Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 07:44

Qarabağın siyasi dialoq mövzusu olması niyə baş tutmur?


Məcburi köçkünlər arasında yaxşı tanınan Kərim Kərimli deyir ki, Qarabağın siyasi dialoq mövzusu olmasını çoxdandı gözləyir.

Onun sözlərinə görə, indi liderlərin hansısa həll variantları barədə danışdığı vaxt buna daha çox ehtiyac var.

Azərbaycanda hökumətlə müxalifət Qarabağ məsələsində də bir-birini dinləməyə meylli deyil. Ekspertlər deyir ki, münaqişənin həlli ilə bağlı baxışlarda uçurum olmasa da ritorika kəskin fərqlənir.

Zahid Oruc
Nə sülh, nə də hərb vəziyyətinin davam etdiyi bu şəraitdə tərəflər hələ də bir masa arxasında problemdən danışa bilmirlər.

QARABAĞ MƏSƏLƏSİ HAKİMİYYƏT UĞRUNDA MÜBARİZƏDƏ MÜHÜM BİR VASİTƏ OLUB


İqtidar yönlü Ana Vətən Partiyasının (AVP) sədr müavini, deputat Zahid Oruc deyir ki, Qarabağ məsələsi keçmiş dönəmdə daha çox hakimiyyət uğrunda mübarizədə mühüm bir vasitə olub. Və hər dəfə də vətənpərvərlik, hərbi ritorika, özünü xüsusi bir qiyafədə təqdim etməyə geniş imkanlar verib. Ona görə də bu məsələdə böyük alyanslar formalaşdırmaq mümkün olmayıb:

«Məncə, hakimiyyət bu məsələdə xalqla birlikdə özündə daha böyük gücü ifadə etdiyinə görə müxalif düşüncənin burada əsaslı rol oynamayacağını nəzərə alır. Onsuz da o mövqelərin böyük bir hissəsi mediaya çıxır. Yəni müxalifətin indiyə qədər Azərbaycan insanını Qarabağa çatdıracaq hansısa modellərini, mexanizmlərini mən görməmişəm».

Zahid Oruc deyir ki, vaxtı çatanda Qarabağ məsələsi üzrə cəmiyyətlə və onun siyasi hissəsi ilə ən müxtəlif formalarda məsləhətləşmələr olacaq. 2001-ci ildə olduğu kimi.

Mirmahmud Mirəlioğlu
Müxalifət isə hesab edir ki, elə indi də pis vaxt deyil. Fevralın 15-də müxalif Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən Qarabağ forumuna iqtidar nümayəndələri gəlməmişdi. KXCP sədri Mirmahmud Mirəlioğlu:

KOÇARYANLA, SARKİSYANLA BU MƏSƏLƏNİ MÜZAKİRƏ EDİRLƏR, AMMA AZƏRBAYCANLILARLA EDƏ BİLMİRLƏR


«Biz mütəmadi toplaşırıq. Hakimiyyət nümayəndələrini də dəvət edirik. XİN, Prezident Adminstrasiyasını, YAP-ı, Milli Məclis rəhbərliyini və sair. Amma onlar da hər dəfə bu məsələyə bir az etinasız yanaşırlar. Koçaryanla, Sarkisyanla bu məsələni müzakirə edirlər, amma azərbaycanlılarla edə bilmirlər. Məncə, gücsüzlüklərinə görə, problemin həlli yollarını tapa bilməyəcəklərinə görə müzakirəyə qatılmırlar».

Bir neçə il əvvəl «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov və Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov münaqişənin həllinə dair «Qarabağ Xartiyası» adlı sənəd hazırlamışdılar. Eldar Namazov deyir ki, o vaxt həmin sənədə 600-dən çox təşkilat imza atdı.
Eldar Namazov
Amma hakimiyyət sənədi imzalamadı.

«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, əslində hakimiyyətin imzalamadığı «Qarabağ Xartiyası» faktiki olaraq bütün tərəflərin istəyini ifadə edirdi. Və bu sənəd danışıqlar prosesində, problemə dair görüşlərdə hakimiyyətin özünün də işinə yaraya bilərldi. Onun fikrincə, Madrid prinsipləri Azərbaycanın mənafeyinə uyğun deyil. Ona görə məsələnin birlikdə müzakirəsinə indi daha çox ehtiyac var:

«Hökumətin işinə də yarayar. Beynəlxalq aləmə də göstərilər ki, Azərbaycan cəmiyyəti tutaq ki, Madrid prinsiplərinin hansı bəndlərinə etiraz edir. Amma görünür ki, iqtidar-müxalifət dialoqunun olmaması bu məsələnin müzakirəsinə də əngəl yaradır».

Elxan Şahinoğlu
Politoloq Eldar Namazovun dialoq barədəki fikirləri isə özündən əvvəlki şərhçilərinkindən bir qədər fərqlənir. O hesab edir ki, hazırda iqtidar ölkədə müxalifətin olmadığını iddia edir. Belə olan halda hakimiyyətin Qarabağ məsələsini müxalifətlə müzakirə etməsi mümkün deyil. Çünki ölkədə müxalifətin mövcudluğunu etiraf etmiş olar.

Hər halda Qarabağ məsələsinin necə həll olunması ilə bağlı siyasətçilər eyni sözləri deyir. Müharibə etməyə heç kim tələsmir, deyir, status ərazi bütövlüyü çərçivəsində olmalıdır. Məcburi köçkün Kərim Kərimli də yeni bir şey eşitməyəcəyini düşünür. Amma deyir ki, dialoq vacibdir. Ən azı haradan gəlib, hara getdiyimizə bir daha nəzər salmaq üçün.
XS
SM
MD
LG