Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:27

YAP gənclərə və qadınlara üstünlük verəcək


Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkisi kampaniyası, 13 oktyabr 2008
Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkisi kampaniyası, 13 oktyabr 2008
Noyabrın 10-na olan məlumata görə, Azərbaycanda bələdiyyə üzvlüyünə 21785 nəfərin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasından (MSK) aldığımız məlumata görə, onlardan 16185 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

YAP NAMİZƏDLƏRİNİN 95 FAİZİNDƏN ÇOXU QEYDİYYATDAN KEÇİB

Hakim partiyanın funksionerləri isə bildirirlər ki, namizədlərinin 95 faizindən çoxu qeydiyyatdan keçib.

YAP-ın üzvü, Qaraçuxur bələdiyyəsinin hüquq komissiyasının rəhbəri Lyudmila Xəlilova builki seçkidə də namizədliyini verib. O deyir ki, seçkidən sonra bələdiyyələrin daha çox inkişaf edəcəyini gözləyir:

«Bələdiyyə sahəsində çox mükəmməl qanunvericilik mövcuddur. Sadəcə, ölkədə bu institut yenidir, maliyyə, kadr problemləri var. Ona görə də özünü tam doğrultmayıb.
Mübariz Qurbanlı
Ancaq ümid edirəm ki, qarşıdakı 5 illikdə bələdiyyələr öz sözünü deyə biləcəklər».

YAP GƏNCLƏRƏ VƏ QADINLARA ÜSTÜNLÜK VERƏCƏK

Bələdiyyə seçkisində YAP gənclərə və qadınlara üstünlük verəcək. Partiyanın irəli sürdüyü namizədlərin 5 mini hazırda bələdiyyə üzvü olan şəxslər, 70 faizi isə yeni namizədlərdir.

YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, namizədlər arasında gənclərə və qadınlara üstünlük verirlər. Hakim partiya resurslarının da yetərincə olduğunu deyir:

«Namizədlərin seçilməsi ilə bağlı partiya daxilində xeyli müzakirələr aparılıb. Tövsiyə etmişdik ki, gənclərə və qadınlara daha çox üstünlük verilsin. Bu tövsiyəni də partiyanın yerli təşkilatları nəzərə alıb. Namizədlərimiz içində indi gənclər və qadınlar kifayət qədər təmsil olunub. Biz potensialımızdan istifadə edirik. Təşviqat başlayanda isə qanunvericilikdə maliyyə ilə bağlı nə nəzərdə tutulub, ondan istifadə edəcəyik».

«YAP BƏLƏDİYYƏ SEÇKİSİNDƏ CİDDİ İŞTİRAK ETMİR»


Seçki mütəxəssisi Anar Məmmədli isə deyir ki, əvvəlki seçkilərdə YAP üzvlərinin daha çox dövlət və inzibati resurslardan istifadə etdiklərini müşahidə ediblər. Bu da seçkinin qeyri-demokratik keçirilməsinin göstəricisidir.

A.Məmmədli deyir ki, heç bir siyasi partiya, o cümlədən YAP bələdiyyə seçkisində ciddi iştirak etmir, kampaniyalar aparmır:

«Yeni Azərbaycan Partiyasında həm yüksək, həm də aşağı vəzifədə olan, yerli icra hakimiyyətlərinə yaxın olan adamlar düşünürlər ki, inzibati resurslardan istifadə edib bələdiyyə seçkilərinə özlərinin dırnaqarası töhfələrini verəcəklər. Bütövlükdə isə yerli hakimiyyət seçkiləri uğrunda mübarizə aparmağın, kampaniyalarda iştirak etməyin şahidi olmuruq».

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
XS
SM
MD
LG