidir. Bir neçə ildir sahibkarlıqla məşğul olur. Son aylar onun xeyli borcu yığılıb. İlkin versiyaya görə, onun intihara cəhd göstərməsinin əsas səbəbi də borclarını ödəmək üçün çıxış yolu tapmamasıdır.

NƏDƏN MƏHKƏMƏ YOX, İNTİHAR?

İqtisadçı Azər Mehtiyev isə hesab edir ki, sahibkarların ən böyük problemi mülkiyyət hüquqları pozulan zaman onların səsinin heç yerdə eşidilməməsidir:

- Azərbaycanda ədalətli məhkəmə sistemi olmadığından insanlar bu cür fərqli addımlar atmağa məcbur olurlar. Əgər ölkədə müstəqil, ədalətli məhkəmə sistemi yoxdursa, orda sahibkarlıq mühitindən danışmaq qeyri-mümkündür.

İqtisadçının sözlərinə görə, qanunların işlədiyi ölkələrdə sahibkarlar düşdükləri böhrandan çıxmaq üçün banklara müraciət edirlər. Azərbaycandakı iş adamları isə bu imkandan da məhrumdurlar:

BORCLULAR NİYƏ BANKDAN KREDİT ALMIR?

- Ölkədə klassik bank sistemi haqqında danışmaq da yersizdir. Ona görə ki, banklar Azərbaycan iqtisadiyyatının durumuna uyğun fəaliyyətdədirlər. Banklar ölkə iqtisadiyyatında inhisarlaşmanı daha da dərinləşdirən amilə çevrilib. İnsanların bankdan sərbəst kredit almaq, bu kreditlə bizneslərini inkişaf etdirmək imkanları yoxdur. Ayrı-ayrı hallarda biznesmenlər kredit alıb iş qurur. Ancaq bunlar hamısı inhisarçı dairələrin nəzarəti altında baş verir. Elə bu səbəbdən də borclanan sahibkarlar heç bir halda düşdükləri böhrandan çıxmaq üçün banka müraciət edə bilmirlər.

Azər Mehtiyev bildirir ki, bütün sivil ölkələrdə mülkiyyət hüququ insanların ən ali hüquqları sırasındadır. Azərbaycanda isə nəinki sahibkarların, hətta sadə vətəndaşların mülkiyyət hüququ ən kobud şəkildə pozulur. Baxmayaraq ki, ölkə qanunvericiliyi və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar dövlətin öz vətəndaşlarının mülkiyyət hüququnu qorumasını tələb edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev isə deyir ki, sahibkarların özlərinə qəsd etməsi haqda heç bir informasiyası yoxdur. Onun fikrincə, ölkədə sahibkarlıq üçün normal mühit var:

- Azərbaycanda sahibkarlıqla məşğul olmaq istəyən hər bir kəs üçün normal şərait yaradılıb. Onların hüquqları qanunlarla qorunur. Dövlət son illər sahibkarlığın inkişafı üçün böyük işlər görür. Konfederasiya da yaranan problemlərlə bağlı çıxış yollarının tapılmasında dövlətə yardımçı olur.

- Bəs sizcə, hansı səbəbdən sahibkarlar intihar həddinə çatır?

- Bunu onların özlərindən soruşsaz yaxşıdır.

- Sahibkarlar bildirirlər ki, onların mülkiyyət hüququ qorunmur.

- Məsələnin qoyuluşu mənə aydın deyil.
XS
SM
MD
LG