Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:49

Generallar yenidən parlament lojasında


Türkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi
Silahlı Qüvvələr Baş Qərargahının komandanları oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin yeni qanunvericilik ilinin açılış mərasimində prezident Abdullah Gülün çıxışını dinləmək üçün lojalarda öz yerlərini almışdılar.

AKP-nin ikinci iqtidar dönəminə qədər yüksək rütbəli generalların Məclisin açılışında dövlət başçısını dinləməsi normal hal idi. Ancaq 2007-ci ilin iyul ayında keçirilən seçkidə kürd təmayüllü Demokratik Toplum Partiyasının (DTP) Məclisə girməsindən sonra bu siyasi qurumu «PKK terror təşkilatının bir uzantısı» kimi görən Baş Qərargah rəhbərləri «PKK Məclisdədir» deyərək açılış mərasimlərinə gəlməməyə başladılar. Hətta iş o yerə çatdı ki, Baş Qərargahla Demokratik Toplum Partiyası arasında qarşılıqlı söz duelləri ölkənin gündəliyini məşğul etdi.

«SİLAHLAR SUSSUN» TƏKİDİNƏ «SON TERRORİST QALANA QƏDƏR MÜBARİZƏMİZ DAVAM EDƏCƏK» CAVABI

DTP-nin «Silahlar sussun» təkidinə Baş Qərargah «Son terrorist qalana qədər mübarizəmiz davam edəcək» sözləri ilə cavab verdi. AKP hökumətinin 2 ay qabaq «kürd layihəsi»ni Türkiyənin siyasi, iqtisadi, hərbi və diplomatik gündəminə daxil etməsindən sonra «kürd məsələsi»nin həll edilməsi üçün dövlətin qurumları arasında müşahidə edilən ahəngdarlıq DTP-ni məyus etdi. Zira işin əvvəlində PKK terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısını dövlətə «danışıqların tərəf-müqabili» kimi təqdim etməyə çalışan DTP, buna qarşı həm hərbi, həm də siyasi qanaddan gələn sərt reaksiyalara müqavimət göstərə bilmədiyi kimi, tələblərində də önəmli dəyişikliyə getdi.

Baş nazir Ərdoğanın «Tək millət, tək dövlət, tək vətən» açıqlaması, ordunun 30 avqust Zəfər bayramındakı geniş miqyaslı paradı və Baş Qərargah rəisi, ordu generalı İlker Başbuğun orucluq bayramında cənubi-şərq bölgələrindəki hərbi hissələrdə «İşimizin başındayıq» mesajı ilə ahəng təşkil edincə, «kürd layihəsi»nin tərəfləri öz mövqelərinə yenidən baxdılar.

Siyasi və hərbi müşahidəçilər 1 oktyabrda generalların Məclisin açılışına gəlməsini ordunun önəmli bir strategiya dəyişikliyinə bağlayırlar. Çünki müşahidəşilərə görə, «kürd məsələsi»nin ölkənin dinamikası içində həllini siyasətçilər qədər genarallar da istəyir. Türk ordusu ilə bağlı 50 ildən bəri xəbər və analizlər yazan «Radikal» qəzetinin şərhçisi Mehmet Ali Kışlalı «Yeni strategiya» başlıqlı məqaləsində durumu bu şəkildə xülasə edir:

«Bu mərhələdə dövlətin qurumları arasında ahəng nümayiş etdirilərkən, İlker Başbuğ biri 30 avqust münasibəti ilə, digəri isə Ramazan bayramında iki mesaj göndərərək türk silahlı qüvvələrinin baş nazir Ərdoğanın da bölüşdüyü mövqeyini açıqladı».

BAŞ GƏRARGAH RƏİSİNİN ÖNƏMLİ STRATEGİYA DƏYİŞİKLİYİ

Generalların 1 oktyabrda Məclisə gəlməsinə hərbçilər hansı nöqtədən baxır?

Məsələni AzadlıqRadiosuna şərh edən Türkiyə hərbi-hava qüvvələri komandanlığı kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-leytenant Yaşar Demirbulaka görə,1 oktyabrda generalların Məclisə gəlməsi Baş Gərargah rəisinin önəmli strategiya dəyişikliyindən xəbər verir.

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin hərbi məsələlər üzrə müşaviri olmuş Yaşar Paşaya görə, Baş Qərargahın Məclisə gəlməklə etdiyi strategiya dəyişikliyinin arxasında Demokratik Toplum Partiyası mesajlarının yumşalmasının önəmli rolu var.General Demirbulak, Türkiyənin ərazi bütövlüyü və unitar dövlət kimi həssas məsələlərdə hökumətin verdiyi mesajların ordunu məmnun etdiyini də vurğulayır.

1 oktyabrda Məclisin yeni qanunvericilik ilinin açılışındakı çıxışında prezident A.Gül Baş Qərargahın 30 avqust Zəfər günü münasibəti ilə verdiyi «Güclü ordu, güclü Türkiyə» mesajını xatırladaraq, ordunun güclü olması ilə birlikdə demokratiyanın da dərinləşdirilməsinin zərurətindən bəhs etdi. İki ay qabaq «kürd layihəsi» adı altında yola çıxılmasına baxmayaraq, indi adı «demokratikləşmə layihəsi»nə çevrilən layihəyə Baş Qərargahın dəstək verdiyini hər kəs görür. Bu da türk ordusunun ölkənin demokratikləşməsinə verdiyi dəstəyin önəmli işarəsi kimi xarakterizə edilir.
XS
SM
MD
LG