Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12

Dağlıq Qarabağ danışıqları son mərhələdə?


İlham Əliyev
İlham Əliyev
Oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə çıxışı zamanı prezident İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi artıq sonuncu mərhələdədir:

«DANIŞIQLAR PROSESİ SONUNCU MƏRHƏLƏDƏDİR»

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, danışıqlar aparılır. Ancaq əfsuslar olsun, hələ ki, biz heç bir nəticəyə gəlməmişik. Düzdür, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur. Danışıqlar prosesi deyə bilərəm ki, artıq sonuncu mərhələsindədir. Müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər. Müzakirə edilən məsələlər münaqişənin ərazi bütövlüyü əsasında həll olunmasını təmin edir».

Prezident deyib ki, Dağlıq Qarabağ münaqişəsi nəinki Azərbaycan, bütün region üçün böyük problemdir, regional əməkdaşlığı əngəlləyən ən başlıca amildir.

«YA HANSISA İRƏLİLƏYİŞƏ NAİL OLACAĞIQ, YA DA…»

Politoloq Rasim Musabəyov düşünür ki, prezident nizamlama prosesinin yox, bu mərhələnin - yəni Madrid prinsipləri adlanan anlaşmanın sona gəldiyini nəzərdə tutur.
Rasim Musabəyov
Yəni, hər bir danışıq raundunun əvvəli və axırı olmalıdır. Həmsədrlər isə əvvəllər də qeyri-rəsmi görüşlərdə bildirirdilər ki, onların fantaziyaları tükənib. Və ortada olan sənədlərdə nəyisə dəyişmək imkanları yoxdur:

«Fərz edirəm ki, bu 4 il davam edən danışıqlar raundu əvvəlkilər kimi öz sonluğuna yetişib. Biz ilin axırınadək ya hansısa müsbət qərarların verilib sülhə doğru aparan yolda nəsə irəliləyişə nail olacağıq, ya da bu danışıqlar da nəticəsiz qalaraq arxivə veriləcək».
R.Musabəyov hesab edir ki, bundan sonra müharibə baş verməsə də, hər halda yeni baxışlar tələb olunacaq. Çünki danışıqların aparıldığı mövcud çərçivədə nəticə əldə etmək mümkün olmadı.

Politoloq istisna etmir ki, cəbhədə yeni gərginliklər müşahidə oluna bilər. Və yaxud da Azərbaycan məsələni BMT-nin Təhlükəsizlik Şurasına qaytarmaq səylərini aktivləşdirə bilər. Həmçinin hansısa bir geopolitik dəyişikliklər bu problemi kölgədə qoya bilər. İlk növbədə əlbəttə ki, İranla bağlı gərginliyin artması bu fərziyyəni istisna etməməyə əsas verir.

«DANIŞIQLARIN MAHİYYƏTİ ARTIQ BƏLLİDİR»


Beynəlxalq Böhran Qrupunun eksperti Təbib Hüseynovun sözlərinə görəsə, prezident İlham Əliyev 2006-cı ildə də belə bir bəyanatla çıxış edib, deyib ki, danışıqlar yekun mərhələyə yaxınlaşır. İndi də bu söhbətin olması onu göstərir ki, ən azı 2005-ci ildən bəri danışıqlar baza prinsiplərinə (2007-ci ildən Madrid prinsipləri -T.H.) əsaslanır. Danışıqların, mahiyyəti, fəlsəfəsi – ümumi çərçivə artıq bəllidir:

Təbib Hüseynov
«Bu baxımdan İlham Əliyev haqlı olaraq bildirir ki, danışıqlar artıq yekun mərhələdədir. Yəni, danışıqların mahiyyəti artıq bəllidir. Prezidentin dediyindən belə bir nəticə çıxarmaq olar ki, danışıqlar prosesi artıq elə bir mərhələyə çatıb ki, tərəflər baza prinsiplərinə əsaslanan çərçivə razılaşmasına yaxındırlar».

Həmsöhbətlərim regionda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrlərinin Madrid prinsiplərinin yeni variantını hazırlamaları barədə fikirlərə də münasibət bildirirlər. Madrid prinsipləri işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasını, beynəlxalq sülhməramlıların ora yerləşdirilməsini, deportasiya olunmuş əhalinin qaytarılmasını və yekun olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini nəzərdə tutur.

Rasim Musabəyovun fikrincə, prosesin tarixinə nəzər salanda aydın olur ki, Madrid prinsipləri təqdim olunandan sonra Ermənistan tərəfi onları məqbul saydığı barədə bəyanatlarla çıxış edirdi. Halbuki, Azərbaycan tərəfi belə bəyanatlar vermədən ciddi müzakirələr aparırdı. Ona görə politoloq fərz edir ki, bu, yeni prinsiplər yox, mövcud prinsiplərdə qismən də olsa Azərbaycanın narahatlıqlarını əhatə edən müəyyən düzəlişlər ola bilər. Amma bu düzəlişlərin Ermənistan üçün nə dərəcədə məqbul olacağını, Azərbaycanı təmin edib-etməyəcəyini demək çətindir. Hər halda cənab Musabəyov baza prinsiplərində ciddi dəyişikliklər gözləmir.

Təbib Hüseynov isə hesab edir ki, baza prinsiplərində mahiyyətə aid olan ciddi dəyişikliklərin baş verməsi prosesi həddindən artıq mürəkkəbləşdirə bilər. Söhbət çox güman ki, sırf texniki detallardan gedir. Və bu texniki detalların nədən ibarət olduğunu söyləmək çətindir. Çünki bu, sırf prezidentlər səviyyəsində danışıqlara aid olan məsələdir.
XS
SM
MD
LG