Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:01

«20 yanvar»ın 20 illiyi nə ilə fərqləndi...


Şəhidlər Xiyabanı, Bakı, 20 yanvar 2010
Şəhidlər Xiyabanı, Bakı, 20 yanvar 2010
Ötən ilki anım mərasimlərindən fərqli olaraq bu dəfə Şəhidlər Xiyabanına gələnlərin ziyarəti bir zarafatla başladı. Səbəb polislərin adamları prezident gələnəcən ziyarətə buraxmaması idi:

- ...Keçin-keçin görək! Ay qız sən də keç görək. Kimi görmək istəyirsən?

- Mən prezidentin özünü görmək istəyirəm.

- Prezident Yasamaldadır, «20 yanvar» abidəsinin açılışında. Keç. Yeri...

- Yeri özün, çıxsın gözün… (adamlar gülüşür)...

Amma Xiyabana çatanda adamların üzündə heç təbəssüm də görünmürdü. Bayaq polisin vətəndaşa təzyiqindən yaranan gülüşü indi oğlunun qara mərmərə həkk olan şəklini qucaqlayan ananın hönkürtüləri əvəzləyirdi.

«ŞƏHƏR QAN GÖLMƏÇƏSİNİ XATIRLADIRDI»


Faciənin 20 illiyində xiyabana doğru gedən insan axını miqyasına görə ötən ilkilərdən elə də fərqlənmirdi. 20 il əvvəl əzizi Ələsgər Qayıbovu itirən Salman Murğuzlu o vaxt baş verənləri sovet ordusunun Bakıda mülki insanlara qarşı törətdiyi insanlığa yaraşmayan bir hadisə kimi xatırlayır.

«Heç kəsə aman vermədən, uşağa, qocaya, kiçiyə baxmadan hamını gülləboran elədi. Təsəvvür edin ki, şəhər qan gölməçəsini xatırladırdı».

Ələsgər Qayıbov metronun «Gənclik» stansiyası yaxınlığında yaralanıb və bir gün sonra xəstəxanada vəfat edib
Salman Murğuzlu deyir ki, Xiyabanda dəfn olunan qaynı Ələsgər Qayıbov həmin hadisələrdə metronun Gənclik stansiyası yaxınlığındakı meydançadan zirehli texnikanın şəhərə çıxmasının qarşısını alarkən ağır yaralanıb və bir gün sonra xəstəxanada vəfat edib:

«Gediblər ki, tanklar şəhərə çıxmasın, amma tanklar dəmir darvazaları qıraraq adamların üstünə gəliblər. Adamlara güllə atılmağa başlayıblar, camaat əvvəl inanmayıb ki, sovet qoşunları onlara atəş açar, fikirləşiblər ki, bu yəqin adamları qorxutmaq üçün atılan xəbərdarlıq atəşləridir. Ələsgər özü də vaxtilə sovet ordusunda, daxili qoşunlarda xidmət eləmişdi, hardan biləydi ki, xilaskar saydıqları qoşun onun millətini atəşə tutar. Özü də xüsusi dağıdıcı güllələrlə. Elə Ələsgərə də həmin güllələrdən dəymişdi».

«BURA ŞƏHİDLƏR XİYABANIDIR»


20 yanvar hadisələrinin 20 illiyini o biri ildönümlərindən fərqləndirən bir məqamsa bu dəfə Xiyabana gələnlər arasında valideynləri, nənə və babalarının əlindən tutub gələn uşaqların çoxluğu idi. Bir əlində babasının əli, digərində də iki qərənfil tutan ikinci sinif şagirdi Raul Xiyabana niyə gəldiyini yaxşı bilirdi:

İkinci sinif şagirdi Raul
- Sən hara gəlmisən, bura haradır?

- Bura Şəhidlər Xiyabanıdır.

- Burda kimlər dəfn olunub bilirsən?

- Adamlar, azərbaycanlılar ölüblər.

- Müəlliminiz sinifdə sizə danışıb bu barədə?

- Yox, biz özümüz görmüşük, şəklin də çəkmişdilər.

Faciənin 20-ci ildönümündə Şəhidlər Xiyabanının ən yaşlı ziyarətçisi 90-100 yaşında idisə ən azyaşlısı - uşaq arabasında dərin yuxuya getmiş 5-6 aylıq körpə idi.

Bu il xiyabana gələnlər arasında «Mənim 20 yaşım var» şüarı ilə aksiya keçirən faciə ilə həmyaşıd tələbə gənclər də var idi.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL

XS
SM
MD
LG