Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:04

Bayram günü təqaüdçünün təqaüdü gecikirsə...


Nazirlər Kabinetinin qərarı var ki, pensiyalar ayın 20-30-u arasında ödənməlidir
Nazirlər Kabinetinin qərarı var ki, pensiyalar ayın 20-30-u arasında ödənməlidir
«Neçə gündür mən pensiyamı ala bilmirəm. Hara gedirəm, pul yoxdu, köçməyib. Bu bayram günü günahım nədir ki, pensiyamı ala bilmirəm?».

Təqaüdçü Zərnigar Əliyeva bu sualı ətrafındakılara verirdi. Ətrafındakılar da onun kimi təqaüdçülər idi. Çoxunun dərdi eynidir, neçə gündür təqaüdlərini ala bilmirlər:

«CİBİMDƏ BİR ABBASIM YOXDUR»

- Bax, kartı taxıram, pul yoxdur. Bayram günü, belə şey olar? Tək yaşayanlar var. Gərək bunu nəzərə alsınlar.

- Mən çörəkpuluna möhtacam. Hərdən deyirəm, o qədər pensiya versinlər ki, işıq, qaz pulunu ödəyəsən, bir kisə un almağa da pulun qalsın. Ancaq haradan?

- 40 il müəllim işləmişəm. Təqaüdçüyəm. 2006-cı ildən deyirlər ki, pensiya artacaq, artmır. Ayın 10-da pensiya almalıyıq, niyə gecikdirirlər? Bu dəqiqə cibimdə bir abbasım yoxdur. Gəl dolan. Danışanda deyirlər ki, ay bu qədər iqtisadiyyatımız iki dəfə artıb, ay neftdən bu qədər pullar gəlir. O pullar hara gedir? Niyə pensiyaları artırmır? Gərək elə heykəllər qoyasan, kimin nəyinə lazımdır o heykəllər, heykəl bu gün var, sabah yoxdur...

Təqaüdçülər arasında bir neçə gün gecikməylə təqaüdünü alanlar da vardı. Telman Məmmədov deyir ki, gecikməyə görə qonşusundan borc alıbmış, alanda da borcunu ödəyib:

- Hər ay ayın 15-nə qədər alırdıq. Bu ay 20-də aldıq. Zəruri olan şeylərə sərf elədik, borcu ödədim, qalan problemlər problem kimi yenə qaldı...

PROBLEM PUL ÇATIŞMAZLIĞI İLƏ BAĞLIDIR


«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, təqaüdlərin gecikməsi 70-80 manat alan bu təbəqə üçün çox ciddi problemdir:

İqtisadçı ekspertlər deyirlər ki, ölkədəki qiymətlərlə müqayisədə 70-80 manat çox cüzi məbləğdir
- Azərbaycanda təqaüdlərin orta səviyyəsi elə yüksək deyil ki, bu təqaüdlər 5-10 gün gecikəndə ötüşdürmək mümkün olsun. Problem Dövlət Sosial Müdafiə Fondundakı pul çatışmazlığı ilə bağlıdır. Pensiyaları vaxtında banklara köçürə bilmədiklərinə görə problem yaranıb. Azərbaycanın büdcəsi əsasən neft gəlirləri hesabına formalaşır. Dövlət Sosial Müdafiə Fondu üçün də neft amili kifayət qədər ciddidir. Neftin qiyməti azalmağa başlayanda Fondun sədri Səlim Müslümov demişdi ki, pensiyaların gecikməsinin qarşısını almaq üçün ehtiyat fond yaratmalıyıq. İndi həmin problem yaranıb.

Qadir İbrahimli deyir ki, təqaüdcünün pulunun 2-3 gün gecikməsi belə onun növbəti borclara düşməsi deməkdir.

PENSİYALAR AYIN 20-30-U ARASINDA ÖDƏNMƏLİDİR

Dövlət Sosial Müdafiə Fondu Aparatının rəhbəri Əjdər Cəbiyev isə deyir ki, təqaüdlərin alınmasında gecikmələr kütləvi ola bilməz. O, pul çatışmazlığı ilə bağlı deyilənləri inkar edir:

- Bayram günlərində banklar işləməyib. Ola bilsin, müəyyən yerlərdə bankomatlara pul köçürülməyib. Ona görə qalıb. Ümumiyyətlə, Nazirlər Kabinetinin qərarı var ki, pensiyalar ayın 20-30-u arasında ödənməlidir. Ancaq çox vaxt 20-nə qədər ödəyirik. Bəziləri elə bilir ki, ayın 2-3-də almalıdır, ayın içində almalıdır. Əməkhaqları ayın 15-də, bir də axırında verilir. Məcburi dövlət sosial sığorta haqlarının yığılması da həmin əməkhaqlarına bağlıdır. Əməkhaqları veriləndən sonra sosial sığorta ayırmaları edilir. Bunun əsasında da pensiyalar ödənilir.

İqtisadçı ekspertlər isə deyirlər ki, ölkədəki qiymətlərlə müqayisədə 70-80 manat çox cüzi məbləğdir. Ona görə də pensiyalar azı iki dəfə artırılmalıdır.

Rəsmi statistikaya görə, Azərbaycanda təqaüdçülərin sayı 1 milyon 300 nəfərdir.
XS
SM
MD
LG