Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:29

Məqsəd Nur "Umud" (HEKAYƏ)


-

… Umudun damevinin üstünə yığışırdıq, palaz salıb yun didirdik. O vaxt orda bu bayatını dedim… -…))

***

Kişi gərək musuğ olmasın:
-… döl-döşdə ağzının kəsəri olmayan, yanıbalalı arvadlara evlənən kişilər var…
-…((

***

Bir-iki sözə görə bərk incimişəm, bilir. Ömründə üzünə demərəm. Bu yaşımda (öz nəvəm olasıdı) sillələsə, boynumu əyib-duraram ki, rahat vursun, bilir. Ona görə də vəsiyyət mənə düşür.

***

Çox belə vəsiyyətlər olub: nəvə-nəticədən kimi istəsə çağırtdırıb, dizinin gözündə otuzdurub, uzun-uzadı danışıb.

Hər dəfə təzyiqi qalxan kimi iynəsi vurulur, limon yedizdirilir, yerinə uzadılır. Sağolsun gəlinlər. Oğul-uşaq da sağolsun.

Özündən asılı deyil, ölməmək üçün çarpışmağa məcburdu. Əzrayılın da yadından çıxıb. Getdikcə nə Allah onu yaxın buraxır, nə əzrayıl… Dilinə gələndə vəsiyyətdi, danışır. Ki, onu arxa evdə tək buraxmasınlar.

Sağolsun hamı. Amma çox vaxt arxa evdə tək qalır:
-… sənə elədiyim vəsiyyət axırıncıdı.
-…(((

***

…Mən gətirdiyim kompüterdə (Səftərin ad gününə nootbuk və sürətli İnternet zərfi bağışlamışam) nələr varmış!

Orda – Bakıda işlərim nətərdi? Səftər (nəticəsidi) mənim gətirdiyim kompüterdə göstərib (Google Erth proqramını deyir): Murovun o üzünə uç, kənd-kəsək (xaraba qalmış!) ovcunun içindəymiş – budu ha bura.

Yatsa yuxusuna girməzdi. Umudun damı heç görsənmir. Qızıl Qaya üstün örtüb, Səftər deyir görünmür (elə şey ola bilər?). Hər şey yerindədi: erməni ha dağıtsın, ha söksün – yur-yurt, dağ-dərə yerindədi… hara aparasıdılar. Namərd torpaq, nətər dözürsən?!

Mağarada yaşar, öz dırnağıynan eşər, porsuq kimi özünə yuva qazar: erməni qoysa… Viran qalmış, qayıdar görən:
- … inanmıram, kim verər…
- … … …

***

Getmək vaxtıdı, bilir, amma vaxt yetişmir. Çox olub: can verir, sonradan üzübuyana qayıdanda ona gülürlər. Gülməsinlər, onu qızardıb-bozartmasınlar!

Bunu istəyənlər var – gəlinlər. Nəvə-nəticə söz ata bilməz, hökmüsü qalır. Gəlin kimdi – yad qızı. Di gəl, ölüm qohuma-yada baxmır, gəlir: çənə əsir, adam əmlik quzu olur, qundağ uşağına dönür…

Gərək, kəfəni yırtanda da dalınca danışan olmasın…

***

Bacısı oğlunu çağırtdırıb. Qapıdadı, qoy gözləsin:
- …sənnən əziz olmaz ki…
- …))

***

Bacısı oğluna bir vəsiyyət eləmişdi. Vəsiyyət elə şeydi, gərək yadında saxlayasan. Vəsiyyət eləmisənsə, gərək onu geri götürəndə də o adamnan üzbəsurət olasan ki, vəsiyyətin geri götürülüsün.

On il olarmı, olar, ölmüş bacısının yanında basdırılmağını vəsiyyət elədi… (Kişinin yanına getmək istəmir…) Mənim babam işlək adamıydı, amma bir kişi kimi çox zülmlər eləmişdi. Mən, babam haqqında dediklərindən bərk inciyəm… bilir, gəlinlər nə varsa hamısın danışır – ağzıcırıq olmayım:

- … mən arvadamsa, mən deyirəm, arvada danışılan söz qəfəsdən buraxdığın quş kimidi, çölədi, ona görə də kişinin sözü ağızdan çıxmamış qızıldı.
- …(((…)))

***

- Səftər…

- …
Bir dəfə, təzəgəlin vaxtları, çaydan keçirmişlər, iri çaydı, kəndin qırağından axır. Kənddən bir kişi atını yaxınlaşdırır, düşür, üzəngisini basıb üzünü qırağa döndərir (qeyrətli kişi belə eləməlidi) və deyir ay bacı, bilirəm, sən Səftərin (babamdan əvvəl… tam əvvəl olmasa da birinci əriydi) arvadısan, bizim kəndin gəlinisən, min, keçirdim, sən də mənim bacım:

-… dedim Səftərin arvadı başqa üzəngiyə ayaq basmır, çaydı axıb gedər, biz də çirmələnib keçərik, uzağı onun arvadını da alıb-aparar… Səftərin başına sadağa:
-… yazıq Səftər, onu da vurğun vurdu…
-…(((

***

Hər dəfə əzrayıl canını almağa gələndə ruhu tezcə Murovun o üzünə – oralara gedir. Öyrəşib. Çaylaqları gəzir: qayaları, mağarları, kümbəzləri görür… mənim gətirdiyim kompüterdəki şəkillərdə (Google Erth proqramı) nə varsa yuxarıdandı, eləbil vertolyotda uçursan (qaçhaqaçdan qabaq vertolyota da minib) – ha istəsən, aşağı düşə bilmirsən.

Amma canı çıxmağa gələndə (zəhrimar can!), istədiyi qədər uçur, can çıxmağa gəlməsə, o yerlərə uça bilməz. Orda erməni ruhları da yoxdu, biziimkilər də… bir-birin gəmirib qutarıblar… Heç zad yoxdu. Bircə dənə ruh görmədi ki, ona ilişən olsun, ya bizimikilərdən üzəngisini basan:
- … bax o kimsəsizlikdə də üzəngimi basan olsaydı, çayı keçməzdim!
-…)))…)))

***

Başındakı ləçək bir çox kişilərin papağından üstündü: kənddə tayfalar arasında çəkişmələr vaxtı (indi olmasın!) istədiyin kişinin qabağını kəsib bu fason sözlər deyərdi. Biri də ona cavab qaytarmazdı (hamısına min rəhmət, indi deməsinlər). Bəlkə ruhlar da qaçhaqaçda basarağa düşüb:
-… bircə ruh da yoxdu.
-…(((

***

Babam oralarda ölüb-qalmayıb. Onun ruhu özü kimidi – sərgərdan:
- incimə, mən qırmızı söz deyənəm.
-…)))

Hələ qaçhaqaçda nə qədər qocanı yatağında qoyub çıxdılar… Xanqulu, Allahverən, İdris, Şahpəri:
- Ayağım tutmasaydı, mən də qalardım…

-…!!! (((
- qoymazdınız, bilirəm… çiyninizdə gətirərdiniz…
-… )))

***
Babam ha yaxşılıq elədisə də, kür adamıydı, içəniydi, arvadbazıydı, elədiklərini hamının burnundan gətirirdi:

-… di gəl, Səftərdən qalan iki ögeyimi böyütdü, oxutdurdu, ögeylərimə sizdən yaxşı oldu, onlar da onun qədrini-qiymətini bilmədi, mən də sizin yanınızda xar oldum:

-…
- …mənnən sizə amanat, yanıbalalıya evlənməyin… mən arvadamsa, mən deyirəm…
-…(((

***

Bacısı oğlunu içəri çağırsınlar!

Dalınca cor-cocuğu, gəlinləri də içəri buraxsınlar.

Vəsiyyət geri götürüləndə şahid-sübut olmalıdı. Qoy sonra bu cor-cocuğu doğan gəlinlər (hamısı yad qızıdı!) deməsin ki çiy adamıydı.

Demişdi, öləndə bacısının yanında basdırsınlar. İndi vəsiyyəti dəyişir! Kişinin də (babamın) yanında yer qalmadı, basırıqdı, ta siz də buralarda qal oğlu qal oldunuz (Allaha şükür, hamıdan yaxşı dolanırsınız)…

-… məni təkcə basdırın, eləcə bir küncə atın, onsuz da mən uçub Murovun o üzünə gedəsiyəm. Qəbristanlıqda yerlər də od qiymətinədi…
-…)))
– özcə qiryətimə hamı qurban olsun…
-…)))

***

-…Umudun damevini dədəsi tikdirmişdi. O vaxt üçün bəyoğlu bəyin evi kimiydi. Bir xeyli gəldilər, getdilər, dam-daşı axtardılar, tapmadılar. Başıpapaqlı nə vardısa, gülləboran olundu – otuz ikidə.

Kimi dağa-daşa çəkildi, kimi it-bat oldu, kimi irana-turana qaçdı. Ay fələk, hara gedirsiz, elə burdaca ölun-qalın, olmazdımı? Qırxca gün Umudun gəlini oldum ( babandan qabaq Səftərdən qalan iki yetimimə Umud yeyə durmuşdu…yazıq Umud).

Dam evinin içində – xalça-palazın arasında gizlətdik ki, hökumət Umudu tapmasın: yazıq Umud, qorxağıydı, tez də razılaşdı, girdi paltar-palazın arasına.

Niyə razılaşırsan a bədbaxt? Elə ordaca tapdılar, qana bulaşdırıb tələf elədilər: kim satmışdı, hansı nanəcib… baban da bizim mehtəriydi… Umudun yerini baban bilirdi, mən bilirdim, bir də Umudun bacısı…

- …???!!!…

***
- …Umudun damevinin üstündə bu bayatını deyirdim:

Taxılm viran oldu,
Biçmədim viran oldu,
Fələk bir iş işlətdi,
Nökərim ağam oldu.
-…)))
- Özüm qoşmuşam…
- …)))

Bakı, 2006

Kultaz.com
XS
SM
MD
LG