Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:05

Gələcəyi görmək istəyən Naxçıvana getsin


2010-cu ilin bloqosferi öz açılışını Naxçıvanın Bənənyar kəndi ilə etdi. Kənddə baş verənlər gündəmi izləyən bloqçuların da diqqətindən yayınmadı. Bloqçular dedi ki, “gələcək Azərbaycan layihəsi, bu gün Naxçıvanda tətbiq olunur. Bu ölkənin vətəndaşları “dəlilər”dən və ölülərdən ibarətdir. Müqavimət göstərənlər – “dəli”dir, susub duranlar – ölü”.

“Bənənyarda yaşananlara görə Vasif Talıbovun mühüm məsuliyyəti olduğu fikri ilə razıyam. Amma baş verənlərin Əliyevlər hakimiyyətinin idarəetmə prinsiplərinə tam uyğun olduğunu düşünürəm”. Bunu AXCP sədri Əli Kərimli öz bloqunda yazıb: “ İlham Əliyev təqdir etməsəydi Vasif Talıbovun “özfəaliyyəti” bu qədər davamlı ola bilərdimi? Təbii ki, yox. Ona görə də baş verənlərə görə dövlət başçısı olaraq İlham Əliyev şəxsən məsuliyyət daşıyır. Əksini isbat etmək üçün cəzalandırsın Vasif Talibovu”.

***
Elnur Məcidli yazır ki, eks-prezident Heydər Əliyevin ölümündən sonra Naxçıvan administrasiyasının Bakıdan asılılığı minimuma enib: “NMR Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikanı öz qanunlarıyla idarə etməsi, prezident aparatının rəhbərliyi tərəfindən narazılıqla qarşılansa da Talıbovu vəzifəsindən kənarlaşdırmaq hələ ki mümkün olmayıb, edilən cəhdlər isə uğursuz alınıb. Əminliklə deyə bilərəm ki, bu gün Bakıdan Naxçıvana səfər edən bütün nazirlər daxil olmaqla heç bir yüksək vəzifəli dövlət məmuru özünü orda rahat hiss etmir.

Bu gün Bənənyarlılara tutulan divan, sabah olacaqların xəbərçisidir. Naxçıvanda qoyulan qadağaların, sabah paytaxt Bakı daxil olmaqla digər regionlarda tətbiq edilib-edilməməsinə kimsə zəmanət verə bilməz. Gələcək Azərbaycan layihəsi, bu gün Naxçıvanda tətbiq olunur.
Naxçıvana xan üsul-idarəsiylə rəhbərlik etmə düşüncəsi, 18 Mart referendumunu ortaya atan və dəstəkləyən düşüncənin fərqli formasıdır”.

***
Səs salma adı altında yazan Vəfa Cəfərova da Bənənyarda baş verənlərə biganə qalmayıb. Bu il bloqunun açılışını bənəniyarlılara həsr edib:

“Bənəniyar kəndində baş verən son hadisələr bir daha onu sübut edir ki, bizim hökumətimiz ideya kasadlığı yaşayır. Naxçıvan MR Bakıdakı Nümayəndəliyinin bəyanatı bişmiş toyuğun da gülməyi gəlir janrında verilib. Hadisələri müxalifətin cığallığı və ruhi xəstəliklə əlaqələndirirlər. Sən demə Bənəniyar sakinləri silahlı xalq Cəbhəçiləri tərəfindən qızışdırılıb...

Heç kim üçün sirr deyil ki, Vasif əkə bütün Naxçıvanı idarə edir! Onun xəbəri olmadan heç milçəklər vızıldaya bilmir Naxçıvanda! İndi kim inana bilər ki, Naxçıvan ərazisində SİLAHLI DƏSTƏ var? Alınmadı rəis! Heç olmasa bir az yaradıcı olun! ..Naxçıvanın ən dindar kəndində insanın Aşura günündə sərxoş olduğunu demək üçün gərək həqiqətən debil olasan”.

***
İlqar Məmmədov da Culfanın kəndindən yazır. “Naxçıvan Muxtar Respublikasının Bakıdakı təmsilçiliyinin bugünkü bəyanatını oxuyanda, yadıma Ağabəy Sultanovun TV-də dediyi bir sözü düşdü: "Dəli və ağıllı arasında fərq çox şərtidir. Biz güclüyük və çoxuq deyə, xəstə saydıqlarımızı atırıq dəlixanaya. Onlar çox və güclü olsalar, onlar bizi dəlixanada saxlayarlar."

***
Doktor Ravik də gündəmdəki xəbərlərdən yazır: “Gündəmdə Bənənyar hadisələridir. Əgər ANS-də 0.223 qram heroin qədər bir şey olsaydı, bu gün deməliydi: "Azərbaycanlıların Azərbaycana təcavüzü davam edir”. Demədi. Əgər nə vaxtsa özünə təcavüz edib bağlayanda demədisə, çətin ki, desin”.

***
Devrimsol Bənənyarda baş verənləri “dəli ovuna” bənzədib:
Bənəniyar vəhşiliyinin “orijinal” rəsmi izahı açıqlandı: Yunus Əliyev “dəli” imiş...
Eşq olsun o hakimiyyətə ki, mütəmadi “dəli ovu”na çıxır və bunun üçün bütün bir kəndə qoşun töküb yüzlərlə insanı döyür, təhqir edir, məhbəslərə doldurur və işgəncə verir. Elə çıxır ki, bu ölkənin vətəndaşları “dəlilər”dən və ölülərdən ibarətdir. Müqavimət göstərənlər – “dəli”dir, susub duranlar – ölü.
Kafka dincəlir...

***
Azerfon-Vodafone 3G reklam çarxında buraxılan səhvlər
Səhvləri tutan əvvəllər Aftafa adı ilə yazan, yeni ildən adını Parketinqə dəyişən İlqar Mirzədir. Bloqçu yazır ki, “adətən ucuz reklam və kliplərdə personal çatışmazlığına rast gəlirik. Və ya, imkansızlıq üzündən eyni əşyadan təkrar istifadə edib daha ucuz məhsul alınmağına nail olmaq cəhdi”.

***

“2009-su il Azərbaycan internetində Sosial Şəbəkələşmə ili oldu”
Bu yazan Oxatandır, ötən ilin internet yekunlarını belə qiymətləndirir:
“Həm xarici sosial və mikro sosial şəbəkələrin istifadəsi kifayət qədər artdı, həm də yerli sosial şəbəkələr açılmağa başladı. Bloqçuluq da bu il kifayət qədər inkişaf etdi və bir çox yeni bloqlar yarandı. Düzdür Azərbaycanda ilk bloq servisi olan Azeriblog.com təəssüf ki pullu xidmətə keçdi. Ancaq Blogy.az və Blogda.az kimi yeni blog servisləri fəaliyyətə başladı».

***
Fərhad adlı istifadəçi ötən aylarda AzəriBlog sistemində olan problemlərdən, spam şərhlərinin peyda olmasından yazıb.

Zaurun son yazısı bələdiyyələrin tarixi, inkişafı haqdadır. Bloqçu qeyd edir ki, Azərbaycanda bələdiyyələrinin fəaliyyətinə və inkişafına mane olan bəzi problemlər mövcuddur:
“Bu problemlərdən ən başlıcası seçicilərin, əhalinin bələdiyyələrlə əlaqələrinin səmərəli qurulmamasıdır”.

***
Raufray İrəli təşkilatının “Gənc Liderlər üçün Qış Universiteti” keçirəcəyindən yazır:
“Azərbaycanın uğurlu gələcəyə gedən yolunda gənclərin rolu mühümdür. Əbəs yerə deyil ki dövlətimizin əhalinin sırf bu təbəqəsinə yönəlmiş “Gənclər Siyasəti” mövcuddur və ölkə rəhbərliyi Azərbaycanın parlaq gələcəyini ziyalı, azad fikirli və intellektual gənclərdə görür”.

***
“Yaltaqlığımızla bütün dünyanı təəccübləndirəcəyik. Hətta Nazarbayevi də”

Dərvişin hücrəsindən yazan bloqçu deyir ki, Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov prezident Nursultan Nazarbayevə paytaxt Astananın adını dəyişməyi təklif edib. Bu təklif qazax prezidentini təəccübünə səbəb olub.
XS
SM
MD
LG