Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:40

Partiyaların virtual fəaliyyəti


«İndi dünyada elə internet resursları mövcuddur ki, onların ətrafında 100 milyonlarla insanlar var»
«İndi dünyada elə internet resursları mövcuddur ki, onların ətrafında 100 milyonlarla insanlar var»
Azərbaycanda fəaliyyət göstərən 50-dən çox siyasi partiyadan yalnız bir neçəsinin internet səhifəsi var. Hələ ki, siyasi partiyalar arasında virtual siyasi fəaliyyət o qədər də dəbdə deyil. Bəzi partiyalar əlavə xərc çəkməkdənsə, sakit-səssiz siyasi fəaliyyətə üstünlük verirlər. Belə partiyaların sayı üstünlük təşkil edir.

«BU İŞLƏRİ GÖRMƏK ÜÇÜN BİZƏ QƏRARGAH LAZIMDIR»


Bəzi müxalifət partiyaları internet resurslarından istifadə etmək istəyir, amma maddi imkansızlıq onların bu istəklərinin reallaşmasına mane olur. AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, partiyanın internet səhifəsi Xəqani küçəsi 33-dən çıxarılana qədər fəaliyyət göstərib. Qərargah əldən gedəndən sonra partiyanın internet səhifəsi də fəaliyyətini dayandırıb.

N.Məmmədli deyir ki, indi onların bu fəaliyyəti davam etdirmək imkanları çox zəifdir. Köhnə qərargahdan çıxarılan kompyuterlərin hamısı indi partiya üzvlərindən birinin evinin zirzəmisində saxlanılır.

N.Məmmədli deyir ki, onlar internetdəki fəaliyyətin, şaxələnmənin istənilən küçə aksiyalarından qat-qat effektli olduğunu bilirlər, sadəcə, həmin imkanlardan istifadə edə bilmirlər:

«Bu gün Azərbaycan iqtidarının ən çox ehtiyatlandığı iki sfera qalıb. Onun biri internet şəbəkəsi, digəri isə məscidlərdir.
Nurəddin Məmmədli
Elə iki gənc bloqqer üzərində qurulan məhkəmə də bunun təzahürüdür. Bu fəaliyyəti hər hansı internet klubundan da davam etdirmək mümkün olmur. Bu işləri görmək üçün bizə qərargah lazımdır, o da yoxdur. Amma internetdə fəaliyyətin mənasını, mahiyyətini yaxşı bilirik. Kütləvi aksiyalara və müxalifət partiyalarının normal fəaliyyətinə qadağa qoyulduğu bir vaxtda internet şəbəkəsi kifayət qədər mühüm təbliğat vasitəsi rolunu oynaya bilər».

«ÜMİD»
«YOUTUBE»DAN YARARLANIR

AXCP-dən fərli olaraq «Ümid» Partiyasının tez-tez yenilənən internet səhifəsi var. Bundan başqa, onlar «YouTube» videopaylaşma resursundan partiya sədrinin parlamentdəki çıxışlarını yaymaq üçün istifadə edirlər.

Partiyanın Ali Məclisinin sədri Ənvər Ağazadə deyir ki, radioların, televiziyaların müxalifət partiyalarının üzünə bağlı olduğu bir məqamda onlar asan və ucuz başa gələn internetdən istifadəyə daha çox əhəmiyyət verməyə can atırlar. Bunun üçün ayda cəmi 80 manat pul xərclənir, o da texniki xidmətlər üçün. Bu sahə ilə bağlı ayrıca ştat yoxdur, sadəcə, partiya üzvü olan mütəxəssis bu işləri pulsuz, ictimai əsaslarla görür. Ənvər Ağazadə bunun da səbəbsiz olmadığını deyir:

«Azərbaycanda müxalifət partiyalarının maddi-texniki bazası, maliyyə imkanları ürəkaçan deyil. Bu sahədə bizim də sıxıntılarımız var».

Ənvər Ağazadəyə görə, müxalifət partiyalarının problemi təkcə maddi sıxıntı ilə bağlı deyil. Onun sözlərinə görə, istifadəçilərin azlığı, hakerlərin hücumu və s. problemləri də sadalananların üzərinə gələndə siyasi partiyalar əlavə xərc çəkib internet səhifələri yaratmaqda maraqlı olmurlar. Digər tərəfdən, o, internetin sürətinin aşağı olmasını ciddi problem sayır. Onun sözlərinə görə, sürət zəif olduğu üçün regionlarda partiya üzvləri partiya
Ümid Partiyası prezident seçkisinə hazırlaşır, 30 sentyabr 2008
sədrinin video çıxışlarına baxa bilmirlər.

HAKİM PARTİYANIN 2 DİLDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAYTI VAR

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) isə internet səhifəsi Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. YAP-ın internet səhifəsində partiyanın tarixi, nizamnaməsi və fəaliyyətilə bağlı məlumatlardan başqa tez-tez yenilənən xəbərlər də yer alır.

Partiyadan internet resurslarından istifadəyə nə qədər vəsait ayrıldığını, bunun üçün ayrıca ştat olub-olmadığını öyrənə bilmədik. Hakim partiyadan dedilər ki, bu barədə məlumatlar mətbuat xidmətinin rəhbərindədir və o bir neçə gün sonra işə çıxacaq.

Müsavat Partiyasının başqanı İsa Qəmbərin özünə məxsus internet səhifəsi və təsisçisi olduğu «Yeni Müsavat» qəzetinin saytı olsa da, partiyanın özünün portalı yoxdur.

DİP HƏR AY 100 MANAT XƏRCLƏYİR

Demokratik İslahatlar Partiyasının (DİP) işi bir qədər planlı olsa da, internet resurslarından istifadəyə çox vəsait ayırmır. Partiyadan aldığımız məlumata görə, internet səhifəsini yeniləməyə və onun digər şəbəkələrdə təbliğinə hər ay 100 manata yaxın pul xərclənir. Amma partiyada hesab edirlər ki, vəsaitin azlığı maddi durumun yaxşı olmaması ilə bağlı deyil. Bundan başqa, DİP Facebook və Twitter sosial şəbəkələrində də təbliğ olunur.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz isə hesab edir ki, ölkədəki siyasi partiyalar internetin imkanlarından yetərincə istifadə etmirlər.
Osman Gündüz
Onun sözlərinə görə, siyasi partiyalar unudurlar ki, virtual məkan onların mitinq, yürüş keçirmək istədikləri meydanlardan qat-qat genişdir.

BAKI MERİYASINDAN CANINI QURTARMAĞIN YOLU

Osman Gündüzə görə, Bakı meriyasına mitinq üçün müraciət edib rədd cavabı alan müxalifət partiyaları internet resurslarından istifadə etməklə ətraflarına xeyli tərəfdaş yığa bilərlər:

«İndi dünyada elə internet resursları mövcuddur ki, onların ətrafında 100 milyonlarla insanlar var. «Facebook», «Odnoklassniki» kimi iri şəbəkələr var. Elə resurs yarada bilərlər ki, onların ətrafında on minlərlə adam yığışsın».

Osman Gündüz burda maddi imkansızlığın da əsas olmasıyla razılaşmır. Onun sözlərinə görə, hər partiya bir dəfə 500 manata yaxın xərc çəkməklə mükəmməl internet səhifəsi yarada bilər. Forum prezidentinə görə, daha sonra isə ayda 300-400 manat kifayətdir ki, həmin internet resursu daim yenilənsin.
XS
SM
MD
LG