Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:27

İsveçli gənclər Adnan və Eminin həbsinə etiraz edirlər


Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər
İsveç parlamentinin müxtəlif fraksiyaları, eləcə də parlamentdə təmsil olunan partiyaların gənclər təşkilatları Adnan Hacızadə və Emin Millinin həbsinə etiraz ediblər.

İlham Əliyevə ünvanladıqları məktubda 7 partiyanın nümayəndələri gənc bloqqerlərin həbsindən narahatlıqlarını bildirirlər. Bu həbsi ölkədə dissidentlərə qarşı dözümsüzlüyün tipik təzahürü adlandırırlar.

İsveçli gənclər A.Hacızadə və E.Millinin həbsinin siyasi motivli olduğunu bildirir, onları dərhal, qeyri-şərtsiz azad etməyə çağırırlar. Eyni zamanda, gənclərə qarşı qaldırılan bütün ittihamların dayandırılmasını və təqsirkarların cəzalandırılmasını istəyirlər.

Prezidentə ünvanlanan məktubun sonunda qeyd olunur ki, onlar bloqqerlərin məsələsini, həmçinin ölkədəki vəziyyəti diqqətlə izləyəcəklər.

Üç partiyanın - Sosial-Demokrat, Sol və Yaşıllar partiyalarının birgə bəyanatında Avropa Birliyinə prezidentlik edən İsveç hökumətindən A.Hacızadə və E.Millinin məhkəmə prosesinə müşahidəçi göndərməsi tələb olunur. Onlar Azərbaycanda insan haqlarının vəziyyətindən dərin narahatlıqlarını bildirirlər. Bəyanatda qeyd olunur ki, İsveç Azərbaycandakı hüquqsuzluğa göz yummamalıdır.

Xristian Demokrat və Liberal partiyalarının ayrı-ayrılıqda verdiyi bəyanatlarda da bu həbs pislənir.

Partiyalar İsveç hökumətindən tələb ediblər ki, Avropa Birliyinin sədri kimi gənc bloqqerlərin məhkəmə prosesini izləmək üçün Azərbaycana müşahidəçi göndərsin.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG