Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:08

Sarkisyan Əliyevi Türkiyə ilə sərhədin açılış mərasiminə dəvət edir


Serj Sarkisyan Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunda çıxış edir
Serj Sarkisyan Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunda çıxış edir
SARKİSYAN NAXÇIVANA DA ƏRAZİ İDDİALARINI GİZLƏTMİR

Ermənistan prezidenti Serj Sarkisyan fevralın 10-da Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunda çıxışı zamanı bildirib ki, onlar Qarabağ münaqişəsinin beynəlxalq qanunlar çərçivəsində həllini istəyirlər. Amma Sarkisyan deyir ki, beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi Qarabağ münaqişəsinə aid deyil:

«Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin ərazisi olmayıb. Sovet İttifaqı dağılanda, başqa respublikalar kimi Qarabağ da bu ittifaqın tərkibindən çıxdı».

Ermənistan prezidenti çıxışında Naxçıvana ərazi iddialarını da gizlətməyib:

«Qarabağ xalqı hesab edir ki, özünün mövcudluğu üçün minimal şəraiti yarada bilmir. Ona görə də Azərbaycanla danışıqları biz aparırıq. Bunun alternativi Qarabağı Azərbaycana təhvil verməkdir. Bu da yaxşı heç nə vəd etmir. Bizim belə təcrübəmiz də var. Misal üçün Naxçıvan. Orada bir nəfər də erməni qalmayıb. Bu yaxınlarda isə orada mədəni vandalizmin şahidləri olduq».

AZƏRBAYCANLI TƏLƏBƏLƏR ONU PİKETLƏ QARŞILADI

Sarkisyan Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutuna gedərkən yolda onu Londondakı azərbaycanlı tələbələr etiraz aksiyası ilə qarşılayıblar.

Oksford Universitetinin tələbəsi Eldar Rüstəmov AzadlıqRadiosuna deyib ki, onlar «Azərbaycan torpaqlarını qaytarın!», «Xocalıya ədalət!» şüarları səsləndiriblər.

SARKİSYAN PROTOKOLLARI PARLAMENTƏ GÖNDƏRDİ

Serj Sarkisyan isə İnstitutda bir saata yaxın çəkən çıxışı zamanı deyib ki, elə bu gün Sürix protokollarını təsdiq üçün Ermənistan parlamentinə göndərib:

«Parlament çoxluğuna sahib partiyanın lideri kimi bildirirəm ki, Türkiyə parlamenti təsdiqləsə, protokolların Ermənistan parlamentində təsdiq edilməməsi mümkün deyil».

Sarkisyan deyir ki, Azərbaycan prezidenti İlham Əliyevi də Türkiyə ilə sərhədin açılması mərasiminə dəvət etməyə hazırdır.

... VƏ TƏZƏDƏN OXUMAĞI MƏSLƏHƏT GÖRDÜ

Serj Sarkisyan bildirib ki, protokolların heç bir maddəsində Ermənistanın «soyqırımını tanıtma» prosesindən geri çəkilməsi barədə öhdəlik yoxdur:

«Sənədlərdə ifadə tərzləri açıq və aydındır. Bu ifadə tərzinə görə də təkcə biz məsuliyyət daşımırıq. Biz nə soyqırımını sual altına ala, nə də Qarabağ məsələsində həddən artıq güzəştlərə gedə bilərik».

Ermənistanla Türkiyənin Xarici İşlər nazirləri keçən ilin oktyabrında bu ölkələr arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan iki protokol imzalayıblar. Həmin sənədlər parlamentlərdə təsdiq olunandan sonra qüvvəyə minməlidir. Amma hazırda hər iki tərəf bir-birini bunun üçün ilkin şərtlər irəli sürməkdə ittiham edir. Ankara deyir ki, sərhədlər yalnız Azərbaycan torpaqları işğaldan azad olunandan sonra açıla bilər. Ermənistan Konstitusiya Məhkəməsi də qərar verib ki, protokollarda nəzərdə tutulan hökumətlərarası komissiya «erməni soyqırımı»nın olub-olmadığını araşdırmayacaq, sadəcə, iki xalq arasında barış yaradacaq. Amma Türkiyə bildirir ki, həmin komissiya məhz soyqırımı iddialarını araşdırmalıdır.
XS
SM
MD
LG