Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:39

«Bu gün özümü yenə həbsxanadakı kimi hiss edirəm»


Mirzə Sakit
Mirzə Sakit
«Həbsdən çıxandan sonra elə bil yenidən həbsxanaya düşmüşəm. O mənada ki, əgər bir yazarın azadlıqda olanda qələmi yazmırsa, ya da qələminə məhdudiyyətlər qoyulursa, o artıq həbsdədir...»

«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit həbsdən çıxandan sonra şerlərini dərc etdirməyə yer tapmır. Ona görə ki, şerlərini çap eləmirlər:

- Mənim qələmimə məhdudiyyətlər var. Artıq 5 aydır ki, məni «Azadlıq» qəzetinə buraxmırlar.

- Nəyə görə, səbəb nədir?

- Heç bir əsas gətirmirlər. Guya ki, təhlükəsizliyimə görə eləyirlər. Amma bu bir bəhanədir. Ona görə də bu gün özümü yenə həbsxanadakı kimi hiss edirəm. Nə şerlərim, nə felyetonlarım, nə məqalələrim 5 aydır ki, «Azadlıq» qəzetində çıxmır.

- Nə mövzuda yazırsınız ki, çap olunmasına imkan vermirlər?


- Etiraf eləyirəm ki, yazılarımda bir neçə dəfə təhqir elementləri olub. Bundan məmnun da deyiləm. Çünki təhqir yazarın özünü də hörmətdən sala bilər. Bir-iki xəta olmuşdu. Mən onu aradan qaldırdım və söz verdim ki, heç vaxt təhqirə yol verməyəcəyəm. Həbsxanadan çıxandan sonra «Azadlıq» qəzetində 1 ay yazdım. Bir aydan sonra gözəgörünməz bir qüvvə məni oradan uzaqlaşdırdı. Əvvəlcə baş redaktoru bəhanə gətirdilər. Getdim baş redaktorun imzasıyla kağız gətirdim. Baş redaktor da yazmışdı ki, bu adamın yazıları getsin. Sonrakı həftə yazılarım getdi. Bir həftədən sonra isə yenidən mübahisə yarandı, dedilər ki, ümumiyyətlə vermirik. Heç bir səbəb də göstərmədilər. Oxucular mənə zəng edirlər, e-mailimə yazırlar, küçədə görəndə soruşurlar ki, niyə görə yazmırsan, yoxsa sən də qorxdun? Bu da məni ağrıdır.

- Bəs yazılarınızın çapı üçün ikinci bir ünvan axtarmırsınız ki? Hansısa qəzetdə, ya da kitab şəklində çap etdirmək...


- Artıq üçüncü kitabımı nəşrə hazırlayıram. Demək olar ki, çapa hazırdır. Sadəcə bir az maddi çətinliklərlə üzləşmişəm. Beynəlxalq təşkilatlardan biri söz verib, yoluna qoyulacaq. Ondan başqa bir disk çıxartmışam, ikinci diskimi də çıxartmağa hazırlaşıram. Birinci diskim tirajlanıb paylanandan sonra uğur qazanmışdı. Bakıda, rayonlarda yayıldı. Rusiyanın şəhərlərinə də göndərmişdim. Orada da yayıldı.

İkinci diskim bir az fərqli olacaq. Dialoq şəklində olacaq. Bir nəfəri də götürəcəyəm. Birinci diskimdə oğlumu götürmüşdüm, o suallar verirdi mən də cavab verirdim. İkinci də dialoq şəklində olacaq. Həm şerlər olacaq, həm də söhbət.

- Mövzusu nə olacaq?

- Yenə hakimiyyətə, indiki iqtidara qarşı olacaq.

- Bəs yayımı necə olur, senzuraya məruz qalmırsınız ki?

- Diskin qarşısını ala bilmirlər. Başqa bir yerdə çıxardıram. Studiyada yazılır. Bir orijinalı mənə verilir. Sonrasını da dostlar sağ olsun. Onlar tirajlayırlar. Baha da başa gəlmir.

- Qəzetdə çıxmayan şerləriniz də orada olacaq?

- Bəli, qəzetdə çıxmayanlar da olacaq. Düşünürəm ki, elektron vasitələrdən istifadə etmək geniş yayılmalıdır. Mən müxalifət liderlərinə də deyirəm ki, sizi televizorlara buraxmırlarsa, siz də bu üsuldan istifadə edin. Görüntülü disklərdən, audio disklərdən. İmkan var, istəyən adam istifadə edə bilər. Mən də yazar olaraq çalışıram. Düzdür, çətinliklə başa gəlir, həyəcansız ötüşmür. Hədələyirlər, qorxudurlar, zənglər də olur, izləmələr də. Hətta rayona gedəndə də orda da izləyirlər. Ancaq bunlar boş şeylərdir. Mübarizə yolunda olan adamı belə şeylər qorxutmamalıdır».

Mirzə Sakitn «Azadlıq» qəzetində niyə görə şerlərinin çap olunmamasına gəldikdə, qəzetin direktoru Azər Əhmədov dedi ki, bu onun həyatına olan təhlükəylə bağlıdır:

«Həbsdə olanda da o şerlər göndərirdi, hamı bilir ki, həmin şerlər çap olunub. O həbsdə ola-ola düz 3 dəfə YAP Mətbuat Şurasına tədbir görülməsiylə bağlı müraciət etmişdi. Şerlərinə görə onu həbs eləmiş hakimiyyət, ya da məmurlar, ondan qisaslarını almamış kimi görünürlər. Onun həyatına yenə təhlükə var. Qənimət Zahid də xəbər göndərib ki, məndən yeni xəbər gəlməyənə qədər Mirzə Sakitin şerlərini saxlayın. Baxmayaraq ki, Mirzə Sakit deyir mən heç nədən çəkinmirəm, 3 il yatmışam, təhlükələrə sinə gəlməyə hazıram. Ancaq «Azadlıq» qəzeti və qardaşı Qənimət onun həyatına görə narahat olduğundan şerlərini çap eləmir».
XS
SM
MD
LG