Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:42

«ABŞ-Azərbaycan münasibətlərində balans olmalıdır»


Kolumbiya Universitetində konfrans
Kolumbiya Universitetində konfrans
Noyabrın 5-də Azərbaycanın Diplomatik Xidmətlərinin 90 illik ildönümü ilə bağlı Nyu-Yorkun Kolumbiya Universitetində «21-ci əsrdə Azərbaycanın perspektivləri və tələbləri» adlı konfrans keçirildi.

Tədbirdə Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehdiyev Azərbaycan Respublikasının diplomatiyasının 90 illik tarixindən söz açdı.
Ardınca da professor Stiven Sestanoviç beynəlxalq diplomatiyanın tətbiqi sahəsində Azərbaycanla bağlı dörd mühüm məqamlara toxundu. O bildirdi ki, əgər Azərbaycan dünyanı enerji ehtiyatları ilə təmin etməkdə öz rolunu davam edəcəksə, hökmən Avropa dövlətləri ilə əlavə əməkdaşlıqlar yaratmalıdır. Üstəlik, bu əməkdaşlıq Orta Asiya ölkələri və Rusiya ilə güclənməlidir.

Yaşar Əliyev
Səfir Sestanoviç «ölkədaxili təkamül» anlayışını misal gətirərək prezident Barak Obamaya istinadən bildirdi ki, keçid dövründə demokratiya seçkilərlə məhdudlaşmır. Qanunvericiliyə hörmət də xüsusi ilə vacibdir.

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Azərbaycanla ABŞ arasındakı münasibətləri «strateji müttəfiqlik» kimi qiymətləndirdi. Lakin bu müttəfiqliyin çox çətin yollardan keçdiyini bildirən səfir Əliyev 1992-ci ildə «Azadlığa dəstək» Aktına edilən 907-ci düzəlişi pislədi:

«907-ci maddə ABŞ-Azərbaycan münasibətlərində mühüm sahələr üzrə inkişafı məhdudlaşdırıb və bu, davam edəcək».

Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov bu münasibətlərin mühüm məqamlarını təhlil etdi. O, bu əlaqələrin tarixçəsinin gülünc 907-ci qətnamənin qəbul olunması ilə başladığını qeyd etdi. Onun fikrincə, 200 il boyu qonşu ölkələrin hökmranlıq etdiyi bir regiona buraxılması ABŞ üçün yuxu idi:

Araz Əzimov
«İndi həmin illəri xatırlasaq, siz qəbul edərsiniz ki, 1992-ci ildə ABŞ-a şans verildi. 1992-1994-cü illərdə ABŞ-ın maraqlarını bütövlüklə Azərbaycana gətirməsi onların bu ölkədə mövcudluğuna verilmiş şans idi».

A.Əzimov ABŞ-ın xarici siyasətini qınayaraq bildirdi ki, Əfqanıstana əlavə 44 min əsgərin göndərilməsi yeni strategiya yox, sadəcə, köhnə strategiyanın davamıdır:

«ABŞ yeni strategiya tətbiq etmək istəyirsə, bu strategiya yeni ideologiyalar üzərində qurulmalıdır».

A.Əzimov ABŞ-ın Qarabağ münaqişəsində passiv mövqe tutmasını da pislədi. O bildirdi ki, ABŞ-ın bu prosesin həllində öhdəliyi və iştirakı daha çox olmalıdır.

A.Əzimov diplomatik səslənmədiyi üçün üzr istədikdən sonra dedi ki, ölkələrarası münasibətdə balans olmalıdır . Onun fikrincə, Azərbaycanla Amerika arasında strateji müttəfiqlik qarşılıqlı münasibət tələb edir. Lakin Azərbaycan bu münasibəti Amerikadan görmür:

«Azərbaycanın ortaya qoyduğu səylər Amerikanın göstərdiyi səylərdən qat-qat yüksəkdir. Biz bunu ABŞ-ın regionda yetirdiyi siyasətinin müntəzəm olmaması kimi qəbul edirik».

A.Əzimov eləcə də iyul ayından bu yana ABŞ-ın Azərbaycana öz səfirini təyin etmədiyini xatırladaraq, bundan təəssüfünü bildirdi.

XS
SM
MD
LG